21 aprel 2009
Bakıda İslam Konfransı təşkilatının üzvü olan ölkələrin hüquq mühafizə orqanlarının rəhbərlərinin konfransı ilə başlamışdır.
Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxumuşdur. (Müraciətin mətni qəzetin bugünkü nömrəsində dərc edilir).
Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov çıxış edərək demişdir ki, tədbirdən məqsəd İKT-nin üzvü olan dövlətlər arasında hüquq mühafizə sahəsində qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyən etməkdir. Konfrans ölkələr arasında transmilli mütəşəkkil cinayətkarlığın, beynəlxalq terrorçuluğun, ekstremizmin, təcavüzkar separatizmin, silahların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin, insan alverinin, qanunsuz miqrasiyanın, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının, terrorçuluğun maliyyələşdirilməsinin və korrupsiyanın qarşısının alınmasına öz töhfəsini verəcək, əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacaqdır.
Baş nazirin müavini qeyd etmişdir ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır və bu ərazilər nəzarətdən kənarda qalmışdır. Həmin ərazilərdə transmilli mütəşəkkil cinayətkarlığın inkişafı üçün münbit şərait yaradılmışdır ki, bu, təkcə Azərbaycana yox, bütün regiona mənfi təsir göstərir. Bu baxımdan transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ölkələrimizin hüquq mühafizə orqanlarının fəaliyyətinin regional və beynəlxalq səviyyələrdə əlaqələndirilməsini tələb edir. Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində beynəlxalq birliyin səylərinin artırılmasının transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə öz töhfəsini verəcəyinə əminliyini ifadə edən Abid Şərifov bildirmişdir ki, bu konfransın keçirilməsi İKT çərçivəsində qəbul olunmuş əvvəlki qərarların icrası istiqamətində mühüm addım olacaq və hüquq mühafizə qurumları arasında əməkdaşlığın səmərəliliyini artıracaqdır.
Abid Şərifov vurğulamışdır ki, Prezident İlham Əliyev İKT ilə əlaqələrin genişləndirilməsini Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir.
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov isə bildirmişdir ki, bu konfrans İKT çərçivəsində əməkdaşlığın yeni strategiyasını müəyyənləşdirəcək, beynəlxalq çağırışlar və təhdidlərlə mübarizəyə töhfə verəcəkdir. Konfransın əhəmiyyətindən danışan İKT baş katibinin müavini İzzət Kamil Müfti tədbirin qurumun üzvü olan ölkələrin hüquq mühafizə orqanları arasında birgə hüquqi normativ bazanın yaradılmasına və əməkdaşlığın inkişafına kömək edəcəyini bildirmişdir. Baş katibin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq vurğulamışdır ki, Azərbaycan ərazilərinin bir hissəsi 20 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayon Ermənistan tərəfindən zəbt olunmuşdur. Bunun nəticəsində Azərbaycanın 1 milyon qaçqını və məcburi köçkünü vardır. İKT Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Sonra konfrans öz işini sessiyalarda davam etdirmişdir.
Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudovun sədrlik etdiyi birinci sessiyada transmilli mütəşəkkil cinayətkarlığa, xüsusilə beynəlxalq terrorçuluğa, ekstremizmin bütün forma və təzahürlərinə, təcavüzkar separatizmə, kibercinayətkarlığa qarşı mübarizə məsələləri müzakirə olunmuşdur.
Nazir Eldar Mahmudov bildirmişdir ki, keçən il ölkədə müxtəlif təhlükəli çağırışların, radikal qrupların fəaliyyətinin qarşısı alınmışdır. Artıq Azərbaycanı nəinki Cənubi Qafqazda, hətta bütün MDB-də təhlükəsiz ölkə hesab etmək olar. Bu nailiyyət Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dürüst təhlükəsizlik siyasətinin qətiyyətlə həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Məhz ulu öndərin müdriklik¬lə müəyyən etdiyi fəaliyyət prioritetləri və inkişaf istiqamətlərinin işdə rəhbər tu¬tulması sayəsində Azərbaycan beynəlxalq təhlükəsizlik sistemində layiqli yeri¬ni tutub və xarici ölkələr arasında özünə etibarlı müttəfiq nüfuzunu qazanmış¬dır.
Eldar Mahmudov vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev regionda və dünyada sülh, beynəlxalq hüquq və normalara hörmət, qanunçuluq və milli-mənəvi dəyərlərin vəhdəti, sabitlik və inkişaf, antibəşəri təzahürlərə, o cümlədən terrorçuluğa qarşı fəal mübarizə prinsiplərinə söykənən tarazlı siyasət yürüdür, beynəlxalq əməkdaşlıq münasibətlərinə böyük önəm verir.
Nazir Eldar Mahmudov diqqətə çatdırmışdır ki, bu gün demokratik, dünyəvi dövlət quruculuğu yolunu seçmiş Azərbaycan özünün tarix boyu qoruyub saxladığı və onu bütün islam aləmi ilə birləşdirən ənənə və dəyərlərə dönməz sədaqət nümayiş etdirir. Qardaş islam ölkələri ilə bütün səviyyələrdə və sahələrdə təmasların yaradılması bizim üçün vacibdir. Eyni zamanda, müsəlman ölkəsi olaraq, biz dünya mədəniyyətinə inteqrasiya edir, islami dəyərlər və sivil yanaşmalarla ona öz töhfəmizi verməyə çalışırıq. 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən Bakıda keçirilmiş “Sivilizasiyalararası dialoqda qadınların rolu” adlı tədbirin keçirilməsi də bu mövqeyimizin bariz nümunəsidir.
Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığına toxunan Eldar Mahmudov, İKT-nin üzvü olan ölkələrin hüquq mühafizə orqanlarının əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamışdır. Nazir bu ölkələri bir sıra ümumi problemlərin narahat etdiyini, Azərbaycanın da həmin sahədə prinsipial mövqe nümayiş etdirdiyini bildirmişdir.
Sonra birinci sessiya ilə bağlı müzakirələr aparılmış mövzu üzrə səmərəli təkliflər səsləndirilmişdir.
|