az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATLARI
27 yanvar 2006

Məlumat verildiyi kimi, Hacı Məmmədovun başçılıq etdiyi bandanın törətdiyi bütün cinayətlərin üzə çıxarılması üçün zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu tədbirlər nəticəsində banda tərəfindən törədilmiş və uzun illər bağlı qalmış digər ağır cinayət faktları da aşkarlanmış və üstü açılmışdır.

Hələ 1998-ci il oktyabrın 21-də saat 11:00 radələrində Bakı şəhərinin Süleyman Rüstəm küçəsindəki 52 nömrəli binanın qarşısında naməlum şəxslər tərəfindən “Baku İnternational” firmasına məxsus iki yüz bir min ABŞ dollarını ələ keçirmək məqsədi ilə Paşayev Şahin Müzəffər oğlunun idarə etdiyi “VAZ -21099” markalı avtomaşına və orada olan şəxslərə həyat və sağlamlıq üçün təhlükəli üsulla silahlı basqın edilmiş və polis əməkdaşı Əhmədov Arzu Bəşir oğluna güllə yarası yetirilmişdir. Lakin hadisə yerinə xeyli sayda vətəndaşların toplandığını görən basqınçılar öz cinayətkar qəsdlərini başa çatdıra bilməyərək oradan qaçmışlar.

İstintaqla bu cinayətin Hacı Məmmədovun başçılıq etdiyi banda tərəfindən törədildiyi müəyyən edilmişdir. Məlum olmuşdur ki, 1998-ci ilin oktyabr ayında Hacı Məmmədov “Baku İnternational” şirkətinə pul daşıyan “VAZ-21099” markalı Az 10 DC 472 dövlət nömrə nişanlı avtomaşına hücum edərək külli miqdarda pulu qarət etmək qərarına gəlmişdir. Hacı Məmmədov bandanın fəal üzvləri Nizami Abdullayev və Fərhad Məmmədbəyovun da iştirakı ilə hazırladığı qarət planının həyata keçirilməsi üçün Ukuşev Ruslan Xaydarbekoviç, Dabuyev Musa Baqayeviç və şəxsiyyətləri istintaqa məlum olmayan daha 4 nəfər çeçen milliyyətinə mənsub şəxslə razılığa gəlmişdir. O, hazırladığı plana uyğun olaraq, Ruslan Ukuşevə avtomaşının hərəkət marşrutları, basqının həyata keçiriləcəyi yer və hadisə yerindən uzaqlaşmaq yolları barədə məlumat vermişdir. Ruslan Ukuşev bu cinayətdə iştirakına və əsas rolu üzərinə götürdüyünə görə Musa Dabuyevə 10-1 5 min ABŞ dolları verəcəyini vəd etmişdir.

Planın həyata keçirilməsi üçün Ruslan Ukuşev, Musa Dabuyev və çeçen milliyətindən olan daha 4 nəfər bir neçə dəfə basqının planlaşdırıldığı yerə - Bakı şəhərinin Süleyman Rüstəm küçəsindəki 52 nömrəli binanın yaxınlığına gəlmişlər. Ruslan Ukuşev burada hər bir kəsin rolu və mövqeyini izah etmişdir.

O, həmçinin cinayətin həyata keçirilməsində bort tipli “Moskviç”, “Jiquli” və “Volqa - QAZ-24” markalı avtomaşınlardan istifadə olunacağını da basqınçılara bildirmişdir. Plana əsasən, basqınçılardan biri “Moskviç” markalı maşınla hərəkət edib “VAZ-21099” markalı maşınla toqquşaraq avtoqəza görüntüsü yaratmalı, bu zaman baş verən çaşqınlıqdan istifadə edərək, “Jiquli” markalı maşınla kənarda pusquda duran və “Makarov” tipli tapançalarla silahlanmış Musa Dabuyev və digər 3 nəfər tərəfindən həmin avtomaşına silahlı basqın olunmalı, onlardan biri isə maşının yük yerini açıb oradan pulu götürməli idi.

1998-ci il oktyabrın 21-də təxminən saat 10:00 radələrində Musa Dabuyev başda olmaqla bandanın 5 üzvü Bakı şəhərinin Süleyman Rüstəm küçəsindəki 52 nömrəli binanın yaxınlığına gələrək əvvəlcədən seçdikləri mövqelərdə durub “VAZ 21099” markalı avtomaşını gözləmişlər. Saat 11:00 radələrində onlar vətəndaş Paşayev Şahin Müzəffər oğlunun idarə etdiyi avtomaşının gəldiyini görüb plan üzrə hərəkət edərək, hər iki tərəfdən yaxınlaşıb maşındakıları odlu silahla hədələmiş, qabaq oturacaqda əyləşmiş Nəsimi Rayon Mühafizə İdarəsinin polis nəfəri Əhmədov Arzu Bəşir oğlunu güllə ilə yaralamışlar. Basqınçılardan biri əlindəki dəmir parçası ilə maşının yük yerini açmağa cəhd göstərmişdir.

