10 iyun 2006
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov ölkəmizdə səfərdə olan Litva Respublikasının Dövlət Təhlükəsizlik Departamenti Baş katibinin müavini Darius Jurqeleviçius ilə görüşmüşdür.
Nazir Eldar Mahmudov qonağı səmimi salamlayaraq, Litva Respublikası xüsusi xidmət orqanının nümayəndəsi ilə Azərbaycanda ilk görüşü ölkələrimizin müvafiq strukturları arasında əməkdaşlığın qurulması istiqamətində atılan addım kimi qiymətləndirmişdir.
Görüşdə tərəflərin transmilli mütəşəkkil cinayətkarlıq, hazırda ən aktual problem olan terrorçuluqla mübarizə sahəsində gördükləri işlər, miqrasiya prosesləri, bundan irəli gələn məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, Litva və Azərbaycanın xüsusi xidmət orqanları arasında işgüzar və səmərəli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur.
Nazir Eldar Mahmudov ölkəmizdəki əməliyyat şəraiti və ona təsir göstərən amillər, beynəlxalq terrorçuluqla mübarizə sahəsində, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbaycanın həyata keçirdiyi tədbirlər haqqında qonağa ətraflı məlumat vermişdir.
Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Darius Jurqeleviçius ölkələrimizin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələrin nəticələrindən razı qaldığını qeyd etmişdir. Qonaq Litva Respublikasının Azərbaycan ilə xüsusi münasibətlərin qurulmasına önəm verdiyini, ölkəmizin milli təhlükəsizlik orqanlarının transmilli cinayətkarlığın müxtəlif təzahürləri, xüsusən terrorçuluqla mübarizə sahəsində qazandığı təcrübədən faydalanmaq niyyətində olduqlarını açıqlamışdır.
Görüşdə təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasının və bu yönümdə ilkin olaraq ekspertlər səviyyəsində görüşlərin təşkilinin vacibliyi qeyd edilmişdir.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.
|