14 noyabr 2006
Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun dəvəti ilə Litva Respublikasının Dövlət Təhlükəsizlik Departamentinin baş direktoru Arvidas Potsyusun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 14-də ölkəmizə rəsmi səfərə gəlmişdir.
Həmin gün litvalı qonaqlar, nazir Eldar Mahmudov və nazirliyin bir qrup əməkdaşı Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini anmış, məzarı önünə əklil qoymuşlar. Sonra Şəhidlər xiyabanında olan qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları üstünə gül-çiçək düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.
Daha sonra nümayəndə heyəti ilə nazirlikdə görüş keçirilmişdir. Nazir Eldar Mahmudov bu səviyyədə ilk görüşü ölkələrimizin müvafiq strukturları arasında əməkdaşlığın qurulması istiqamətində atılan önəmli addım olduğunu vurğulamışdır.
Nazir ölkəmizdəki əməliyyat şəraiti və ona təsir göstərən amillər, beynəlxalq terrorçuluqla mübarizə sahəsində, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbaycanın həyata keçirdiyi tədbirlər barədə qonağa ətraflı məlumat vermişdir.Görüşdə regional təhlükəsizlik, transmilli mütəşəkkil cinayətkarlıq, xüsusən də terrorçuluqla mübarizə sahəsində görülən işlər, qanunsuz miqrasiya, narkotrafik və bundan irəli gələn məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, Litva və Azərbaycanın xüsusi xidmət orqanları arasında işgüzar və səmərəli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur.
Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən baş direktor Arvidas Potsyus aparılan müzakirələrin nəticələrindən razı qaldığını vurğulamış, ölkəmizin transmilli cinayətkarlığın müxtəlif təzahürləri, xüsusən terrorçuluqla mübarizə sahəsində qazandığı təcrübə ilə yaxından tanış olmaq niyyətini açıqlamışdır.
Görüşdə təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin və bu yöndə ekspertlər səviyyəsində məsləhətləşmələrin aparılmasının vacibliyi qeyd edilmişdir.
|