Lakin yük yerində qarət etmək istədikləri pulun olmadığını və hadisə yerinə xeyli sayda insanın toplaşdığını görən basqınçılar onları gözləyən “Jiquli” markalı maşına minib hadisə yerindən uzaqlaşmışlar. Bir neçə yüz metr getdikdən sonra onlar maşından düşərək müxtəlif istiqamətdə dağılışmışlar. Hacı Məmmədov, Nizami Abdullayev və Fərhad Məmmədbəyov bir qədər kənarda dayanıb əvvəldən axıra kimi basqınçıların bütün hərəkətlərini müşahidə etmişlər.

İstintaqla Hacı Məmmədovun başçılıq etdiyi bandanın daha bir ağır cinayətkar əməli aşkar olunmuşdur. Müəyyən edilmişdir ki, 2002-ci ilin sonlarında Hacı Məmmədov Azərbaycan Beynəlxalq Bankının Mərkəzi ofisinin müdiri vəzifəsində işləyən Sultanov Anar Hüseyn oğlunun tamah məqsədi ilə oğurlanmasını planlaşdırmışdır. Bu məqsədlə o, bandanın fəal üzvlərindən olan Musa Dabuyevi, Aslambek Çintamirovu, Nizami Abdullayevi və Eldar Rəhimovu Keşlə qəsəbəsində yerləşən Nailə Quliyevaya məxsus evə dəvət etmişdir. Cinayətin törədilməsi üçün hazırlanan planın müzakirəsində Nailə Quliyeva da iştirak etmişdir. Hacı Məmmədov Aslambek Çintamirova, Musa Dabuyevə və Eldar Rəhimova sonuncunun idarə etdiyi “VAZ 2106” markalı maşınla Anar Sultanovun izlənilməsini, hərəkət vaxtının və marşrutunun öyrənilməsini tapşırmışdır. O, bu cinayətdə iştirakına görə banda üzvlərinin hər birinə girovun azad olunması müqabilində onun qohumlarından alınacaq məbləğin 20 faizini verəcəyini vəd etmişdir.

Bundan başqa, Hacı Məmmədov cinayət əməlinin həyata keçirilməsi məqsədi ilə Aslambek Çintamirova 2, Musa Dabuyevə isə 1 ədəd “Makarov” tipli tapança, girovun başına keçirmək üçün torba və əllərinin bağlanılması üçün qandal vermişdir. Anar Sultanovun oğurlanması zamanı ətrafdakı şəxslərin diqqətini cəlb etməmək və konspirasiya məqsədi ilə Hacı Məmmədovun tapşırığı ilə Nailə Quliyeva tərəfindən Musa Dabuyevə geyinmək üçün qara rəngli qadın plaşı və açıq rəngli parik verilmişdir.

Qabaqcadan hazırlanmış plana əsasən, Nizami Abdullayev Anar Sultanovu onun iş yerinin qarşısında gözləməli, sonuncu işdən çıxan kimi mobil telefon vasitəsilə Eldar Rəhimova xəbər verməli idi. O isə, öz növbəsində, idarə etdiyi “VAZ 2106” markalı avtomaşında Musa Dabuyev və Aslambek Çintamirovla birlikdə Anar Sultanovu yaşadığı evin həyətində gözləməli, oğurladıqdan sonra isə onu Nailə Quliyevanın Keşlə qəsəbəsindəki evinə gətirməli idi.
 
Əvvəlcədən müəyyən olunmuş gün saat təxminən 20:00 radələrində Musa Dabuyev və Aslambek Çintamirov Eldar Rəhimovun idarə etdiyi “VAZ 2106” markalı avtomaşınla “Olimp” mağazasının yaxınlığında yerləşən, əhali arasında “Kaspar xəstəxanası” kimi tanınan xəstəxananın yanına gəlmiş və burada Nizami Abdullayevin telefon zəngini gözləməyə başlamışlar. Hacı Məmmədov isə idarə etdiyi qara rəngli “Mercedes-E class” markalı avtomaşını təxminən 200-300 metr arxada saxlayaraq Nailə Quliyeva ilə birlikdə onları müşahidə etmişdir.

Burada banda üzvləri öz iradələrindən asılı olmayan səbəbdən cinayətkar niyyətlərini həyata keçirə bilməmişlər. Belə ki, Musa Dabuyev, Aslambek Çintamirov və Eldar Rəhimov maşında gözləyərkən ərazidə post-patrul xidməti aparan polis əməkdaşları onlara yaxınlaşıb sənədlərini tələb etmişlər. Eldar Rəhimov maşından düşərək üzərində olan polis vəsiqəsini onlara təqdim etsə də polis əməkdaşları maşının içərisini yoxlamaqda israrlı olmuşlar. Bu zaman vəziyyəti kənardan müşahidə edən Hacı Məmmədov həmin polis əməkdaşlarına yaxınlaşıb onlarla bir neçə dəqiqə söhbət etdikdən sonra Eldar Rəhimova Musa və Aslambeklə birlikdə geri qayıtmağı tapşırmışdır. Sonradan Hacı Məmmədov polis əməkdaşlarının Aslambek Çintamirovu, Musa Dabuyevi və Eldar Rəhimovu gördükləri üçün ifşa olunacağından ehtiyatlanaraq Anar Sultanovu oğurlamaq planından imtina etmişdir.İşin bütün hallarının araşdırılması və digər cinayət faktlarının aşkarlanması üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

xəbər arxivi