16 dekabr 2004
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxta sənədlərin hazırlanması yolu ilə Azərbaycan Respublikasından yerli və xarici vətəndaşların üçüncü dövlətin ərazisinə qeyri-leqal miqrasiyasının təşkili ilə məşğul olan 1965-ci ildə Sabirabad rayonunda anadan olmuş, «İntertur» turizm şirkətinin rəhbəri, Bakı şəhər sakini Rəhimzadə Azər Yunus oğlu yaxalanmışdır.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, Azər Rəhimzadə bir sıra şəxslərlə cinayət əlaqəsinə girərək daimi yaşayış məqsədilə xaricə getmək niyyətində olan yerli vətəndaşlar və başqaları üçün vizalar təşkil etmiş, onların səfərləri ilə bağlı əfsanələr uydurmuş, həmçinin həmin şəxsləri guya Azərbaycanda milli, dini və siyasi baxışlarına görə təqiblərə məruz qalmaları ilə əlaqədar, habelə şəxsiyyət vəsiqəsi, doğum, nikah haqqında şəhadətnamə və digər saxta sənədlərlə təmin etmişdir.
Həmin saxta sənədlərin öz ofisində və mənzilində olan müasir kompüter avadanlıqlarında şəxsən Azər Rəhimzadə tərəfindən hazırlandığı müəyyən edilmişdir.
Fakt üzrə Respublika Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 maddəsi ilə (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) cinayət işi başlanmışdır.
Hazırda iş üzrə bütün halların araşdırılması üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
|