az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATLARI
13 sentyabr 2004

Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi və inkişafı, əsası xalqımızin Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş demokratik-hüquqi dövlət quruculuğu sahəsində aparılan geniş islahatlar kursunun mühüm tərkib hissəsini təşkil edir.

Cəmiyyətimizin inkişafı və dünya birliyinə inteqrasiya olunmasında təhsil və tədris işinin müasir norma və standartlara uyğun qurulması Azərbaycanın yüksək intellektual potensiala malik ölkə kimi beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayır.

Bu baxımdan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə qədəm qoyduğumuz dövlət quruculuğunun növbəti, yeniləşmə və müasirləşmə mərhələsində mütərəqqi və yaradıcılıq təfəkkürünə malik nəslin yetişdirilməsinə, onun fiziki və mənəvi tərbiyəsinə hərtərəfli qayğı göstərilir.

Həmin məsələnin düzgün və səmərəli həlli istiqamətində təhsil sisteminin daha da inkişaf etdirilməsi, ali məktəblərə qəbul zamanı ədalətlilik və obyektivlik prinsiplərinə riayət olunması daim ölkə rəhbərinin diqqət mərkəzində saxlanılır.

2004-cü ildə ali məktəblərə qəbul imtahanlarının nəticələrinin qeyri-obyektivliyi haqqında yaranmış geniş ictimai rəy, imtahanlar zamanı yol verilmiş qanun pozuntuları barədə çoxsaylı şikayətlər və müraciətlər dövlət başçısının ciddi narahatlığına səbəb olmuş, məsələnin aydınlaşdırılması Milli Təhlükəsizlik Nazirliyinə tapşırılmışdır.

Müvafiq araşdırmalar və yoxlamalar aparıldıqdan sonra qəbul imtahanlarının gedişində qanunsuzluqlara yol verilməsi barədə məlumatlar təsdiqlənmişdir. Aşkar olunmuş faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

İlkin əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyənləşdirilmişdir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşı Taleh Məmmədov komissiya binasının mühafizəsinə cəlb olunmuş Nəsimi rayon Mühafizə İdarəsinin polis nəfərləri Şahin Vəliyev və Mehdi İsmayılovla cinayət əlaqəsinə girərək suallar çap olunmuş vərəqləri imtahandan əvvəl bunkerdən xəlvət çıxarıb satmaq barədə razılığa gəlmişlər.

Bu məqsədlə Taleh Məmmədov tanışı, Azərbaycan Texniki Universitetinin laboratoriya müdiri Əhmədxan Şalbuzov vasitəsi ilə Sumqayıt Dövlət Universitetində kafedra müdiri işləyən Aydın Cəfərovla cinayət əlaqəsi yaratmışdır. Aydın Cəfərov III qrup üzrə imtahanların başlanmasından iki gün əvvəl, yəni 2004-cü il iyul ayının 26-da imtahan suallarının ona çatdırılması üçün Taleh Məmmədova qabaqcadan 200 min ABŞ dolları məbləgində pul vermişdir.

İyul ayının 27-dən 28-ə keçən gecə Taleh Məmmədov imtahan sualları çap olunmuş vərəqləri xüsusi qaydada bükərək, izləyici videokameradan yayınmaqla, hələ cari ilin əvvəlində komissiyanın yerləşdiyi binanın 4-cü mərtəbəsindəki pəncərənin çərçivəsində açdığı gizli dəlikdən həyətə, onu gözləyən polis əməkdaşlarına atmışdır. Polis əməkdaşları isə əvvəlcədən razılaşdırılmış plana əsasən imtahan suallarını bir qədər kənarda gözləyən Taleh Məmmədovun tanışı Vüqar Hasilov vasitəsi ilə Aydın Cəfərova və Əhmədxan Şalbuzova ötürmüşlər.

Aydın Cəfərov suallar əsasında kiçik ölçülü cavab variantlarını hazırlayıb çoxaltmış və səhər onları imtahandan qabaq abituriyentlərə və valideynlərə paylamışdır.

Taleh Məmmədov Aydın Cəfərovdan aldığı 200 min ABŞ dollarının 53 min 300-nü polis əməkdaşları Şahin Vəliyevə və Mehdi İsmayılova, 11 minini vasitəcilik etmiş Əhmədxan Şalbuzova və 10 minini Vüqar Hasilova vermiş, qalan 125 min 700 dolları isə özünə götürmüşdür.

İmtahanlardan sonra aparılan texniki təhlillər nəticəsində abituriyentlərdən bir hissəsinin hazır standart cavablardan istifadə etdikləri müəyyənləşdirilmiş və nəticələr ləgv olunmuşdur.

Taleh Məmmədov, Aydın Cəfərov, Əhmədxan Şalbuzov, Şahin Vəliyev, Mehdi İsmayılov və Vüqar Hasilovun cinayətkar fəaliyyətləri istintaqla sübuta yetirilmişdir. Pulun bir hissəsi istintaqa təqdim olunmuş, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüşdür. Yuxarıda adları sadalanan təqsirkar şəxslər haqqında həbs qətimkan tədbiri seçilmişdir.

Cinayətin digər iştirakçılarının müəyyənləşdirilib məsuliyyətə cəlb olunması üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir. Nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.   

İctimaiyyətimiz əmin ola bilər ki, ölkənin tərəqqisi və cəmiyyətin inkişafı prosesinə mane olan neqativ təzahürlərin vaxtında qarşısının alınması və aradan qaldırılması işi bundan sonra da qətiyyətlə davam etdiriləcək, insan və vətəndaş hüquqlarının, dövlətin maraq və mənafelərinin etibarlı qorunması təmin olunacaqdır

xəbər arxivi