az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATLARI
15 iyul 2005

Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov iyulun 14-də növbəti dəfə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Gün-səhər” qəzetinin baş redaktoru Arif Əliyev və “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev ilə görüşmüşdür.
 
Əvvəllər bildirildiyi kimi, tanınmış jurnalist, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun odlu silahla qətlə yetirilməsi faktı ilə bağlı dərhal ixtisaslı istintaq-əməliyyat qrupu yaradılmış və cinayətin tezliklə açılması, onu törədənlərin ifşa olunması üzrə zəruri tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Bu ağır hadisənin cəmiyyətdə geniş əks-səda doğurmasını nəzərə alaraq, nazirlik istintaqın gedişi və cinayətin açılması üzrə görülən işlər barədə mütəmadi olaraq ictimaiyyətin məlumatlandırılmasını vacib saymışdır.

Belə ki, indiyədək 4 rəsmi məlumat yayılmış, 2005-ci il mayın 20-də Azərbaycan Mətbuat Şurası ilə vaxtaşırı görüşlərin təşkil olunması barədə gəlinmiş razılığa əsasən artıq 2 belə görüş keçirilmişdir.

İyulun 14-də keçirilən görüşdə nazir Eldar Mahmudov həmin ağır cinayət hadisəsini törədən şəxslərin tez bir zamanda tutulması və məsuliyyətə cəlb edilməsi üçün həyata keçirilən istintaq hərəkətləri və əməliyyat axtarış-tədbirləri barədə şuranın üzvlərinə lazımi məlumat vermişdir. Nazir bildirmişdir ki, istintaq qrupu tərəfindən 450-dən çox şəxs dindirilmiş, 127-dən artıq baxış, axtarış və götürmələr həyata keçirilmiş, 17 ekspertiza təyin olunmuş və digər istintaq-əməliyyat tədbirləri görülmüşdür. Milli təhlükəsizlik naziri istintaq qrupunun ABŞ-ın Federal Təhqiqatlar Bürosu ilə sıx əməkdaşlıq etdiyini, maddi sübutlar üzrə bu qurum tərəfindən keçirilən ekspertizaların rəylərinin istintaq-əməliyyat araşdırmaları üzrə ilkin nəticələrin düzgünlüyünü göstərdiyini, əldə olunmuş dəlilləri möhkəmləndirdiyini bildirmişdir. Nazir, habelə cinayətdə şübhəli bilinən şəxslər barəsində İnterpolun xətti ilə 182 ölkədə “qırmızı xətt”lə axtarış aparıldığını da söyləmişdir.

Eldar Mahmudov, eyni zamanda, cəmiyyətdə geniş əks-səda doğurmuş bu cinayət hadisəsindən siyasi dividentlər qazanmaq istəyən müəyyən qüvvələr və ucuz sensassiya axtaran bəzi mətbuat nümayəndələri tərəfindən istintaqın gedişi barədə ictimai rəyin çaşdırılmasına yönələn müxtəlif yozmaların və əsasız fikirlərin səsləndirilməsinin yolverilməz olduğunu qonaqların diqqətinə çatdırmışdır. Nazir istintaq qrupunda tutarlı, təkzibedilməz sübutlar olmasına və bu barədə ictimaiyyətə geniş məlumat verilməsinə baxmayaraq, müəyyən qüvvələrin bu qətl hadisəsini siyasiləşdirməyə cəhd göstərdiklərini xüsusi vurğulamışdır.

Görüşdə nazir Eldar Mahmudov bu niyyətlərin istintaqın obyektiv gedişinə, ölkənin hüquq mühafizə orqanlarının qanunlara söykənən mövqeyinə, eləcə də Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinə təsir göstərə bilməyəcəyini, zəruri sayıldığı hallarda əlavə məlumatlar veriləcəyini qeyd etmişdir.

İşgüzar şəraitdə keçən görüşdə milli təhlükəsizlik naziri Mətbuat Şurasının üzvlərini maraqlandıran digər suallara da cavab vermişdir. Bununla yanaşı, yuxarıda göstərilənlərlə əlaqədar Milli Təhlükəsizlik Nazirliyi bir məqamı daha ətraflı açıqlamağı vacib sayır.

Səriştəsizlik, əslində mərhumun ruhuna hörmətsizlik göstərən bəzi dırnaqarası ekspertlərin istintaqın əldə etdiyi sübutları, hadisə yerində tapılmış papaqda və cinayətdə şübhəli bilinən şəxslərin kirayələdikləri evdə yastıq üzərində müəyyən edilmiş sapların eyni mənbəyə aid olması barədə ekspertizanın rəyini şübhə altına almaq səyləri, guya buna nail olmaq üçün istintaq orqanı tərəfindən əvvəlcədən papağın yastığa sürtülməsi barədə iddiaları cəfəng və xəstə təxəyyülün məhsulu olan fikirlərdir.

Sadəcə olaraq, əvvəllər verilmiş məlumatları izləməklə də bu qənaətin düzgünlüyünü aydın görmək mümkündür. Belə ki, papaq cari il martın 3-də tapılmış və 5 gün sonra müayinə üçün Amerika Birləşmiş Ştatlarının Federal Təhqiqatlar Bürosunun nümayəndəsinə verilmişdir. May ayının 30-da cavab alınmış və elə həmin gün də istintaq Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevin kirayə yaşadıqları mənzildən aşkar olunmuş yastıq üzlüklərinin və onların üzərindəki lifləri papaqda tapılmış maddi sübutlarla müqayisəli tədqiqat aparılması üçün Federal Təhqiqatlar Bürosuna təqdim etmişdir. O da qeyd olunmalıdır ki, papaq martın 8-də Federal Təhqiqatlar Bürosuna verildikdən sonra saxlanılaraq qaytarılmamışdır. Cinayətdə şübhəli bilinən şəxslərin kirayədə yaşadıqları mənzil isə papaq Federal Təhqiqatlar Bürosuna verildikdən 23 gün sonra, yəni martın 31-də müəyyən edilmişdir. Real vəziyyət belədir və papağın yastıq üzlərinə sürtülməsi mümkünsüz və absurddur.

Beləliklə, təkzibolunmaz dəlillər Elmar Hüseynovun qətlinin istintaqla müəyyən edilmiş və barələrində axtarış elan olunmuş şəxslərin iştirakı ilə törədilməsi haqqında istintaqın gəldiyi qənaətin doğruluğunu, faktiki olaraq, cinayətin açıq olduğunu bir daha təsdiqləyir.

Elmar Hüseynovun qətli ilə bağlı istintaqın düzgün istiqamət götürdüyü, zəruri hallarda məlumat verildiyi və bununla əlaqədar Mətbuat Şurasının üzvləri ilə vaxtaşırı görüşlərin keçirildiyi nəzərə alınaraq, bəzi qüvvələrin və ayrı-ayrı şəxslərin hansı məqsədə xidmət etdiklərini anlamaq heç də çətin deyildir.

Milli Təhlükəsizlik Nazirliyi cinayətkarların tezliklə tutulması və işin bütün hallarının üzə çıxarılması üçün zəruri istintaq hərəkətlərini və əməliyyat-axtarış tədbirlərini davam etdirir.

xəbər arxivi