25 sentyabr 2004
2004-cü il sentyabrın 24-də milli təhlükəsizlik nazirinin müavini general-mayor Tofiq Babayev ölkəmizdə rəsmi səfərdə olan Avstriya Respublikasının Federal Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik Departamentinin Baş Direktoru cənab Erik Buksbaumun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Xaydemariya Gürer də iştirak etmişdir.
Səmimi və işgüzar şəraitdə keçən görüş zamanı general-mayor Tofiq Babayev hər iki dövlətin təhlükəsizlik orqanları arasında əməkdaşlığın və qarşılıqlı fəaliyyətin genişləndirilməsinin vacibliyini bildirmiş, terrorizmin təcavüzkar separatçılığın təzahürlərindən biri olduğunu və ona qarşı mübarizədə daha səmərəli işbirliyinin yaradılmasının zəruriliyini vurğulamışdır. Nazir müavini terrorçuluğun Ermənistanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu, Azərbaycanın MDB məkanında terrorizmə ilk və daha çox məruz qalan ölkələrdən olması, onun ağır nəticələri barədə qonaqları məlumatlandırmışdır. O, həmçinin son illər respublikada terrorçuluqla mübarizə sahəsində görülmüş işlər, bu yönümdə qanunvericilik bazasının möhkəmləndirilməsi, tərəfdaş dövlətlərin müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsi, həmçinin Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticələri barədə danışmışdır.
Cənab Erik Buksbaum hazırda Qazaxıstanda işgüzar səfərdə olan milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşə bilməmələrindən təəssüfləndiyini qeyd edərək, Avstriyanın daxili işlər naziri cənab Ernst Ştasserin təbrikini və əməkdaşlığın gələcək inkişafına dair fikirlərini əks etdirən məktubunun ona çatdırılmasını xahiş etmişdir. Avstriyanın beynəlxalq antiterror koalisiyasının fəal iştirakçılarından olan Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayan qonaq, bu istiqamətdə tərəfdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.
Görüşdə hər iki dövlətin təhlükəsizlik orqanlarının əməkdaşlığının konkret istiqamətlər üzrə həyata keçirilməsinə dair fikir mübadiləsi aparılmışdır. Tərəflər arasında terrorçuluğa qarşı mübarizədə əməkdaşlıq haqqında müvafiq sənədin hazırlanması, ilkin mərhələdə ekspertlər səviyyəsində görüşlərin keçirilməsinin zəruriliyi barədə razılığa gəlinmişdir.
|