13 sentyabr 2005
Sentyabrın 13-də Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin icraçı direktorunun müavini xanım Sumru Noyan ilə görüşmüşdür.
Nazir Eldar Mahmudov ölkəmizdə təhlükəsizliyin təmin olunması, sabitliyin qorunması, cinayətkarlıqla, onun təhlükəli formaları və təzahürləri ilə mübarizə sahəsində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən görülən məqsədyönlü tədbirlərlə bağlı ətraflı məlumat verdi, nazirlikdə müvafiq struktur islahatları aparıldığını, bunun qısa müddətdə öz müsbət nəticələrini verdiyini açıqladı.
Cari ilin ötən səkkiz ayı ərzində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 100 kiloqramdan artıq narkotik vasitələrin aşkar edildiyini, bunun ötən ilin eyni dövrü ilə müqayisədə dörd dəfə artıq olduğunu diqqətə çatdıran nazir, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində narkotik vasitələrin kultivasiyası və satışı şəbəkəsinin mövcudluğu barədə Nazirlikdə əsaslı fakt və sübutların olduğunu, bu ərazilərin beynəlxalq narkotranzitin əsas marşrutlarından birinə çevrildiyini və həmin məlumatların beynəlxalq təşkilatlara təqdim edildiyini, eyni səbəbdən həm də ölkəmizin İranla 132 kilometr sərhəd zolağının mühafizədən kənar qaldığını bildirərək, bu vəziyyətə BMT səviyyəsində müdaxilənin zəruriliyini vurğuladı.
Nazir Eldar Mahmudov respublikamızın iqtisadi cəhətdən sürətlə inkişaf etdiyini, Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərlərinin, eləcə də TRASEKA layihəsinin reallaşmasının Azərbaycanı transmilli cinayətkarların da diqqət mərkəzinə çevirdiyini, qanunsuz miqrasiyanın artmasına şərait yaratdığını söyləyərək, belə hallara qarşı mübarizədə beynəlxalq təşkilatlar və region dövlətləri ilə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd etdi.
Səmimi və mehriban qarşılandığına, ətraflı məlumata görə təşəkkürünü çatdıran xanım Sumru Noyan BMT-nin bütün dünyada transmilli cinayətkarlığa qarşı aparılan mübarizəyə böyük əhəmiyyət verdiyini bildirdi, son vaxtlar Azərbaycanda narkomaniyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndiyini, bu sahədə təsirli tədbirlərin həyata keçirildiyini müsbət qiymətləndirdi. Xanım Sumru Noyan BMT-nin Yaxın və Orta Şərqdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və əlaqəli məsələlər üzrə yardımçı komissiyasının 40-cı sessiyasının da hazırda məhz Bakıda keçirilməsinin bunun əyani təzahür olduğunu, BMT ilə Azərbaycanın hüquq mühafizə orqanları arasında əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əminliyini xüsusi qeyd etdi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparıldı.
|