13 iyun 2005
Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində “Azad Azərbaycan” müstəqil teleradio şirkətinin prezidenti Tağı İbrahimovun və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi Bəhram Şükürovun şəxsi avtomaşınlarının partladılmasına cəhd göstərilməsində təqsirli bilinən Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Nəhmədov Əlimurad Rəhim oğlu və Rusiya Federasiyasının vətəndaşı, 1968-ci il təvəllüdlü, milliyyətcə çeçen olan Əli Salaudiyeviç Saqiyev saxlanılmışlar.
1988-ci ildə Rusiya Federasiyasının Yaroslavl Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra, bir müddət həmin şəhərdə vəkillik fəaliyyəti ilə məşğul olan, 2003-2004-cü illərdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Bakı ofisində hüquqşünas kimi çalışmış, hazırda “Advokat” Məhdud Məsuliyyətli Cəmiyyətində vəkil işləyən Əlimurad Nəhmədov saxlanıldıqdan sonra ərizə ilə Milli Təhlükəsizlik Nazirliyinə müraciət edərək, Bakı şəhərində ictimai-siyasi sabitliyi pozmaq məqsədi ilə partlayış aksiyalarını keçirmək cəhdləri barədə təfsilatı ilə məlumat vermişdir.
Əlimurad Nəhmədov partlayış hazırlanması faktını təsdiqləmiş və bu aksiyaların sifarişçilərinin Müsavat Partiyasının rəhbərliyinə yaxın olan Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü, əvvəllər Azərbaycan Respublikasının daxili işlər və hərbi prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş, 1994-cü ildən ehtiyatda olan polkovnik-leytenant Orucov Pirəli Məhərrəm oğlu və 1958-ci il təvəllüdlü, Moskva şəhərində iş adamı kimi fəaliyyət göstərən Quliyev Rzabala Bəydi oğlu olduğunu bildirmişdir.
Məlum olmuşdur ki, Pirəli Orucov bu aksiyaların törədilmə planının təfərrüatlarının müzakirəsi üçün müxalifət rəhbərliyinə yaxın şəxslər arasında öz radikallığı ilə seçildiyinə görə “Diversant” ləqəbi ilə tanınan Əlimurad Nəhmədovu Rzabala Quliyevlə tanış etmiş və onlar cinayət əlaqəsinə girmişlər. Onlar partlayışların törədilməsi üçün Əlimurad Nəhmədova külli miqdarda pul vəd etmiş, həmçinin öz aralarında telefon vasitəsilə əlaqə saxlanılmamasını və məsələnin detallarının yalnız şəxsi görüşlərdə müzakirə edilməsini qərara almışlar.
Adları çəkilən şəxslər son dövrlər “ATV” telekanalı ilə bağlı Apellyasiya Məhkəməsində keçirilən proseslərdə qəbul edilmiş qərarlardan guya bu telekanalın rəhbərliyinin narazı olması və bu durumun artıq hüquqi çərçivədən çıxaraq getdikcə kəskinləşməsi, ölkədə qanunların işləməməsi, daxili qarşıdurmanın mövcudluğu, müəyyən qurumlar, yaxud insanlar arasında yaranmış çəkişmələrin terror yolu ilə həll edilməsi barədə cəmiyyətdə yanlış fikirlər formalaşdırmaq, bundan sui-istifadə edərək əhalini müxalifətin mitinqlərinə cəlb etmək məqsədi ilə əvvəlcə həmin məhkəmənin hakimi Bəhram Şükürovun, bundan bir neçə gün sonra isə “ATV” müstəqil teleradio şirkətinin prezidenti Tağı İbrahimovun avtomaşınlarının partladılması niyyətində olmuşlar. Eyni zamanda, bu partlayışların dövlət başçısının xarici səfərləri və müxalifətin etiraz mitinqləri ərəfəsində törədilməsi də münasib bilinmişdir.
Əvvəlcədən hazırlanmış plana uyğun olaraq, avtomaşınların patladılmasının həyata keçirilməsi üçün Əlimurad Nəhmədov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında işləyərkən Bakıda müvəqqəti məskunlaşmış çeçen milliyyətindən olan şəxslərin təqdim etdikləri anket məlumatları ilə tanış olmaq imkanlarından istifadə edib onların arasından həmin aksiyaları törədə biləcək şəxsi müəyyənləşdirmişdir. Belə ki, o, “qaçqın” statusunun verilməsində yaxından köməklik göstərməklə etibarını qazandığı, tanınmamış Çeçenistan-İçkeriya Respublikasının xüsusi xidmət orqanlarının zabiti olmuş, təxribatçılıq üzrə təlim keçmiş, Şimali Qafqazdakı məlum hadisələrlə əlaqədar Bakıda sığınacaq tapan Əli Saqiyevlə cinayət əlaqəsinə girmiş, Bakıda ictimai-siyasi sabitliyi pozmaq, əhali arasında vahimə və çaxnaşma yaratmaq üçün bir neçə terror aksiyalarının törədilməsi barədə onunla danışıqlar aparmış və maddi maraq müqabilində razılığa gəlmişdir.
Böyük Vətən Müharibəsində Qələbənin 60 illiyi münasibətilə keçirilən tədbirlərlə əlaqədar dövlət başçısının Moskvaya səfəri zamanı həmin partlayışların törədilməsi planlaşdırılsa da, lazımi hazırlıq işləri başa çatdırılmadığından bu niyyət baş tutmamışdır.
Sonradan Əlimurad Nəhmədov mobil telefon vasitəsilə işə düşəcək partlayıcı qurğunun hazırlanması məqsədi ilə lazımi komponentlərin alınması üçün Əli Saqiyevə 400 min manat məbləğində pul və 1 ədəd CİN kart nömrəsi vermişdir. O, habelə Əli Saqiyevə partlayıcı qurğunun müxalifətin Bakı şəhərində planlaşdırdığı 4 iyun mitinqinədək hazırlanmasını tapşıraraq, hakim Bəhram Şükürovun özünü və avtomaşınını da ona göstərmişdir. Əli Saqiyev hazırladığı partlayıcı qurğunu 2005-ci il iyunun 1-dən 2-nə keçən gecə həmin maşına yerləşdirdikdən sonra, bu barədə Əlimurad Nəhmədova xəbər vermişdir. O isə törədiləcək aksiyanı daha güclü əks-səda doğurması üçün səhərədək gözləmiş, ertəsi gün saat 10.00 radələrində Apellyasiya Məhkəməsinin qarşısına gələrək, Bəhram Şükürovun maşınının həqiqətən orada saxlanıldığına əmin olmuşdur. Bundan sonra o, piyada metronun “Elmlər Akademiyası” stansiyasının qarşısına gəlib, burada pullu rabitə xidməti göstərən şəxsin mobil telefonu vasitəsilə həmin avtomaşına yerləşdirilmiş partlayıcı qurğuya siqnal ötürmüşdür. Lakin onun iradəsindən asılı olmayan səbəblərdən partlayış baş tutmamışdır. Bütün bu qeyd olunanları Əli Saqiyev istintaqın gedişində tam etiraf etmişdir.
Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 29-cu,186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanılmışdır. İşin bütün hallarının araşdırılması və cinayətin digər iştirakçılarının məsuliyyətə cəlb olunması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
|