|
Azərbaycan Respublikasının ərazisinin bir hissəsi olan Dağlıq və Aran Qarabağdan ibarət olan Qarabağın tarixi qədim dövrlərə gedib çıxır. Qarabağ tarixən həmişə bütün Azərbaycan dövlətlərinin tərkib hissəsi olmuşdur.
Uzun müddət Qarabağ ərazisi Azərbaycanın şimalında bizim eradan əvvəl 4-cü əsrdə yaranmış və bizim eranın 8-ci əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyası (Balkan yarımadasındakı Albaniya ilə səhv salınmamalıdır) çarlığının bir hissəsi olmuşdur. Sonra o daima Azərbaycan sülalələri – Sacilər (eramızın 9-10-cu əsrləri), Salarilər (10-cu əsr), Şəddadilər (10-11-ci əsrlər), Atabəy-Eldəgizlər (12-13-cü əsrlər), cəlairilər (14-15-ci əsrlər), Qaraqoyunlular (15-ci əsr), Ağqoyunlular (15-16-cı əsrlər), Səfəvilər (16-17-ci əsrlər) - tərəfindən rəhbərlik edilən digər dövlətlərin və eləcə də Azərbaycanın da ərazisinin daxil olduğu Ərəb Xilafəti (8-9-cu əsrlər), Böyük Səlcuqlar (11-12-ci əsrlər), Monqol Hülakilər (13-14-cü əsrlər) və Qacarlar (18-19-cu əsrlər) kimi imperiyaların bir hissəsi olmuşdur.
Yerli rəhbərlərlə onların hökmdarları arasında tabeçilik əlaqələrinin nümunəsi kimi burada qeyd etmək lazımdır ki, 15-ci əsrdə Qaraqoyunlu sülaləsindən olan cahan Şah Qarabağa rəhbərlik edən Həsən cəlalın sülaləsinə məlik (ərəb dilindən tərcümədə sahib, başçı, ağa və ya hökmdar deməkdir) titulunu vermişdi.
Azərbaycan xalqının formalaşmasında müxtəlif dini etiqadlar və müxtəlif siyasi qüvvələr rəqabət aparmışdır. Bizim eranın 4-cü əsrində Azərbaycanda xristianlığın qəbul edilməsi vaxtı Azərbaycan bir çox etnik qrupların və müxtəlif dinlərin mövcud olduğu mühitə malik idi. Etnik cəhətdən azərbaycanlı olan Qafqaz Albaniyasının əhalisi 4-cü əsrə qədər nəticə etibarilə İrana yayılan və Zoroastrianizmə çevrilən atəşpərəstlik dininə etiqad edirdi. Azərbaycanın tarixi inkişaf dövründə xristian və İslam dinləri müxtəlif zamanlarda üstünlük təşkil etmiş və son nəticədə Azərbaycan etnosu daxilində bir neçə parçalanma olmuşdur. Qafqaz Albaniyası xristianlığı dövlət dini kimi qəbul etdikdə (bizim eranın 313-cü ili) xristian olmaqdan imtina edən azərbaycanlılardan bəziləri oda sitayiş etməkdə davam edirdi. Əhalinin böyük bir hissəsi İslam dininə etiqad etməyə başladıqda uçurum daha da dərinləşdi. Bununla belə, bizim eranın 6-7-ci əsrlərində yaradılmış avtokefal Alban kilsəsi Rusiyanın çar hökuməti tərəfindən 1836-cı ildə ləğv edilənə qədər mövcud olmaqda davam etmişdir.
Rusiya imperiyası öz maraqlarına uyğun fəaliyyət göstərərək regionda təsir əldə etmək üçün dindən istifadə edirdi. Bu məqsədlə o müstəqil Alban kilsəsini ləğv edərək Alban Patriarxlığını azərbaycanlı Qaraqoyunlu sülaləsinin erməni Patriarxlığını Silisiyadan İrəvan yaxınlığındakı (Rusiya imperiyası tərəfindən zəbt edilmiş Azərbaycanın müstəqil İrəvan Xanlığının paytaxtının Azərbaycan dilində oricinal tələffüzü, hazırda Yerevan) İçmədzinə köçürməyə icazə vermək barədə 1441-ci ildə qərar qəbul etməsindən sonra inkişaf etməyə başlayan erməni Qreqorian kilsəsinə tabe etdi. Albaniyanın xristian əhalisi tədricən erməni kilsəsinə qoşulmağa məcbur edildi.
