23 aprel 2008
Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları narkotik qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil dəstəni zərərsizləşdirmişdir
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınmasının qarşısı Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində alınmış, 33 kiloqram 478,7 qram narkotik vasitə götürülmüşdür.
Belə ki, Rusiya Federasiyasının vətəndaşı Eldəniz Həmidov, Yardımlı rayon sakinləri – Mehman Əzizov, Mirzəli Həsənov və Hamlet İbayev, Masallı şəhər sakinləri - Elvin Nuriyev və Tahir Salmanov, həmçinin hazırda şəxsiyyətləri istintaqla müəyyənləşdirilən İran İslam Respublikasının vətəndaşlarından və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərəfindən 2008-ci il aprelin 15-də 33 kiloqram 478,7 qram narkotik vasitə olan həşişi Dövlət Sərhəd Xidmətinin «N» saylı sərhəd zastavası istiqamətindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək satış məqsədi ilə İrandan Azərbaycana gətirmişlər.
Məlum olmuşdur ki, İran vətəndaşları dəstənin üzvü Eldəniz Həmidovla onun sifariş verdiyi həmin narkotik vasitəni əvvəlcədən gəldikləri razılığa əsasən, aprelin 14-də qaçaqmalçılıq yolu ilə Yardımlı rayonunun Aruz kəndinə gətirib Mehman Əzizov, Mirzəli Həsənov və Hamlet İbayevə təhvil vermişlər. Hamlet İbayev həmin narkotikin daşınması üçün Elvin Nuriyev və Tahir Salmanovla onların avtomobillərindən istifadə olunması barədə razılığa gəlmişlər. Tahir Salmanov idarə etdiyi avtomobillə Aruz kəndinə gedərək Mehman Əzizovu, Mirzəli Həsənovu, Hamlet İbayevi və əldə olunmuş narkotiki Elvin Nuriyevin evinə gətirmişdir. Cari il aprelin 15-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş çevik əməliyyat tədbirləri nəticəsində qeyd edilən şəxslər yaxalanmış, onlardan 33 kiloqram 478,7 qram narkotik vasitə aşkarlanaraq götürülmüşdür.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılmış, Eldəniz Həmidov, Mehman Əzizov, Mirzəli Həsənov, Hamlet İbayev, Elvin Nuriyev və Tahir Salmanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
İş üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir
|