17 fevral 2005
Pakistan İslam Respublikasının Birləşmiş Kəşfiyyat Xidmətinin Baş direktoru Aşfaq Pervez Kayaninin dəvəti ilə Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-mayor Eldar Mahmudov 2005-ci il fevral ayının 11-dən 14-dək bu ölkədə işgüzar səfərdə olmuşdur.
Səfər çərçivəsində Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Eldar Mahmudov Pakistan İslam Respublikasının Birləşmiş Qərargahlar Komitəsinin sədri ordu generalı Ehsan Ul Haq, Kəşfiyyat Xidmətinin Baş direktoru Aşfaq Pervez Kayani, daxili işlər naziri Aftab Əhməd Xan Şerpao və bir sıra digər rəhbər vəzifəli şəxslər ilə görüşlər keçirmişdir.
Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşlərdə regional və beynəlxalq təhlükəsizlik, o cümlədən hazırda bəşəriyyəti narahat edən terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və transmilli cinayətkarlığın digər növləri ilə mübarizə sahəsində əməkdaşlığın təkmilləşdirilməsi və inkişaf etdirilməsi məsələləri əsas müzakirə mövzusu olmuşdur.
Görüşlərdə Azərbaycan Respublikasının beynəlxalq terrorçuluqla mübarizə sahəsində fəaliyyəti Pakistan dövlət rəsmiləri tərəfindən yüksək qiymətləndirilmiş, ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyi məmnunluq hissi ilə qeyd olunmuşdur.
Nazir Eldar Mahmudov terrorçuluğun, təcavüzkar separatçılığın, nəzarətdən kənar ərazilərin, dini ekstremizmin təhlükəsizliyə doğurduğu təhdidlərə dair fikir mübadiləsi aparmış, belə təhlükəli təzahürlərlə mübarizə sahəsində Azərbaycanın təcrübəsi, eləcə də uzun illərdən bəri həllini tapa bilməyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları barədə ətraflı məlumat vermişdir.
Pakistan tərəfi burada Azərbaycanın problemlərinə diqqət və həssaslıqla yanaşıldığını, ölkəmizə qarşı təcavüzün və beynəlxalq hüquq normalarının pozulduğunun qətiyyətlə pislənildiyini, dövlətimizin haqq işinin dəstəklənildiyini xüsusi vurğulamışdır.
Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinin Pakistana səfəri yerli kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.
|