Hətta Qarabağın yerli Qafqaz albanları erməni qreqorianlığını qəbul etdikdən sonra bəziləri tabe olmayaraq Kür çayının sol sahilinə miqrasiya etdilər – onların nəsilləri hələ də Şimali Azərbaycanda Nic kəndində yayşayırlar.Rusiyanın hakimiyyət dairələri 1909 və 1910-cu illərdə Qafqaz Albaniyasının ədəbiyyat nümunələrinin də daxil olduğu Alban arxivlərinin məhv edilməsi barədə erməni kilsəi ilə razılığa gəldi.
Rusiya tarixçisi V.L.Veliçko Albaniya və Gürcüstandakı bir-birinə oxşar olan bu hərəkətləri pisləmişdi.18-ci əsrdən başlayaraq ermənilər onları özünün Osmanlı və Fars imperiyaları ilə rəqabətində istifadə edən Rusiyanın timsalında müttəfiq əldə etdilər. Regionda siyasətini həyata keçirmək üçün Rusiya yerli əhalinin öz torpaqlarına olan hüquqlarına etinasız yanaşaraq onları yurdlarından, xüsusilə Azərbaycanın Qarabağ və Zəngəzur vilayətlərindən köçürməyə çalışırdı. 1805-ci ildə Rusiya yerli hökmdarlarla, xüsusilə Azərbaycanın müstəqil Qarabağ xanlığının ("Pənahabad" adlanan Şuşa qalası paytaxt olmaqla) başçısı İbrahimxəlil xanla və həmçinin Şəki və Şamaxı xanlıqlarının rəhbərləri ilə danışıqlar aparırdı. Hərbi istila vasitəsilə Rusiya qalan digər yerli Azərbaycan xanlıqları olan Lənkəran, Bakı, Quba, Gəncə, Dərbəndi və 1826-cı ildə isə Azərbaycan xanlıqları Naxçıvan və İrəvanı öz ərazisinə birləşdirdi. Əslində isə Rusiya öz imperiyasının sərhədində müstəqilliklərini saxlamaq uğrunda mübarizə aparan yerli Azərbaycan xanlıqlarına qarşı bufer kimi xristian erməni əhalisinin yerləşdirilməsində maraqlı idi.
Təkcə 1828-1830-cu illərdə Türkmənçay müqaviləsinə uyğun olaraq Rusiyanın imperiya hökuməti İran və Türkiyədən təxminən 130 min ermənini, o cümlədən 50 mindən artığı Qarabağda olmaqla, Azərbaycan xanlıqlarının ərazisində yerləşdirdi. Rusiya cənubi Qafqazı zəbt edəndə "Ermənistan" anlayışı siyasi, ərazi mahiyyəti kəsb etmirdi. Ermənilər sadəcə Azərbaycan xanlıqları daxilində müsəlman çoxluğu arasında xristian icması kimi tanınırdı. Bununla belə, Türkmənçay müqaviləsindən sonra Rusiya yeni inzibati vahid yaradaraq burada ermənilərin azlıq təşkil etməsinə baxmayaraq, onu "Erməni vilayəti" adlandırdı. "Erməni vilayəti" 1849-cu ildə ləğv edilərək Rusiya imperiyası daxilində inzibati-ərazi bölgüsünün strukturuna uyğun olaraq İrəvan Qubernatorluğu ilə əvəz olundu.
19-cu əsrdən başlayaraq ermənilər onların hərbi və siyasi zəifliklərinə baxmayaraq, öz siyasi proqramlarını (son məqsəd kimi müstəqil erməni dövlətinin yaradılması) həyata keçirməyə və Böyük Qüvvələrin Anadoluda və cənubi Qafqazda rəqabətindən öz xeyirlərinə istifadə etməyə çalışırdılar. 1878-ci ildə keçirilmiş Berlin Konqresi və San Stefano Konfransı ilə 1914-cü ildə I Dünya Müharibəsinin başlanması arasında "erməni məsələsi"nin meydana gəlməsi münaqişənin yaranmasına səbəb oldu. Bu vaxt ərzində Rusiyanın razılığı ilə İran və Türkiyədən Azərbaycanın tarixi torpaqlarına daha 500 min erməni köçürüldü.
