23 iyun 2008
Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində 41 kiloqramdan artiq narkotik vasitə dövriyyədən çixarilmişdir
Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Gömrük Komitəsinin keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə, buradan isə Avropaya ötürülməsi nəzərdə tutulan 41 kiloqram 274 qram yüksək keyfiyyətli heroin dövriyyədən çıxarılmışdır.
Türkiyə Respublikasının vətəndaşları Cengiz Çeftçi, Mehmet Balıqçıoğlu və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədi ilə külli miqdarda narkotik qaçaqmalını gizli yolla İrandan Azərbaycan ərazisinə gətirmişlər.
Müəyyən olunmuşdur ki, Cengiz Çeftçi idarə etdiyi “VOLVO” markalı yük avtomobilinə rəsmi olaraq Qazaxıstan Respublikasına aparmaq üçün tikinti materialları yükləmiş və İran İslam Respublikasının ərazisinə keçmişdir. Cengiz Çeftçi İran ərazisinə keçməzdən əvvəl nəqliyyat vasitəsinin əsl sahibi Mehmet Balıqçıoğlu ona avtomobildəki gizli saxlanc yerini göstərmiş və İranın Təbriz şəhərində qəbul edəcəyi narkotikləri orada gizlətməsini tapşırmışdır. Mehmet Balıqçıoğlu Cengiz Çeftçini həmin narkotik vasitələri Azərbaycan ərazisinə aparmaq, buradan isə bərə ilə Qazaxıstana keçərək rəsmi yükü boşaltdıqdan sonra telefonla deyəcəyi şəxsə vermək barədə təlimatlandırmışdır.
Cengiz Çeftçi Türkiyədən İran ərazisinə keçəndən sonra Təbriz şəhərində hazırda şəxsiyyəti istintaqla araşdırılan bir nəfərlə görüşüb onun verdiyi narkotik maddəni təhvil alaraq avtomobilin gizli saxlanc yerində gizlətmişdir. 2008-ci il iyunun 19-da Cengiz Çeftçi idarə etdiyi “VOLVO” markalı yük avtomobilinin gizli saxlanc yerində gizlətdiyi narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına gətirmişdir. “Astara” gömrük keçid məntəqəsi ərazisində Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Cengiz Çeftçinin idarə etdiyi yük avtomobili saxlanılmış, baxış zamanı avtomobilin gizli saxlanc yerindən ümumi çəkisi 41 kiloqram 274 qram heroin aşkar olunaraq götürülmüşdür.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqlarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılmış, Çeftçi Cengiz Mehmet oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməlin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
|