19 fevral 2008
Ötən il Xətai rayonunda yüksək uğurların əldə edilməsi ilə əlamətdar olmuşdur
AzərTAc xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda ötən il görülən işlər ətraflı təhlil edilmiş, cari ildə qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Yığıncağın iştirakçıları əvvəlcə Ukrayna meydanı yaxınlığında yenidən qurulmuş Heydər Əliyev parkına gələrək, ümummilli liderin abidəsi önünə gül dəstələri düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Müşavirədə çixiş edənlər xüsusi vurğulamışlar ki, xalqımız, o cümlədən Xətai rayonunun sakinləri öz Prezidentinə inanır, ölkəmizin başçısının gördüyü işləri, atdığı bütün addımları dəstəkləyir, onun rəhbərliyi altında Azərbaycanın gələcəyinə ümidlə baxır və bu il keçiriləcək prezident seçkilərində öz layiqli namizədini - İlham Əliyevi dəstəkləyərək, hamılıqla ona səs verəcəklərini bəyan edirlər.
Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov yığıncaqda çıxış edərək, 2007-ci ilin Azərbaycanın tarixinə ictimai-siyasi və iqtisadi həyatın bütün sahələrində böyük uğurlar, yüksək inkişaf ili kimi daxil olduğunu vurğulamışdır. Eldar Mahmudov bildirmişdir ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dörd ilin hər biri yüksək uğurların əldə edilməsi ilə əlamətdar olmuşdur. Bu dövrdə Azərbaycan dünya birliyinə sürətli inteqrasiya etmiş, mühüm regional və beynəlxalq layihələr həyata keçirilmiş, yüksək iqtisadi tərəqqiyə nail olunmuş və ölkəmiz dünyada söz sahibinə, regionun lider dövlətinə çevrilmişdir.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tam gücü ilə işlədiyini, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verildiyini, Bakı-Axalkalaki-Qars dəmir yolu xəttinin təməlinin qoyulduğunu və beləliklə Azərbaycanın dünyada nüfuzunun daha da artdığını vurğulayan general-leytenant Eldar Mahmudov demişdir ki, vaxtilə bu layihələrə şübhə ilə yanaşanların, ona əngəllər törətmək istəyənlərin niyyətləri baş tutmadı. Bu gün Azərbaycan nefti və qazı artıq dünya bazarına ixrac edilir. Ölkənin daxili enerji tələbatının təmin edilməsində xüsusi rol oynayan müasir tipli modul elektrik stansiyalarının tikintisi 2007-ci ildə də davam etdirilmiş, Bakıda ümumi gücü 104, Naxçıvan Muxtar Respublikasında 87 meqavat olan yeni modul elektrik stansiyaları istifadəyə verilmişdir. Bölgələrin təbii qazla təminatı sahəsində də məqsədyönlü tədbirlər davam etdirilmişdir. Hazırda Azərbaycan əhalisinin təxminən 80 faizə yaxını təbii qaz alır. Ölkəmiqyaslı, eləcə də Xətai rayonunda quruculuq işlərinin görülməsi, daha çox yeni məktəb, digər sosial xarakterli binaların tikilməsi və ümumən abadlaşdırma sahəsində Heydər Əliyev Fondu tərəfindən görülən işləri xüsusi qeyd edən Eldar Mahmudov, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun ötən il gördüyü işlərin əhəmiyyətini vurğulamış, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikanın ayrı-ayrı regionlarında 200-dən çox məktəb binası və əlavə tədris korpusları tikildiyini, bir sıra məktəblərdə əsaslı təmir işləri aparıldığını bildirmişdir.
Nazir vurğulamışdır ki, uğurlu fəaliyyətin digər mühüm nəticəsi Azərbaycanın beynəlxalq aləmdə qazandığı layiqli mövqeyin daha da möhkəmlənməsidir. Ardıcıl düşünülmüş xarici siyasət kursu Azərbaycana demokratik dəyərləri uca tutan ölkə imici qazandırmışdır. Azərbaycanın dünyada zəngin təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi, yaradıcı potensiala malik ölkə kimi qəbul edilməsi onun problemlərinə münasibəti dəyişdirmişdir. İndi Qərbin qabaqcıl dövlətləri bir sıra regional məsələlərin həllində etibarlı tərəfdaş saydıqları Azərbaycanın mövqeyi ilə hesablaşırlar. Bu, beynəlxalq hüquq normaları və prinsiplərini pozaraq torpaqlarımızın 20 faizini işğal altında saxlayan Ermənistanın təcavüzkarlıq və terrorçuluq siyasətinin ifşa olunması imkanlarını artırır. Ermənistanın Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ciddi təhdid mənbəyi olması indi əksər beynəlxalq təşkilatlar və ölkələr tərəfindən qəbul edilir.
Eldar Mahmudov bildirmişdir ki, dövlətimizin daxili və xarici siyasətinin uğurla həyata keçirilməsi, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin rəhbərinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin prioritet istiqamətidir. Nazir gənclərin təlim-tərbiyəsi, xüsusən də hərbi vətənpərvərliyinin yüksəldilməsi işinin daha da gücləndirilməsinin vacibliyini vurğulamış, ümumən bütün sahələr üzrə tövsiyələrini çatdırmışdır.
Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
|