21 oktyabr 2005
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun dəvəti ilə Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru ordu generalı Serqey Lebedevin başçılıq etdiyi nümayəndə heyəti 2005-ci il oktyabr ayının 19-dan 21-dək ölkəmizdə rəsmi səfərdə olmuşdur.
Oktyabrın 20-də nümayəndə heyəti ilk öncə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etmişdir. Burada qonaqlar, milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov və nazirliyin bir qrup əməkdaşı Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoymuşlar. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək düzmüşlər. Bundan sonra nümayəndə heyəti Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini ehtiramla yad etmiş, «Əbədi məşəl» abidəsinin önünə əklil qoymuşlar. Həmin gün Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru ordu generalı Serqey Lebedevi və nümayəndə heyətinin digər üzvlərini nazirlikdə qəbul etmişdir. Görüşdə nazir Eldar Mahmudov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə demokratik və hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar, habelə mühüm beynəlxalq layihələrin həyata keçirilməsi və bu yönümdə başlıca şərt olan sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə görülən işlər barədə danışmışdır. Nazir ölkəmizdə təhlükəsizliyin təmin olunması, cinayətkarlıqla, onun təhlükəli formaları və təzahürləri, o cümlədən terrorçuluqla mübarizə sahəsində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin konkret nəticələri barədə qonaqlara ətraflı məlumat vermişdir. Eyni zamanda, Eldar Mahmudov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin doğurduğu fəsadlar, habelə qanunsuz miqrasiya, narkotrafik və digər məsələlərlə bağlı həyata keçirilən adekvat tədbirlər haqqında da söhbət açmış, dövlətlərimizin təhlükəsizliyinin etibarlı təmini məqsədilə xarici təhdidlər barədə qabaqlayıcı informasiyaların əldə edilməsi və onların mübadiləsinin vacibliyini vurğulamışdır. Göstərilən qonaqpərvərliyə və ətraflı məlumata görə minnətdarlığını bildirən Xarici Kəşfiyyat Xidmətinin direktoru ordu generalı Serqey Lebedev respublikamıza səfərindən və keçirdiyi görüşlərdən məmnun qaldığını, bu səfərin ölkələrimizin və hər iki dövlətin xüsusi xidmət orqanlarının əlaqələrinin daha da möhkəmlənməsi üçün faydalı olacağına əminliyini qeyd etmişdir. Ölkələrmizin müvafiq orqanları arasındakı əməkdaşlıq əlaqələrinin bugünki səviyyəsini yüksək qiymətləndirən Serqey Lebedev, Rusiya və Azərbaycanın regional təhlükəsizliyin təmin olunması sahəsində əməkdaşlığının daha məqsədyönlü və ardıcıl surətdə həyata keçirilməsi istiqamətlərinin müəyyən edilməsinin, qarışılıqlı əlaqələrin genişləndirilməsi və informasiya mübadiləsinin effektliyinin artırılması məqsədilə ekspertlər səviyyəsində görüşlərin intensivləşdirilməsinin zəruri olduğunu bildirmişdir. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair fikir mübadiləsi də aparılmış, ölkələrimizin xüsusi xidmət orqanları arasında işgüzar və səmərəli əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
|