az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATLARI
14 aprel 2008

Çərçivə sazişi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş azərbaycanlılar haqqında məlumatların əldə edilməsində yeni mərhələ olacaqdır

Aprelin 14-də “Hyatt Regensy-Naxçıvan” mehmanxanasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının geniş tərkibdə iclası və Dövlət Komissiyası ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişinin imzalanması mərasimi keçirilmişdir.

Sazişin əsas məqsədi itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinə yardımçı olmaqdır. Bununla yanaşı, itkin düşmüşlərin ailələrinin həm fərdi, həm də kollektiv şəkildə reabilitasiyası, yəni onlara mənəvi-psixoloji dəstək göstərilməsi də nəzərdə tutulur. Layihə çərçivəsində toplanılacaq məlumatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşmüş şəxslər üzrə gələcəkdə zərurət yarandıqda eksqumasiya və identifikasiya prosesləri zamanı əldə ediləcək məlumatlarla tutuşdurulacaq və şəxsiyyətin müəyyənləşdirilməsi üzrə istifadə olunacaqdır.
Mərasimi giriş sözü ilə Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Eldar Mahmudov açmışdır.

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov tədbir iştirakçılarını salamlayaraq, ölkəmizin beynəlxalq hüquq normalarına və bundan irəli gələn əməkdaşlıq prinsiplərinə daim önəm verdiyini, Ermənistanın Azərbaycana təcavüzünün qurbanı olmuş insanların taleyinin aydınlaşdırılması işinin dövlət başçısının həmişə diqqət mərkəzində olduğunu bildirmişdir.

Dövlət Komissiyasının sədri Eldar Mahmudov geniş məruzə ilə çıxış edərək Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığa, humanitar problemin nəticələrinin aradan qaldırılması işinə ciddi diqqət yetirdiyini bildirmişdir. Komissiyanın sədri insan hüqüq və azadlıqlarının təminatına Azərbaycan Respublikasında xüsusi diqqət yetirildiyini, dövlətimizin insan hüquqları və humanitar hüquqla bağlı beynəlxalq sənədlərə qoşulduğunu, milli qanunvericiliyin həmin sənədlərə uyğunlaşdırıldığını qeyd etmişdir.


Eldar Mahmudov Ermənistanın Azərbaycana təcavüzü nəticəsində beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğunu, Azərbaycan ərazilərinin işğal edildiyini, soyqırımı, vandalizm və terror-təxribat aktlarının törədildiyini bildirmiş, ən ağır problemlərdən birinin isə itkinlər məsələsi olduğunu diqqətə çatdırmışdır. Komissiya sədri bu baxımdan imzalanan çərçivə sazişinin böyük əhəmiyyət daşıdığını vurğulamış, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün yeni imkanlar yaradacağına ümidvar olduğunu bildirmişdir.

Azərbaycan Respublikasının BMT və dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünün təmin olunmasının zəruriliyini qeyd edən Komissiya sədri, ölkəmizdə həyata keçirilən demokratik-hüquqi dövlət quruculuğu, məqsədyönlü sosial-iqtisadi və xarici syasət, yaradılmış vətəndaş həmrəyliyi və siyasi sabitlik nəticəsində respublikamızın bölgədə və dünyada böyük nüfuz qazandığını vurğulamışdır.

Tədbirdə çıxış edən Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Martin Amaşer keçirilən tədbirin əhəmiyyətini, Azərbaycanın öz öhdəliklərinə sadiqliyini xüsusi qeyd etmiş, birgə əməkdaşlığın hazırkı vəziyyətindən razılığını və həmçinin müsbət nəticələrə əminliyini bildirmişdir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruzəli Aslanov isə çərçivə sazişinin əhəmiyyətindən, rəhbərlik etdiyi qurumun üzərinə düşən vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün bütün qüvvə və imkanların səfərbər olunacağından danışmışdır.

Tədbirdə, həmçinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının son iclasından ötən müddət ərzində fəaliyyəti ilə bağlı hesabat dinlənilmişdir. Hesabat məruzəsini təqdim edən Komissiya katibi Şahin Sayılov hazırda Dövlət Komissiyasında və Beynəlxalq Qırmızı Xaç Komitəsində olan mövcud siyahılarda dəqiqləşmə işinə ciddi diqqət yetirildiyini, itkin düşmüş şəxs kimi qeydiyyatda olan 231 nəfərin taleyinə aydınlıq gətirildiyini, 18 nəfərin isə itkin düşməsi faktının aşkarlanaraq qeydiyyata götürüldüyünü, barələrində zəruri işlərin aparıldığını bildirmişdir. Komissiya katibi hazırda 4360 Azərbaycan vətəndaşının itkin düşmüş şəxs kimi qeydiyyata alındığını, onlardan 783 nəfərinin Ermənistan hərbçiləri tərəfindən əsir və girov götürülməsi barədə şahid ifadələri olduğunu diqqətə çatdırmış, eyni zamanda, son illər aparılmış araşdırmalar nəticəsində 97 vətəndaşımızın da hərbi əməliyyatlar zamanı işğal edilmiş ərazilərdə sağ olaraq qaldığının təsdiq edildiyini söyləmişdir. Komissiya katibi çərçivə sazişi üzərində aparılmış gərgin iş və sazişin məqsədi barədə də ətraflı məlumat vermiş, Dövlət Komissiyası sədrinin göstərişinə əsasən, hələ 2004-cü ilin sonundan başlayaraq bu sahədə müvafiq iş aparıldığını, indi isə fəaliyyətin əməkdaşlıq çərçivəsində daha məqsədyönlü və geniş məzmun alacağını vurğulamışdır.
Mərasimdə, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkə səfirliklərinin və beynəlxalq təşkilatların rəhbərləri, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Sonda Dövlət Komissiyası tərəfindən hazırlanmış “Erməni terroru” adlı sənədli film nümayiş etdirilmişdir. Tədbir sazişin imzalanma mərasimi ilə başa çatmışdır.

xəbər arxivi