az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATLARI
16 avqust 2005

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri general-leytenant Eldar Mahmudovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri Vano Merabişvilinin başçılıq etdiyi nümayəndə heyətinin cari il avqust ayının 15-də ölkəmizə rəsmi səfəri barədə

 Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri general-leytenant Eldar Mahmudovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri Vano Merabişvilinin başçılıq etdiyi nümayəndə heyəti avqustun 15-də ölkəmizdə birgünlük rəsmi səfərdə olmuşdur.
 Rəsmi görüşlərdən əvvəl Fəxri xiyabana gələn nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, ulu öndərin məzarı önünə əklil qoymuşdur.

Qonaqlar tanınmış oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək düzmüşlər.
Sonra Şəhidlər xiyabanını ziyarət edən nümayəndə heyəti, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşdur.
 Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov nümayəndə heyəti ilə görüşmüşdür.

 Görüşdə nazir Eldar Mahmudov respublikamızda hüquqi və demokratik dövlət quruculuğu sahəsində uğurla aparılan islahatlar, təhlükəsizliyin və sabitliyin təmin olunması, mütəşəkkil cinayətkarlıq və onun transmilli növləri, qlobal problem sayılan terrorçuluqla mübarizə, beynəlxalq terrorçu təşkilatlarla sıx əlaqədə olan mütəşəkkil transmilli cinayətkar qrupların zərərsizləşdirilməsi üzrə görülmüş konkret işlər barədə danışmış, regiondakı mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər haqqında qonaqlara ətraflı məlumat vermişdi. Hər iki dövlətin ərazisində nəzarətsiz zonaların mövcudluğunu bildirən nazir Eldar Mahmudov, bu ərazilərdən narkotrafik, qaçaqmalçılıq, qanunsuz miqrasiya və sair məqsədlərlə istifadə olunması məsələlərinə də toxunmuş, bununla əlaqədar görülən adekvat tədbirlər barədə geniş söhbət açmışdır.

 Mühüm regional və beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin və bu cür digər layihələrin təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər haqqında qonaqlara məlumat verən nazir Eldar Mahmudov, bu istiqamətdə hər iki ölkənin hüquq mühafizə, o cümlədən xüsusi xidmət orqanlarının sıx əməkdaşlığının, qarşılıqlı əlaqədə fəaliyyət göstərməsinin zəruriliyini vurğulamışdır. Nazir həmçinin həmin kəmərə vurulan Azərbaycan neftinin artıq Gürcüstana çatması münasibətilə gürcü həmkarlarını təbrik etmiş, bu irimiqyaslı beynəlxalq layihənin uğurla başa çatdırılmasının ölkələrimizin sosial-iqtisadi inkişafında, nüfuzunun artmasında mühüm rol oynayacağını söyləmişdir.
Nazir Eldar Mahmudov “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində şübhəli bilinən və barələrində beynəlxalq axtarış elan olunmuş şəxslərin tapılmasında, habelə istintaqın aparılmasında  Gürcüstan tərəfinin göstərdiyi köməyi qeyd etmiş və yardımların bundan sonra daha səmərəli xarakter daşıyacağına ümidvar olduğunu bildirmişdir.

 Səmimi və mehriban qarşılandığına, ətraflı məlumata görə təşəkkürünü bildirən Gürcüstanın daxili işlər naziri Vano Merabişvili  hər iki dövlət arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini, cinayətkarlıqla mübarizə və regional təhlükəsizliyin təmin olunması sahəsində əməkdaşlığın daha məqsədyönlü və ardıcıl surətdə həyata keçirilməsinin, eləcə də informasiya mübadiləsinin səmərəliliyinin artırılması barədə həmkarı Eldar Mahmudovun fikirləri ilə şərik olduğunu diqqətə çatdırmışdır.
 İşgüzar və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilmişdir.

xəbər arxivi