az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATLARI
22 iyun 2007

Son dövrlər «Kardinq» adı ilə tanınan saxta plastik bank kartlarının hazırlanması və istifadəsi kimi transmilli xarakterli cinayət növü geniş yayılmaqdadır. Dünya bank sistemi və vətəndaşların pul əmanətləri üçün təhdidlər yaradan bu təhlükəli cinayət hazırda beynəlxalq aləmdə ciddi narahatlıq doğuran problemlərdəndir.

Bu növ cinayətlər barədə daxil olan məlumatların təhlilinin nəticələri araşdırılaraq onun Azərbaycanda yayılmasının qarşısının alınması, ölkəmizin bu sahədə milli maraqlarının belə təhdidlərdən qorunması üçün əməliyyat şəraiti nəzarətdə saxlanılır, zəruri əməliyyat-axtarış tədbirləri hazırlanaraq həyata keçirilir.

Belə ки, bir müddət bundan öncə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ölkəmizin bir sıra banklarının Bakı şəhərində quraşdırılmış bankomatlarından qanunsuz yolla informasiyanın surətinin çıxarılması, bu məlumatlar əsasında hazırlanmış saxta dublikat plastik kartlardan istifadə etməklə xarici dövlətlərdəki, eləcə də Azərbaycandakı bankomatlardan vətəndaşlara məxsus hesablardan pul çıxarıb onların mənafeyinə külli miqdarda – 80 min manatdan artıq ziyan vurmuş, transmilli cinayətkarlıqla məşğul olan bir qrup şəxs yaxalanmışdır.

Qrupun üzvləri - İsrail vətəndaşı, 1964-cü ildə Bakı şəhərində anadan olmuş Vladislav Basin, Azərbaycan vətəndaşları, Bakı şəhər sakinləri – 1952-ci il təvəllüdlü Fəxrəddin Süleymanov, 1964-cü il təvəllüdlü Şain Məhərrəmov, 1957-ci il təvəllüdlü, Azərbaycan Beynəlxalq Bankının Xırdalan şöbəsinin müdiri Bəşir Hacıyev və digərləri qabaqcadan əlbir olub kompyuter informasiyasına qanunsuz daxil olaraq Bakı şəhərində fəaliyyət göstərən bankların bankomatlarındakı informasiyanın surətini çıxarmış, bu vasitə ilə ölkənin bank sistemindəki maliyyə dövriyyəsinə giriş əldə etmişlər. Onlar hazırladıqları saxta dublikat plastik kartlardan istifadə etməklə ayrı-ayrı vətəndaşlara məxsus hesablardan müxtəlif məbləğlərdə pul çıxararaq öz aralarında bölüşmüşlər.

Məlum olmuşdur ki, qrupun üzvləri plastik kartlardakı informasiyanın çıxarılması üçün xaricdəki əlaqələri vasitəsilə Bolqarıstandan əldə etdikləri xüsusi «Skimmer» avadanlığını gizli şəkildə Bakı şəhərindəki müxtəlif banklara məxsus bankomatların klaviaturasına quraşdırmağa müvəffəq olmuşlar. Onlar müştərilər tərəfindən sezilməyən və demək olar ki, şübhə doğurmayan bu avadanlıqla həmin bankomatlarda olan elektron informasiyanın surətini, yəni vətəndaşların banklarda olan hesab nömrələrini və «PİN» kodlarını öyrənib qabaqcadan əlbir olduqları ölkəmizin hüdudlarından kənarda yaşayan və transmilli cinayətkar fəaliyyətlə məşğul olan şəxslərə ötürmüşlər. Qrupun xaricdəki üzvləri isə həmin məlumatlar, yəni Azərbaycanda əldə edilmiş elektron informasiyalar əsasında Şərqi Avropa ölkələrinin birində yaşayan şəxslər vasitəsilə 250-yə yaxın saxta dublikat plastik kart hazırlayıb onları Vladislav Basinə çatdırmışlar. Qrupun xaricdəki üzvləri və Vladislav Basin həmin saxta dublikat kartlarla Bakıda, eləcə də İspaniya, Latviya və Litvada yerləşən bankomatlardan ayrı-ayrı vətəndaşların Azərbaycan banklarındakı hesablarından müxtəlif məbləğlərdə pul çıxarmışlar.

Vladislav Basin 2007-ci il mayın 6-da Təl-Əvivdən Bakıya gələrək qrupun üzvləri ilə yeni «Skimmer» avadanlığının quraşdırılması barədə müzakirələr aparmışdır. Onlar Bakı şəhərinin müxtəlif yerlərində yerləşən ən müasir bankomatların markalarını öyrənmək üçün bir neçəsinin fotoşəklini çəkib xaricdə əlaqələri olan şəxslərə ötürmüşlər.

Müəyyən edilmişdir ki, Şain Məhərrəmov ötən ilin noyabrında Bakı şəhər sakinləri – 1979-cu il təvəllüdlü, «N» saylı hərbi hissənin sabiq zabiti Nazim Nərimanovu və 1981-ci il təvəllüdlü Məmməd Həsənovu Bakıda Vladislav Basin və qrupun digər əcnəbi üzvü ilə tanış etmişdir. Vladislav Basin Nazim Nərimanova və Məmməd Həsənova da həmin saxta dublikat plastik kartlardan vermişdir. Nazim Nərimanov və Məmməd Həsənov onunla xaricdən yeni saxta plastik kartlar gətirilməsi barədə razılığa gəlmişlər. Bu məqsədlə onlar Vladislav Basinin xaricdə əlaqəsi olan əcnəbi vətəndaşın hesabına 1200 ABŞ dolları məbləğində pul köçürmüşlər.

Qrupun üzvlərinin hüquqazidd əməlləri qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarətə götürülmüş, onların ifşa olunması və yaxalanması üçün xüsusi əməliyyat planı hazırlanmışdır. 2007-ci il mayın 13-də «PİN kod» şərti adı altında keçirilmiş əməliyyat tədbiri nəticəsində qrupun üzvləri zərərsizləşdirilmişlər. Onlara məxsus mənzillərə baxış zamanı 1 ədəd «Skimmer» qurğusu, ona aid 1 ədəd «POS terminal» və 216 ədəd saxta plastik kart aşkar olunaraq götürülmüşdür. Transmilli cinayətkarlıqla məşğul olan həmin qrupun üzvlərinin xaricdəki bankomatlardan məbləği milyonlarla ölçülən külli miqdarda pul çıxarmaq cəhdləri üzrə xüsusat müvafiq tərəfdaş qurumlarla birgə araşdırılır.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kömpyuter informasiyasına qanunsuz olaraq daxil olma), 271.2.2-ci (vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə kompyuter informasiyasına qanunsuz olaraq daxil olma) və 271.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda ziyan vurmaq) maddələri ilə cinayət işi başlanılmışdır. İş üzrə bütün halların araşdırılması, cinayətin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

xəbər arxivi