Azərbaycanın hesabına öz dövlətlərini yaratmaq istəyən erməni ultramillətçilərinin ambisiyaları maraqlar üst-üstə düşdüyü üçün Rusiya hökmdarlarının mənafelərinə uyğun idi. Bu siyasət Sovet dövründə də davam etdi.Rusiyada 1917-ci ilin fevral və oktyabr inqilabları "erməni məsələsi"ndə yeni mərhələnin başlanğıcını qoydu. 1917-ci ilin oktyabrında Tiflisdə (hazırda Tbilisi, Gürcüstanın paytaxtı) erməni Konqresi toplaşaraq I Dünya Müharibəsi ərzində Rusiya ordusunun işğal etdiyi Şərqi Türkiyənin Rusiya tərəfindən birləşdirilməsini tələb etdi. Həmin il dekabrın 31-də Xalq Komissarları Şurası tərəfindən "Türkiyə Ermənistanı"nın öz müqəddaratını təyin etmə hüququ haqqında Lenin və Stalin tərəfindən imzalanan qərar qəbul edildi.
28 may 1918-ci ildə müsəlman dünyasında ilk demokratik dövlət – Azərbaycan Respublikası yaradıldı. Yeni ölkənin hökuməti tərəfindən atılmış ilk addımlardan biri də növbəti gün 29 may 1918-ci ildə İrəvan şəhərinin (Azərbaycanın əvvəlki İrəvan xanlığının paytaxtı) öz müstəqilliyini Azərbaycandan bir gün qabaq - 27 may 1918-ci ildə elan etmiş və hələ də siyasi mərkəzə malik olmayan Ermənistan Respublikasına güzəştə gedilməsi oldu. O vaxt Ermənistan Respublikasının ərazisi İçmədzin, Aleksandropol və əhalisinin 50 faizi azərbaycanlılar olan Yeni Bayazid və İrəvan uyezdlərinin bir hissəsi ilə məhdudlaşırdı.
Bununla belə, Daşnak (Daşnaksutyun) partiyasının rəhbərlik etdiyi Ermənistan hökuməti Azərbaycandan Naxçıvan, Zəngəzur və Qarabağ ərazilərini də tələb etdi və bu da 1918-20-ci illərdə Azərbaycan və Ermənistan arasında müharibəyə səbəb oldu. Döyüşlərdə və eləcə də Daşnakların rəhbərlik etdiyi ermənilər və bolşeviklər tərəfindən demək olar ki, Azərbaycanın bütün əsas şəhərlərində törədilmiş qırğınlarda minlərlə azərbaycanlı qətlə yetirildi. Bu münaqişə Azərbaycan və regionun digər ölkələrinin öz müstəqillik və suverenliklərini qoruyub-saxlamaq uğrunda apardıqları mübarizəni ciddi sarsıtdı.Ermənistanın Daşnak hökuməti 1920-ci ilin noyabrına – bütün Daşnak hökumətinin Sovet Rusiyası tərəfindən yıxılmasına qədər Qarabağ, Naxçıvan və Zəngəzurda müharibəni davam edirdi. Lakin bu ərazi mübahisəsinin həllinə gətirib çıxartmadı.
Ermənistan Sovet Sosialist Respublikası öz sələfləri kimi eyni ərazi iddialarını davam etdirdi. Bu tələblərə cavab olaraq Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin Qafqaz Bürosu 5 iyul 1921-ci ildə keçirilmiş görüşündə aşağıdakı qərarı qəbul etdi: "Müsəlmanlar və ermənilər arasında milli sülhün vacibliyini, Yuxarı və Aşağı Qarabağ arasında iqtisadi əlaqələrin zəruriliyini və Yuxarı Qarabağın Azərbaycanla daimi əlaqələrini nəzərə almaqla Dağlıq Qarabağ Azərbaycan Sovet Sosialist Respublikasının sərhədləri daxilində saxlanılacaqdır və Dağlıq Qarabağa inzibati mərkəzi Şuşa şəhəri olmaqla geniş muxtariyyət veriləcəkdir". 1922-ci ildə Azərbaycan Sovet Sosialist Respublikası SSRİ-nin tərkibinə qatıldı.
