11 iyul 2005
“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun odlu silahdan qətlə yetirilməsi ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin icraatında olan cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xüsusi yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən işin bütün hallarının araşdırılması, irəli sürülən fərziyyələrin yoxlanılması, zəruri ekspertizaların təyin olunması üçün intensiv tədbirlər görülür. Aşkar olunan faktlar və keçirilən ekspertizaların, o cümlədən müvafiq mötəbər xarici qurumların rəyləri istintaq-əməliyyat araşdırmaları üzrə ilkin nəticələrin düzgünlüyünü göstərmiş, əldə olunmuş dəlilləri möhkəmləndirmişdir. Belə ki, əvvəllər məlumat verildiyi kimi, hadisə yerinə yaxın ərazidə tapılmış toxunma papaqla bağlı məhkəmə-bioloji ekspertizası təyin edilərək müayinə üçün 2005-ci il martın 8-də ABŞ Federal Təhqiqatlar Bürosuna təqdim olunmuşdur. Aparılan tədqiqatın nəticələrinə dair 2005-ci il mayın 30-da daxil olmuş ilkin məlumatlara əsasən, papağın üzərində qafqazlı şəxsə məxsus saç tükləri, habelə müxtəlif növ və rəngli tekstil saplar tapılmışdır. Həmin gün istintaq qrupu tərəfindən Gürcüstan vətəndaşları Tahir Xubanovun və Teymuraz Əliyevin kirayə yaşadıqları mənzildən aşkar olunmuş yastıq üzlükləri və onların üzərindən müəyyən edilərək götürülmüş liflər də papağın üzərində aşkar edilmiş maddi sübutlarla müqayisəli tədqiqat aparılması üçün Federal Təhqiqatlar Bürosuna verilmişdir.
Bu günlərdə həmin ekspert tədqiqatı ilə bağlı növbəti hesabat istintaqa təqdim olunmuşdur. Müəyyən edilmişdir ki, papaqda tapılmış çəhrayı, mavi-qızılı və yaşıl-boz rəngli akril saplar yastıq üzlüklərindən birinin üzərindən tapılmış həmin rəngli sintetik saplarla eyni mikroskopik xarakteristikaya, optik əlamətlərə malikdirlər və bu saplar bir mənbədəndirlər.
Beləliklə, bu cür əhəmiyyətli dəlillər Elmar Hüseynovun qətlinin məhz istintaqla müəyyən edilmiş və barələrində axtarış elan olunmuş şəxslərin iştirakı ilə törədilməsi haqqında istintaqın gəldiyi qənaətin doğruluğunu bir daha təsdiqləyir.
Hazırda qətli törədən şəxslərin tutulması, cinayətin bütün iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində lazımi istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
İstintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.-
|