az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATLARI
30 may 2005

Qabaqcadan əlbir olub Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə nağd pul aparan inkassator maşınına silahlı basqın etməyi və külli miqdarda pulu ələ keçirməyi planlaşdıran bir qrup şəxs Milli Təhlükəsizlik Nazirliyi və respublika Baş Prokurorluğu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində zərərsizləşdirilmiş, bu təhlükəli cinayətkar niyyətin qarşısı alınmışdır.

Müəyyən edilmişdir ki, həmin hərbi hissənin ərzaq xidmətinin rəisi işləmiş və buranın maliyyə təminatı məsələlərindən məlumatı olan, 1979-cu il təvəllüdlü, Bakı şəhər sakini Məmmədov Eldəniz Lazım oğlu xidmət etdiyi dövrdə hərbi hissəyə nağd pul gətirən inkassator maşınına silahlı basqın edib pulları ələ keçirmək üçün dostu, 1981-ci il təvəllüdlü, Bakı şəhər sakini Talıbzadə Ruslan Mirtahir oğlu ilə cinayət əlaqəsinə girmişdir. Bu məqsədlə onlar Elxan adlı şəxsdən 1000 ABŞ dollarına “Kalaşnikov” markalı avtomat silah və “TT” markalı tapança almış, maskalanmaq üçün müvafiq ləvazimat tədarükü görmüşlər. 2004-cü il dekabrın 30-da Ruslan Talıbzadə Eldəniz Məmmədovun xidmət etdiyi hərbi hissəyə gələrək onunla görüşmüş və dırnaqarası əməliyyatın təfərrüatlarını müzakirə etmişlər.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə qrupun cinayətin hazırlanmasında iştirak etmiş, onun keçirilməsində rolu və yerləri müəyyənləşdirilmiş digər üzvləri - həmin hərbi hissənin maliyyə xidmətinin rəisi, 1980-ci il təvəllüdlü, Gəncə şəhər sakini Bayramov Şahin Tofiq oğlu və 1980-ci il təvəllüdlü, Ağdam rayonunun Quzanlı kəndində yaşayan və yerli bələdiyyədə mühasib işləyən Misirxanov Aftandil Səhrad oğlu da ifşa olunmuşlar.

Məlum olmuşdur ki, Eldəniz Məmmədovun göstərişi ilə Ruslan Talıbzadə silahlı basqını həyata keçirmək üçün 2005-ci il fevralın 3-də Bərdə şəhərinə, sonra isə Ağdam rayonunun Quzanlı kəndinə gələrək Aftandil Misirxanovun evində gecələmişdir. Ertəsi gün onlar basqının keçiriləcəyi ərazidə gizlənib pul gətirən avtomaşını gözləmiş, Şahin Bayramov isə əvvəlcədən hazırlanmış plana uyğun olaraq, həmin avtomaşının hərəkət marşrutu barədə mütəmadi surətdə Eldəniz Məmmədovu məlumatlandırmışdır. Lakin Ruslan Talıbzadə və Aftandil Misirxanov iradələrindən asılı olmayan səbəblərə görə, nəzərdə tutulan cinayəti başa çatdıra bilməmiş, basqın üçün əlverişli məqam gözləməyi qərara almışlar.

Bundan başqa, qeyd olunan cinayətkar niyyətli həmin şəxslər müxalifət partiyalarının Bakı şəhərində keçirmək istədikləri icazəsiz aksiyalar zamanı yarana biləcək qarışıqlıqdan istifadə etməklə iri obyektlərdən birinə və ya banklara silahlı basqını da planlaşdırmışlar.

Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29-cu, 181.3.2-ci (quldurluq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılığın tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqına cəhd) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldəetmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılmışdır.

Eldəniz Məmmədov, Ruslan Talıbzadə, Aftandil Misirxanov və Şahin Bayramov saxlanılmış, axtarış zamanı Eldəniz Məmmədovun mənzilindən 1 ədəd “AKM” markalı avtomat silah, “TT” markalı tapança, 1 ədəd avtomat silah üçün süngü, çoxlu sayda güllə, Aftandil Misirxanovun evindən isə 4 ədəd dolu avtomat sandıqçası aşkar olunaraq götürülmüşdür.

Həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilmişdir.

İşin bütün hallarının araşdırılması və hüquqazidd əməllərin digər mümkün iştirakçılarının ifşa olunması üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

xəbər arxivi