|
Qapı qəfil döyüldü. Sanki bu səsə bəndmiş kimi balaca Şəhriyarla Nigar ağlaşdılar. Gələn Nadirin iş yoldaşı Ağalardı. Evin gəlini Yaqut xanım qonağa xoşgəldin edib çay gətirdi. Sonra uşaqları ovutmaq üçün qonşu otağa keçdi. Uşaqlarsa kirimək bilmirdilər. Sanki qonağın bəd xəbərlə gəldiyini körpələr duymuşdular…
Alış dayı ilə Səmərqənd ana Ağaların qəfil gəlişinin səbəbini soruşanda o,«Suraxanıya gəlmişdim, dedim, bir sizə də baş çəkim» deyə günahkar adamlar kimi başını qaldırmadan dilləndi. Ağaların rəngi Səmərqənd ananı şübhələndirdi. Ürəyinə daman şübhələri qovmağa çalışsa da bacarmadı. Ağalar çaya əl uzatmadı. Tələsirəm, deyə üzünü Alış dayıya tutub, bəlkə bir həyətə düşək, dedi. Alış kişinin həyətə düşməyi ilə qayıtmağı bir oldu. Özünü toxtaq tutmağa çalışsa da bacarmadı: «Nadir yaralanıb, gətirirlər» deyə yazıq-yazıq ömür-gün yoldaşına baxdı. Səmərqənd ana «A kişi, yaralını qospitala apararlar, evə niyə gətirirlər, ta denən evimiz yıxılıb» deyə bayıldı…
Nadir Alış oğlu Əliyev 1962-ci il iyul ayının 30-da Ağdamın Əliağalı kəndində anadan olmuşdu. Ailədə 3-cü uşaq idi.
Nadir 8-ci sinfədək doğma Əliağalı kəndində təhsil alıb. Əlaçı olduğuna görə şəkli şərəf lövhəsindən düşməyib. Sonra Bakıdakı Politexnik Texnikumunda təhsilini davam etdirib və bu təhsil ocağını qırmızı diplomla bitirib. 1981-83-cü illərdə Qazaxıstanda hərbi xidmət keçib. 1984-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.
Səmərqənd ana: Çox sakit uşaq olub Nadir. Kürlüyünü görməmişdik. Dərsdən gəlib nahar edən kimi dəftər-kitabını toqqasına keçirib yollanardı kəndin kənarına. Dərslərini açıq havada hazırlamağı xoşlayardı. Ümumiyyətlə təbiəti çox sevirdi. Böyüklə böyük, kiçiklə kiçik idi. Kitablara böyük marağı vardı. Hara qonaq getsəydi özülə kitab aparardı. Kiçik xərclik üçün verdiyimiz pulu yığar, özünə kitablar alardı. Bütün sahələrə aid kitablar oxuyardı. İnsan gərək hərtərəfli yetişsin, deyərdi.
1984-cü ilin yayı idi. Atası xəstə olduğundan Kəlbəcərdəki İstisu sanatoriyasına müalicəyə aparmışdıq. Orada eşitdik ki, Nadir universitetə daxil olub. Düzü inanmadıq. Çünki harasa sənəd verəcəyini bizə bildirməmişdi.
Deyirdi, ana, sənin nə arzun olsa, hamısını yerinə yetirəcəm. Uşaqlıqdan çekist olmaq istəyirdi. Mənsə razı deyildim. Deyirdim, ay oğul, çekistlərin işi çətindir, ailəsi-uşağı aylarla üzünə həsrət qalır. O da zarafata salır, ay ana, təki ürəklər bir yerdə olsun, deyirdi. Universitetə daxil olandan sonra ürəyim sakitləşdi, fikirləşdim ki, daha öz arzusunu unudar. Amma əksinə oldu.
1986-cı ildə Nadir 2-ci kursun yay semestrinə buraxılmışdı. Baxıb gördüm ki, gülə-gülə mənə sarı gəlir. Məni qucaqlayıb o üzümdən, bu üzümdən öpdü. Yaman sevinirdi. Dedim, nə olub, ay Nadir, yenə imtahandan «5» almısan? Dedi yox, ay ana bu gün bilirsən nə olub? Məni Dövlət Təhlükəsizlik Komitəsinə çağırmışdılar, Moskvaya oxumağa göndərirlər. Dedim, ay oğul, sənin Moskvada nə işin var, bəs hüquqda oxumağın necə olacaq, bundan yaxşı məktəb? Dedi, Moskvadakı məktəb bütün məktəblərin şahıdır. Heç narahat olma, qayıdıb hüququ da bitirəcəm, axı sənə söz vermişəm. Nadirin sözlərindən sonra məni ağlamaq tutdu. Boynumu qucaqlayıb, yaxşı, ağlama, ay ana, onda xeyir-dua ver, Moskvaya gedim, orda suallara cavab vermərəm, məni qəbul eləməzlər, qayıdıb gələrəm. İnandım. Çünki yalan danışmağı yox idi. Yola saldıq getdi. Bir neçə gündən sonra poçtalyon Nadirdən teleqram gətirdi. Texnikumu qırmızı diplomla bitirdiyindən Moskvada bir imtahan verməliydi. Birinci imtahandan «5» almış, tələbə adını qazanmışdı. Gələndə dedim, Nadir, bəs dedin cavab verməyəcəm, qayıdıb gələcəm. Dedi, ona görə cavab verdim ki, deməsinlər azərbaycanlılar savadsızdır, özümə sığışdırmadım. Düzünü de, sən istəyərdin ki, sənin oğluna savadsız desinlər? Dinmədim, haqlı sözə nə deyə bilərdim. Bu minvalla Moskvada 5 il oxudu.
