20 noyabr 2004
Almaniya Federativ Respublikasının Federal Kəşfiyyat Xidmətinin prezidenti Auqust Hanninqin dəvəti ilə Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-mayor Eldar Mahmudov 2004-cü il noyabr ayının 10-dan 13-dək Almaniyada işgüzar səfərdə olmuşdur.
Səfər çərçivəsində nazir Eldar Mahmudov Almaniya Federal Kəşfiyyat Xidmətinin prezidenti, onun müavini və bir sıra digər rəhbər vəzifəli şəxsləri ilə görüşlər keçirmişdir. Görüşlərdə transmilli cinayətkarlıq, xüsusilə də beynəlxalq terrorçuluqla, terrorizmin maliyyələşdirilməsi, narkotiklərin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə sahəsində əməkdaşlığın təkmilləşdirilməsi və inkişaf etdirilməsi məsələləri əsas müzakirə mövzusu olmuşdur.
Bundan sonra xüsusi dəvət ilə Belçikaya səfər edən nazir Eldar Mahmudov 2004-cü il noyabrın 15-16-da Brüssel şəhərində NATO-nun və Avropa Birliyinin bir sıra yüksək vəzifəli şəxsləri ilə də iki və çoxtərəfli görüşlər keçirmişdir.
Görüşlərdə beynəlxalq terrorçuluğun, təcavüzkar separatçılığın, nəzarətdən kənar ərazilərin, dini ekstremizmin regional və beynəlxalq təhlükəsizliyə doğurduğu təhdidlərə dair fikir mübadiləsi aparılmış, bu kimi təhlükəli təzahürlərlə mübarizə sahəsində Azərbaycanın təcrübəsi və nailiyyətləri barədə geniş məlumat verilmişdir.
Nazir Eldar Mahmudov keçirdiyi çoxsaylı görüşlərdə gələcək əməkdaşlığın inkişaf perspektivləri haqqında söhbətlər aparmışdır.
|