25 dekabr 2004
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-mayor Eldar Mahmudov 2004-cü il dekabr ayının 20-dən 23-dək rəsmi dəvətlə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında işgüzar səfərdə olmuşdur.
Səfər zamanı nazir Eldar Mahmudov bu ölkənin xüsusi xidmət orqanlarının bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirmiş, təhlükəsizlik problemləri ilə əlaqədar dövlətlərimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə dair müzakirələr aparmışdır.
Nazir Eldar Mahmudov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin doğurduğu problemlər, ölkəmizin məruz qaldığı təcavüzkar separatçılıq və onunla müşayiət olunan terror-təxribat aksiyaları, habelə respublikamız üçün də təhlükəyə çevrilmiş beynəlxalq terrorçuluğa qarşı dövlətimiz və onun xüsusi xidmət orqanlarının həyata keçirdiyi qətiyyətli adekvat tədbirlər barədə ətraflı məlumat vermişdir.
Böyük Britaniya tərəfinin təmsilçiləri hər iki ölkənin təhlükəsizlik orqanlarının əməkdaşlıq əlaqələrinin dinamik və səmərəli inkişafından məmnunluq duyduqlarını bildirmiş, Azərbaycan Respublikasının beynəlxalq terrorçuluqla mübarizə sahəsində önəmli təcrübəsini yüksək qiymətləndirmişlər.
Səfər səmimi və qarşılıqlı anlaşma şəraitində keçmiş, tərəflər görüşlərin faydalı olduğunu, nəticələrindən razı qaldıqlarını qeyd etmişlər.
|