31 oktyabr 2005
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun dəvəti ilə Macarıstan Milli Təhlükəsizlik İdarəsinin baş direktoru general-mayor Layoş Qalamboşun başçılıq etdiyi nümayəndə heyəti 2005-ci il oktyabrın 28-31-də ölkəmizdə rəsmi səfərdə olmuşdur. Qonaqlar və Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov, həmçinin nazirliyin bir qrup əməkdaşı Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edərək, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş məzarüstü abidənin önünə əklil qoymuş, şəhid soydaşlarımızın məzarlarının üzərinə güllər düzmüşlər. Qonaqlar, həmçinin şəhidlərin xatirəsinə ucaldılmış «Əbədi məşəl» abidəsinin önünə də əklil qoymuşlar. Oktyabrın 28-də nazir Eldar Mahmudov Macarıstan Milli Təhlükəsizlik İdarəsinin baş direktoru Layoş Qalamboşu və nümayəndə heyətinin digər üzvlərini nazirlikdə qəbul etmişdir. General-leytenant Eldar Mahmudov son zamanlar nazirlikdə yeni yaradılmış strukturlar, ümumən həyata keçirilən islahatlar və onların səmərəli nəticələri, qanunsuz miqrasiya, narkotiklərin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə üzrə görülmüş işlər, habelə regiondakı mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər haqqında qonaqlara ətraflı məlumat vermişdir. Nazir həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı problem haqqında söhbət açaraq, ölkəmizin işğal olunmuş ərazilərinin və həmin ərazinin qonşu İran İslam Respublikası ilə həmsərhəd olan 132 kilometrlik nəzarətdən kənar hissəsinin, burada baş verən proseslərin nəinki region, eləcə də Avropa dövlətləri üçün də ciddi narahatlıq doğurduğunu diqqətə çatdırmışdır. Azərbaycanın silahlı separatçılıq, ekstremizm təzahürlərinin, Ermənistanın hərbi təcavüzünün çətinlikləri ilə üzləşdiyini bildirən general-leytenant Eldar Mahmudov, eyni zamanda daha bir qlobal təhlükə olan beynəlxalq terrorçuluq təhdidlərinin qarşısının alınması üzrə həyata keçirilmiş tədbirlərdən danışmışdır. O, Azərbaycanın mühüm geo-strateji məkanda və tarixi İpək Yolunun üstundə yerləşməsi, burada mühüm layihələrin həyata keçirilməsi baxımından, beynəlxalq terrorçu təşkilatların təhdidlərinə həssas olduğunu bildirərək, bütün bu amillərin maraqlı dövlətlərlə tərəfdaşlıq münasibətlərinin qurulmasını və inkişafını, habelə təcrübə və informasiya mübadiləsinin genişləndirilməsini zəruri etdiyini vurğulamışdır. Səmimi və mehriban qarşılandığına, geniş və dolğun məlumata görə təşəkkürünü çatdıran Layoş Qalamboş hər iki ölkənin demək olar ki, eyni vaxtda dövlət müstəqilliyi əldə etməsini, Macarıstan Respublikasının Azərbaycanla sıx dostluq əlaqələrinin və bütün dövlət strukturları arasında əməkdaşlıq münasibətlərinin formalaşmasına xüsusi önəm verdiyini bildirmişdir. O, həmçinin ölkəsinin Azərbaycanın Avropa İttifaqına inteqrasiyasına köməklik göstərməyə daim hazır olduğunu bildirərək, eyni zamanda terrorçuluq və ekstremizm təzahürlərinin qarşısının alınması istiqamətində bütün qüvvə və vasitələrin birləşdirilməsinin vacibliyini qeyd etmişdir. Baş direktor Layoş Qalamboş hər iki dövlətin xüsusi xidmət orqanları arasında əsası qoyulan əməkdaşlıq əlaqələrinin qısa bir müddətdə öz bəhrəsini verəcəyinə, bu məqsədlərlə geniş təcrübə və məlumat mübadiləsi mexanizminin yaranacağına əminliyini bildirmişdir. İşgüzar və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran bir sıra digər məsələlərə də dair fikir mübadiləsi aparılmışdır.
|