1923-cü ilin iyulunda qəbul olunmuş qərarla Sovet Azərbaycanının Mərkəzi İcraiyə Komitəsi Dağlıq Qarabağ üçün muxtar region statusu – Azərbaycan SSR tərkibində hüquqi qurum olan Dağlıq Qarabağ Muxtar Vilayətini (DQMV) yaratdı. DQMV-nin inzibati mərkəzi Şuşadan Xankəndinə köçürüldü (həmin il onun adı ermənilər tərəfindən erməni bolşeviki Stepan Şaumyanın şərəfinə "Stepanakert" adına dəyişdirildi). "Dağlıq Qarabağın" inzibati sərhədləri etnik cəhətdən qarışıq olan bu regionda ermənilərin çoxluğunu təmin etmək üçün süni olaraq müəyyən edildi. Çar dövründə əhalinin rəsmi qeydiyyatı göstərir ki, Qarabağın əhalisinin böyük bir hissəsi 1826-28-ci illərdə Rusiya-İran müharibəsinə son qoyan Türkmənçay müqaviləsində nəzərdə tutulduğu kimi İrandan olan ermənilərdir (50 mindən çox). Ermənilərin bu yolla yaranmış çoxluğu süni yolla erməni qurumunun yaradılması üçün əsas kimi istifadə olundu.
Sovet İttifaqının siyasəti də qərəzsizlikdən çox uzaq idi. Burada bir neçə məqama toxunulmalıdır. Məsələn, DQMV və onun 138600 erməni və 47500 azərbaycanlı əhalisindən (1989) fərqli olaraq nə SSRİ-nin mərkəzi hökuməti, nə də Ermənistan SSR burada kompakt yaşayan 300000 azərbaycanlıya (bir fakt nəzərə alınmalıdır ki, o vaxt Ermənistanın 3 milyonluq əhalisi ilə müqayisədə Azərbaycanın 7 milyonluq əhalisi var idi) heç zaman hətta mədəni muxtariyyət statusunun belə verilməsinin mümkünlüyünü nəzərdən keçirmə¬mişdir. Bundan başqa, onlardan çoxu xüsusilə 1948-50-ci illərdə zorla Ermənistandan deportasiya olunmuşdular. Bütün azərbaycanlıların Ermənistandan etnik təmizlənməsi 1988-89-cu illərdə başa çatdırıldı.
Həmçinin qeyd olunmalıdır ki, bolşeviklər Azərbaycana əvvəlki döyüşlərdə itirilmiş əraziləri qaytarmadılar. 1921-ci ildə Sovet hökuməti Ermənistanın Zəngəzuru saxlamasını leqallaşdıraraq Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionunu ayırdı. O vaxtdan bəri Naxçıvan təcrid olundu. Növbəti il 1922-ci ildə Dilican və Göycə həmçinin Azərbaycandan alınaraq Ermənistan SSR-iyə verildi. Bir çox kəndlər də həmçinin qarşılıqlılıq olmadan 1929-cu ildə Naxçıvandan, 1969-cu ildə Gədəbəydən və 1984-cü ildə Qazax rayonundan alınaraq Ermənistana verildi. Sovet dövrü ərzində Azərbaycandan Ermənistana ərazilərin verilməsi nəticəsində Azərbaycanın ərazisi 1920-ci ildə (hələ müstəqil olarkən) 97300 kv.km-dən 1988-ci ildə 86600 kv.km-ə qədər azaldı.
