18 fevral 2008
ABŞ Azərbaycanın terrorçuluqla mübarizə sahəsindəki səylərini yüksək qiymətləndirir
Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatları dövlət katibinin terrorizmlə mübarizə üzrə köməkçisinin müavini Frenk Urbançik ilə görüşmüşdür.
Nazir Eldar Mahmudov regionda gedən proseslər, həyata keçirilən beynəlxalq layihələr, habelə bu mühüm coğrafi-strateji məkanda meydana çıxan müxtəlif növ təhlükələr barədə söhbət açmışdır. O, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli təzahürlərinin artmasının bütün dünyada ciddi narahatlıq doğurduğunu qeyd etmiş, bununla əlaqədar Milli Təhlükəsizlik Nazirliyində yeni təhdidlərə qarşı həyata keçirilən adekvat tədbirləri və onların nəticələrini qonağın diqqətinə çatdırmışdır. General-leytenant Eldar Mahmudov bəşəriyyət üçün qorxulu təhlükələrlə mübarizənin təkbaşına səmərə verməyəcəyini və bunun yalnız beynəlxalq səylərin birləşdiriləcəyi təqdirdə tutarlı olacağını qeyd etmişdir. Nazir beynəlxalq terrorçuluqla mübarizə sahəsində Azərbaycanın gördüyü işləri qeyd edərək, eyni zamanda ölkəmizə göstərdikləri köməyə görə antiterror koalisiyasına daxil olan tərəfdaş dövlətlərə təşəkkürünü bildirmiş və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi zərurətini diqqətə çatdırmışdır.
Səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirən Frenk Urbançik Azərbaycanın terrorçuluqla mübarizə sahəsindəki səylərinin ABŞ tərəfindən yüksək qiymətləndirildiyini, ölkəmizin beynəlxalq təhlükəsizliyin təmin olunmasında önəmli rol oynadığını vurğulamışdır. Qonaq ölkələrimiz arasında terrorçuluqla mübarizə sahəsində əməkdaşlığın yüksələn xətlə inkişafından məmnun qaldığını, bu sahədə ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin vacibliyi barədə nazir Eldar Mahmudovun fikirləri ilə razı olduğunu bildirmişdir.
İşgüzar şəraitdə keçən görüşdə maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.
|