az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATLARI
17 dekabr 2007

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində narkotik qaçaqmalçiliği ilə məşğul olan təhlükəli transmilli mütəşəkkil dəstə zərərsizləşdirilmişdir

Qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə keçirilərək, buradan Avropaya ötürülməsi nəzərdə tutulan narkotik vasitələrin daşınması ilə məşğul olan xarici vətəndaşlardan ibarət transmilli mütəşəkkil dəstə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində zərərsizləşdirilmiş, onlardan 142 kiloqrama yaxın narkotik vasitə olan yüksək keyfiyyətli heroin götürülmüşdür.
Türkiyə Respublikasının vətəndaşları - 1949-cu il təvəllüdlü Hasib Yılmaz Pəkgürlər, 1960-cı il təvəllüdlü Akgün Hüseyn Osman, 1971-ci il təvəllüdlü Kılıcparlar Mehmet Hacı, 1972-ci il təvəllüdlü Aydar Cevdət Əli, habelə İran İslam Respublikasının hazırda şəxsiyyəti istintaqla müəyyənləşdirilən Əhməd adlı vətəndaşı və digərləri 2007-ci il dekabrın 5-də külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə gətirmişlər.

Müəyyən olunmuşdur ki, dəstənin vəzifə bölgüsü aparılmış üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən Türkiyənin beynəlxalq yük daşınması ilə məşğul olan "Ünlü Kahramanlar" şirkətinə məxsus "SCANİA" markalı yük avtomobilini idarə edən Mehmet Kılıcparlar İran ərazisində avtomobili Əhməd adlı şəxsə vermiş və sonuncu isə avtomaşını kənara apararaq onun əvvəlcədən yanacaq çənində hazırlanmış xüsusi gizli saxlanc yerinə 141 kiloqram 860 qram heroini yerləşdirdikdən sonra Mehmet Kılıcparlara qaytarmışdır. 2007-ci il dekabrın 5-də Mehmet Kılıcparlar idarə etdiyi "SCANİA" markalı yük avtomobilində həmin narkotik vasitəni gizli şəkildə "Astara" gömrük məntəqəsindən keçirib İrandan Azərbaycan ərazisinə daşıyaraq Bakı şəhərinə gətirmişdir.

Mehmet Kılıcparlar gətirdiyi rəsmi yükü boşaltdıqdan sonra içərisində külli miqdarda narkotik vasitə gizlədilmiş avtomobili Abşeron rayonunun Sulutəpə qəsəbəsi ərazisindəki "TİR park"da saxlamışdır. 2007-ci il dekabrın 10-da saat təxminən 23:00 radələrində Hasib Yılmaz Pəkgürlər, Cevdət Aydar və Hüseyn Akgün Mehmet Kılıcparlar ilə görüşərək, sonuncunun idarə etdiyi yük avtomobilinin gizli saxlanc yerində gizlədilmiş heroini ondan qəbul etmişlər. Onlar narkotik vasitəni 6 ədəd idman çantasına yığaraq Hüseyn Akgünün idarə etdiyi "Mercedes-Benz" markalı avtomobilə qoyub, sonuncunun kirayədə qaldığı mənzilə tərəf hərəkət edərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən yaxalanmışlar. Bu şəxslərin içərisində olduqları "Mercedes-Benz" markalı avtomobilə baxış zamanı həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Beləliklə, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan təhlükəli transmilli mütəşəkkil dəstə Milli Təhlükəsizlik Nazirliyinin hazırladığı və uğurla həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində ifşa olunmuşdur.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılmış, Hasib Yılmaz Pəkgürlər, Cevdət Aydar, Hüseyn Akgün və Mehmet Kılıcparlar təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

xəbər arxivi