25 oktyabr 2006
Oktyabrın 25-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının cari ilin ötən dövrü ərzindəki fəaliyyətinin, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində törədilən cinayət və beynəlxalq hüquq normalarının pozulması faktlarının araşdırılması ilə bağlı yaradılmış əməliyyat-istintaq qrupunun gördüyü işlərin yekunlarına həsr olunmuş növbəti iclası keçirilmişdir.
Tədbirdən əvvəl Dövlət Komissiyasının sədri Eldar Mahmudov və komissiyanın üzvləri Ermənistanın qəsb etdiyi ərazilərimizdə törədilən vandalizm faktlarına dair yeni fotostendlərlə tanış olmuşlar.
İclası giriş sözü ilə açan Dövlət Komissiyasının sədri Eldar Mahmudov ötən müddətdə görülən işlər, ermənilərin Azərbaycana qarşı törətdikləri sülh və insanlıq əleyhinə cinayət faktlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışmışdır.
Eldar Mahmudov Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin ikinci müşavirəsindəki, Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayındakı və Milli Məclisin 2006-cı il payız sessiyasının açılışındakı proqram xarakterli nitqlərindən irəli gələn vəzifələrin həyata keçirilməsinin hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu, Dövlət Komissiyasının bu sahədə göstərdiyi fəaliyyətin daha da gücləndirilməsinin vacibliyini vurğulamışdır.
Sonra iclasın gündəliyi üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqovun, respublika hərbi prokuroru, komissiyanın üzvü Xanlar Vəliyevin və komissiyanın katibi Şahin Sayılovun məruzə və məlumatları dinlənilmiş, çıxışlar ətrafında müzakirələr aparılmışdır. Müzakirələrdə istintaq-əməliyyat qrupunun fəaliyyətinin daha səmərəli və intensiv xarakter aldığı, eləcə də Komissiya tərəfindən təbliğat sahəsində qısa müddət ərzində beynəlxalq səviyyədə erməni təcavüzünü və cinayətlərini ifşa edəcək yeni internet saytının yaradıldığı, görkəmli tarixçi Erix Fayqılın ayrı-ayrı əsərlərinin 3 və 12 dildə nəşr edildiyi qeyd olunmuşdur. Komissiyanın üzvləri Əsir və girovluqda saxlanılmaları təkzibedilməz dəlillərlə təsdiqlənən 753 nəfər barədə ilkin olaraq Azərbaycan və ingilis dillərində çapdan çıxmış "Bizi əsirlikdən qurtarın" adlı kitabın erməni vəhşiliyinə dair yeni məlumat mənbəyi olduğunu vurğulamışlar.
Azərbaycan Prezidenti İlham Əliyevin informasiya mübarizəsində düşmənə məqsədyönlü, fasiləsiz təzyiqlərin artırılmasının və bunun daim hücum xarakteri daşımasının prioritet vəzifələrdən olması barədə son tövsiyələri iclasın işinin və qəbul olunan qərarların əsas leytmotivini təşkil etmişdir.
|