26 oktyabr 2004
Azərbaycan xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin qorunması işi milli maraqların təmin edilməsi üzrə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu sahədə cinayətkar qəsdlərin qarşısının alınması hər bir vətənpərvər insanın vətəndaşlıq borcu, hüquq mühafizə orqanlarının isə mühüm vəzifəsidir.
2004-cü ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycanın dahi bəstəkarı, milli klassik müsiqimizin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəyovun əsərlərinin əlyazmalarını, ailəsi və qohumları, ayrı-ayrı incəsənt xaidimləri ilə yazışmalarını, həmçinin milli mədəni dəyərlər olan müxtəlif kitabları, habelə böyük bəstəkar Müslüm Maqomayevin afişalarını, fotoşəkillərini və görkəmli müsiqişünas Asəf Zeynallının itmiş hesab edilən orkestr üçün partiturasını, orkestr səslərini və digər nadir tarixi əşya və sənədləri satmaq istəyən Bakı şəhər sakini, 1946-cı il təvəllüdlü Xəlilov Rüfət Ramazanoviç yaxalanmışdır.
Rüfət Xəlilovun evində aparılmış axtarış zamanı unikal tarixi və milli mədəni dəyərləri əks etdirən, o cümlədən not vərəqlərində XX əsrin əvvəllərində fəaliyyət göstərmiş «Nicat» cəmiyyətinin möhrü olan, Üzeyir Hacıbəyovun öz əli üzərində qeydlər apardığı və orkestrin səslərini köçürdüyü «Leyli və Məcnun» operasının bir neçə partiturası, indiyədək Azərbaycan müsiqişünaslarına naməlum qalmış və ikinci operası sayılan «Şeyx Sənan»ın liberettosunun ədəbi mətni, bu vaxta kimi itmiş hesab edilən «Şah Abbas və Xurşudbanu» operasının partiturası və orkestr üçün 3 variantda not səsləri, ilk operettası olan «Ər-arvad»ın klaviri və 7 dəftər orkestr səsləri, onun xüsusi olaraq Moskvanın «Böyük Teatr»ı üçün hazırladığı «Koroğlu» operasının 5 cildlik əlyazma və 4 cildlik klavir variantı, «Firdovsinin 1000 illiyinə», «Nizaminin 800 illiyinə», «Samur-Dəvəçi» kanalının açılışına, «Vətən və cəbhə» adlı Böyük Vətən müharibəsinə həsr olunmuş kantataları, «Aviatorların marşı», «Məşədi İbad» operettasının ilkin partitura nüsxəsi, «Babək» operasının yarımçıq fraqmentləri, digər əvəzsiz və qiyməti heç bir ölçüyə sığmayan tarixi və nadir sənədlər götürülmüşdür. Həmin sənət əsərlərinin bir çoxunun üzərində Azərbaycanın musiqi fondunun, müxtəlif kitabxanaların möhürləri vardır.
Bundan başqa, həmin sənədlərin arasında 1941-ci ildə «Arşın mal alan» oprettasının Moskva quruluşu ilə bağlı görkəmli teatr xadimi Konstantin Stanislavskinin Üzeyir bəyə yazdığı məktub, eləcə də bəstəkarın həyat yoldaşı ilə və qardaşı Ceyhun bəylə, Müslüm Maqomayev və başqaları ilə yazışmaları aşkarlanmışdır.
Azərbaycan xalqının mədəni irsinə zərbə vura biləcək bu cinayət faktı üzrə hadisənin bütün hallarının araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
|