|
Maddə 8. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması sistemi və onun məqsədləri 8.1. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında qarşılıqlı fəaliyyət göstərən və öz səlahiyyətləri çərçivəsində milli təhlükəsizliyin təmin olunmasına cavabdeh olan qüvvələr və digər dövlət orqanları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması sistemini təşkil edirlər və milli təhlükəsizliyin təmin olunmasına görə məsuliyyət daşıyırlar. 8.2. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması sistemi vahid dövlət siyasətinin hazırlanması, siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekoloji, elm, mədəniyyət və mənəviyyat, habelə digər sahələrdə milli maraqların qorunması prosesinin kompleks fəaliyyət şəklində səmərəli tətbiqi üçün yaradılır. 8.3. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması məqsədləri aşağıdakılardır: 8.3.1. insanın təhlükəsizliyi-insanın hərtərəfli inkişafı üçün əlverişli şəraitin mövcudluğu, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ümumdövlət tədbirlərinin həyata keçirilməsi; 8.3.2. cəmiyyətin təhlükəsizliyi-Azərbaycan xalqının həyati əhəmiyyətli maraq və tələbatlarının, habelə ictimai dəyərlər sisteminin təhlükə və təhdidlərdən qorunması; 8.3.3. dövlətin təhlükəsizliyi-Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun və həyati əhəmiyyətli digər maraqlarının təhdidlərdən qorunması.
Maddə 9. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması sisteminin əsas vəzifələri 9.0. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması sisteminin əsas vəzifələri aşağıdakılardır: 9.0.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlərin aşkarlanması, təhlili və proqnozlaşdırılması; 9.0.2. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlərin qabaqlanması və qarşısının alınması üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi; 9.0.3. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvə və vasitələrin formalaşdırılması və hazırlığının təmin edilməsi; 9.0.4. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə bilavasitə təhdid və qəsdlərin yarandığı təqdirdə bütün qüvvə və vasitələrin səfərbər edilməsi, müvafiq əks tədbirlər kompleksinin həyata keçirilməsi, yaranmış vəziyyətin mümkün nəticələrinin lokallaşdırılması və aradan qaldırılması; 9.0.5.Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə müvafiq olaraq ümumi və regional təhlükəsizliyin təmin olunmasında iştirak.
Maddə 10. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları 10.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları-dövlət tərəfindən yaradılan, qanunvericilik çərçivəsində fəaliyyət göstərən və Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin etmə qabiliyyətinə malik olan qurumlardır. 10.2. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları aşağıdakılardır: 10.2.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələr; 10.2.2. Azərbaycan Respublikasının xüsusi xidmət orqanları; 10.2.3. polis, prokurorluq, gömrük, vergi və digər hüquq mühafizə orqanları; 10.2.4. sənaye, energetika, nəqliyyat sahəsində işlərin təhlükəsiz görülməsi qaydalarına məsuliyyət daşıyan, rabitə və informasiya təhlükəsizliyini, ətraf mühitin mühafizəsini və əhalinin sağlamlığının qorunmasını təmin edən dövlət orqanları və milli təhlükəsizliyinin təmin olunmasında iştirak edən digər dövlət orqanları. 10.3. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada qarşılıqlı fəaliyyət göstərir və səlahiyyətləri ilə bağlı məsələlərlə əlaqədar bir-birini qarşılıqlı surətdə məlumatlandırırlar. Maddə 11. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələrin və dövlət orqanlarının səlahiyyətləri 11.0. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları öz səlahiyyətləri daxilində: 11.0.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması ilə əlaqədar tədbirlər planlaşdırır və həyata keçirirlər; 11.0.2. Azərbaycan Respublikasının milli təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər verirlər; 11.0.3. Azərbaycan Respublikasının milli təhlükəsizliyi sahəsində qanunlara və digər normativ-hüquqi aktlara riayət olunmasını təmin edirlər; 11.0.4. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təhdid edən, milli maraqlara zərər vura bilən fəaliyyətin qarşısının alınması üçün müvafiq tədbirlər görürlər.
Maddə 12. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında vətəndaşların iştirakı 12.0. Azərbaycan Respublikasının vətəndaşları: 12.0.1. seçki, referendum və qanunla müəyyən olunmuş digər demokratik vasitələrlə Azərbaycan Respublikasının milli maraqları və onların müdafiəsinin yolları haqda öz fikir və təkliflərini ifadə və icra edirlər; 12.0.2. qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması məqsədi ilə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən hazırlanmış tədbirləri könüllü və ya konstitusiya vəzifələrinin yerinə yetirilməsi şəklində həyata keçirirlər; 12.0.3. ölkə həyatının müxtəlif sahələrində təzahür edən təhlükəli hallara dövlət və ictimai təsisatların diqqətini cəlb edir, bütün qanuni vasitələrlə dövlətin təhlükəsizliyi, habelə hüquq və maraqlarının müdafiə olunmasına çalışırlar.
Maddə 13. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında insan hüquq və azadlıqlarının müdafiəsi
13.1. Azərbaycan dövləti Azərbaycan Respublikasının qanunvericiliyinə və onun tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq öz ərazisində olan hər bir şəxsin təhlükəsizliyini təmin edir. Azərbaycan Respublikası ərazisindən kənarda müvəqqəti və daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsi üçün tədbirlər görür və onlara hamilik edir. 13.2. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yalnız qanunla müəyyən edilmiş hallarda yol verilə bilər. Hər bir şəxs öz hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə bağlı milli təhlükəsizliyi təmin edən subyektlərdən qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat almaq hüququna malikdir. 13.3. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında səlahiyyət həddini aşmış vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 13.4. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında kömək göstərmiş hər bir şəxsə dövlət himayəsi, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada hüquqi müdafiə təminatı verilir. 13.5. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyan zərərçəkənlərin tələbi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməlidir.
|