14 sentyabr 2006
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 11-dən 13-dək Türkiyə Respublikasının İstanbul şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Rəhbərləri Konfransının 9-cu iclasında iştirak etmişdir.
Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanın xüsusi xidmət orqanlarının rəhbərlərinin qatıldığı tədbirdə, Rusiya Federasiyasının və Ukraynanın müvafiq qurumlarının yüksək vəzifəli nümayəndələri də müşahidəçi qismində iştirak etmişlər. Transmilli mütəşəkkil cinayətkarlıq, onun müxtəlif təzahürləri, xüsusilə də getdikcə daha geniş miqyas və təhlükəli xarakter almaqda olan beynəlxalq terrorçuluqla mübarizə sahəsində əməkdaşlığın yeni reallıqlara uyğun təkmilləşdirilməsi və inkişafı iclasda müzakirə edilən əsas məsələ olmuşdur.
İclasda Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Eldar Mahmudov "Beynəlxalq nəqliyyat dəhlizləri və transmilli enerji şəbəkələrinin təhlükəsizliyinin təmin olunması" mövzusunda çıxış etmiş, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlara və beynəlxalq əhəmiyyətli layihələrə mümkün təhdidlərin, habelə respublikanın iqtisadi, o cümlədən neft infrastrukturuna terrorçuların nüfuz etməsinin qabaqlanması, aşkarlanması və qarşısının alınmasının bu sahədə nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu bildirmişdir.
Nazir Eldar Mahmudov beynəlxalq nəqliyyat dəhlizləri və transmilli enerji şəbəkələrinin təhlükəsizliyinin təmin olunması işində diqqət yetirilməsi vacib olan əsas amillərdən danışmış, konfransın iştirakçısı olan dövlətlərin xüsusi xidmət orqanları arasında əməkdaşlığın səmərəliliyinin artırılması yollarına toxunmuşdur. Bu baxımdam, Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Mahmudov separatçı rejim və hərəkatların, "nəzarətsiz ərazilərin" və "qaynar nöqtələrin" mövcudluğunun təkcə müvafiq ölkələrin iqtisadi-siyasi vəziyyətinə deyil, həm də bütövlükdə beynəlxalq enerji və nəqliyyat təhlükəsizliyinə də ciddi mənfi təsir göstərdiyini xüsusi vurğulamışdır.
Azərbaycan nümayəndə heyəti rəhbərinin çıxışı iclasın iştirakçıları tərəfindən maraqla qarşılanmış, toxunulan məsələlər ətrafında geniş müzakirələr aparılmışdır. Nazir Eldar Mahmudov tədbir çərçivəsində həmkarları ilə ikitərəfli görüşlər də keçirmişdir.
|