20 dekabr 2004
Cari il dekabr ayının 16-dan 17-dək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-mayor Eldar Mahmudovun dəvəti ilə İran İslam Respublikasının təhlükəsizlik naziri Əli Yunesinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İran İslam Respublikasının təhlükəsizlik nazirini qəbul etmiş, ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.
Səfər çərçivəsində «Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq haqqında» 25 iyul 2002-ci il tarixli Memoranduma əlavə 3 protokol imzalanmışdır. Protokollar narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluğa və mütəşəkkil cinayətkarlığa, qaçaqmalçılığa və beynəlxalq ticarətdə qanunsuz fəaliyyətə qarşı mübarizə sahələrində əməkdaşlıq əlaqələrini əhatə etmişdir.
Görüşlər zamanı nazirlər dövlətlərimiz arasında mövcud qonşuluq və dostluq münasibətlərinin səviyyəsini müsbət qiymətləndirmiş, ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı perspektivlərini müzakirə etmişlər. Həmçinin, regional təhlükəsizlik, terrorizm və transmilli cinayətkarlıqla mübarizə məsələləri üzrə qarşılıqlı informasiya mübadiləsinin və məsləhətləşmələrin daha intensiv və səmərəli surətdə davam etdirilməsinin vacibliyi vurğulanmışdır.
Xəbər verildiyi kimi, İran İslam Respublikasının nümayəndə heyətinin Azərbaycan Respublikasının daxili işlər, ədliyyə nazirləri və dövlət sərhəd xidmətinin rəisi ilə də görüşləri keçirilmiş, tərəfləri maraqlandıran məsələlər müzakirə olunmuşdur.
|