Nadir Moskvada Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbini bitirib Bakıya qayıdır. Həmin dövrdə Dağlıq Qarabağda vəziyyət gərginləşdiyindən azərbaycanlılara qarşı münasibət də dəyişmişdi. Qarabağətrafı rayon və kəndlərdə yaşayan azərbaycanlıların evində hər gün axtarış aparılır, silah-sursat gizlətməkdə ittiham olunurdular. Nadirə mərkəzdə xidmət etmək təklif olunsa da razılaşmır. Əməliyyat müvəkkili kimi ilk işinə Ağdərədə başlayır.
Ağdərənin işğalından sonra Ağdam rayon şöbəsinə dəyişilir. Vətəninə, torpağına canı, qəlbi, bütün varlığı ilə bağlı olan gənc zabit hərbi əməliyyatların hazırlanıb uğurla həyata keçirilməsində fəallıq göstərir. İllərlə qazandığı bilik və bacarığı, yüksək peşəkarlıq qabiliyyəti ona hər sahədə yardımçı olur.
Nadir əməliyyatçıların üzərinə böyük məsuliyyət düşdüyünü dərindən dərk edirdi. Düşmən qüvvələrinin yerləşdiyi mövqelərin sxemini dəqiqliklə çəkirdi. Bu sxemlərə əsasən əməliyyat planları hazırlanır, ermənilərin növbəti hücumlarının qarşısı alınırdı. Nadir torpağın hər qarışının müdafiəsi üçün həyatını təhlükə qarşısında qoymaqdan belə çəkinmirdi.
22 iyul 1993-cü il.
Nadirin iş yoldaşı Elşad Əliyev o günü belə xatırlayır:
Ağdamda bizim yerli şöbənin 3 əməkdaşı Nadir, Ravil, mən birdə rayon rabitəçilərindən başqa kimsə qalmamışdı. Şəhər boşalmış, yerli əhali təhlükəsiz yerə köçürülmüşdü. Biz hara gedəcəyimizi , hansı işi görəcəyimizi qərara alandan sonra məlumat əldə etmək üçün hərəmiz bir kəndə yollandıq. Bir neçə saatdan sonra şöbəyə qayıdıb, vəziyyət barədə nazirliyə məlumat verməliydik. Nadir könüllülərdən ibarət bir qrup yaratmışdı. Bizdən ayrılandan sonra Nadir Qiyaslı kəndinə erməni kəşfiyyatçılarının girdiyi barədə məlumat əldə edir. O, vaxt itirmədən könüllülərlə birgə həmin kəndə yollanır. Kəndi ermənilərdən azad etmək üçün ölüm-dirim savaşı gedir. Bu döyüşdə Nadir yaralanır. Ermənilər onu diri tutmaq istəsələr də, əlavə qüvvənin gəldiyini görüb silahı ürəyinə tuşlayırlar…
Nadir çox fədakar, mərd oğlan idi. Qorxu nə olduğunu bilməzdi. Tək olsa belə, silahını götürüb ermənilərin üstünə gedəcəkdi. Balaca atışma səsi eşidən kimi birbaşa ön cəbhəyə yollandığının dəfələrlə şahidi olmuşdum. Torpaqlarımızın düşmən tapdağı altında qalması ilə heç cür barışa bilmirdi. Döyüşlərdə öndə gedərdi. Vətənini canından çox sevirdi. Sevgisini də əməlləriylə sübut etdi.
Bu gün Nadirin iki gül balası Şəhriyarla Nigar təhsil aldıqları məktəbə fəxrlə gedib-gəlir, ataları qəhrəman Nadirin adına layiq övlad kimi böyüyürlər.
Qədirbilən xalqımız Nadir Alış oğlu Əliyevin adını əbədiləşdirib. Bir vaxtlar yaşadığı binanın qarşısında barelyefi açılıb. Günəşli qəsəbəsindəki 282 saylı orta məktəb şəhid Nadirin adını daşıyır. Respublika prezidentinin 1994-cü il fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı, baş leytenant Əliyev Nadir Alış oğluna (ölümündən sonra) «Azərbaycanın Milli Qəhrəmanı» adı verilib.
Xatirə Tağıyeva
«Azərbaycan» 9 aprel 2004-cü il
|