Ermənilərin ekspansionist ambisiyaları Moskvadakı mərkəzi hökumət tərəfindən regionlarda dağıntılar yaratmaq üçün elə bacarıqla istifadə olundu ki, bu da son nəticədə 1980-ci illərin sonlarında on ildən artıq bir müddətə bütün bölgəyə böyük zərərlər vurmuş dəhşətli təcavüzə və bədbəxtliklərə gətirib çıxartdı. Hazırda hər səkkiz azərbaycanlıdan biri Dağlıq Qarabağdan və ya ətraf rayonlardan yaxud Ermənistandan qovulmuş qaçqın və ya məcburi köçkündür. Bundan başqa, 1992-93-cü illərdə ermənilər Dağlıq Qarabağ (əvvəlki Dağlıq Qarabağ Müxtar Vilayətindən ibarət olan) və onu əhatə edən yeddi Azərbaycan rayonunu işğal edərək bu ərazilərdə görünməmiş qəddarlıqlar törətdilər və etnik təmizləmə həyata keçirdilər. Nə tarix, nə də sıxışdırılma ermənilərin münaqişəyə gətirib çıxaran ərazi iddialarına haqq qazandıra bilməz. Azərbaycan hökuməti buna görə də bu faciəli münaqişənin sülh yolu ilə həll edilməsinin və onun bütün nəticələrinin aradan qaldırılmasının - ilk növbədə işğal olunmuş bütün ərazilərin azad olunması və azərbaycanlı əhalinin öz evlərinə qayıtmasının tərəfdarıdır.
Münaqişə Rusiyanın Ermənistana siyasi və hərbi dəstək göstərməsi ilə daha da dərinləşdi. 1993-cü ildən bəri Ermənistan Rusiyadan 1 milyard dollarlıq silah-sursat (ən müasir tanklar, zirehli transportyorlar, SKAD raketləri və tonlarla döyüş sursatı) almışdır.1992-ci ildən başlayan ardıcıl erməni hücumları Dağlıq Qarabağ və ətraf 7 rayon daxil olmaqla Azərbaycan ərazisinin təxminən 20 faizinin işğalı ilə nəticələnmişdir. Beləliklə, Azərbaycan sağ qalmaq naminə öz doğma yurdlarını tərk etməyə məcbur olunmuş təxminən 1 milyon qaçqın və məcburi köçkün problemi ilə üzləşmişdir.
Dağlıq Qarabağ Azərbaycanın daxilində anklav təşkil edir və Ermənistanla sərhədlərə malik deyildir. Münaqişə başlamazdan əvvəl Ermənistan 200000 azərbaycanlını öz ərazisindən deportasiya etmişdir. O, daha sonra bütün Dağlıq Qarabağ ərazisini və ətraf 7 rayonu işğal edərək həmin əraziləri faktiki olaraq Ermənistana birləşdirmişdir. Bu proseslər ərzində Azərbaycana məxsus həmin regionlarda əvvəllər yaşamış bütün azərbaycanlılar öz həyatlarını xilas etmək üçün qaçmağa məcbur olmuşlar.
Qeyd etmək lazımdır ki, hətta nasistlər işğal etdikləri ərazilərin sakinlərinə orada qalmağa və yaşamağa icazə verirdilər. Lakin ermənilər azərbaycanlıları bütün işğal olunmuş ərazilərdən qovmuşlar. 1992-ci ilin 26 fevralında bir gecədə tamamilə dağıdılmış, ərazisində qadın və uşaqlar da daxil olmaqla 700-dən artıq mülki şəxsin qətlə yetirildiyi, digərlərinin isə zorla deportasiya olunduğu, Dağlıq Qarabağda yerləşən kiçik Xocalı şəhəri azərbaycanlılara qarşı törədilmiş genosidin acı nümunələrindəndir. Nəticə etibarilə Azərbaycan prezidenti bu kimi hadisələrin və əvvəllər törədilmiş faciəvi qətlyamların unudulmaması məqsədilə 31 mart tarixini "Azərbaycanlılara qarşı soyqırım günü" elan etmişdir.
1994-cü ilin mayında atəşkəs barədə razılıq əldə olunsa da, münaqişənin danışıqlar yolu ilə həlli cəhdləri boşa çıxmışdır. 1992-ci ildən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) münaqişənin həlli üçün vasitəçilik missiyasını yerinə yetirir və təşkilatın 1996-cı ildə Lissabonda keçirilmiş samitində 54 üzv dövlətdən 53-ü münaqişənin həlli üzrə 3 prinsipi əks etdirən bəyənnamə qəbul etmişlər. Həmin sənəd Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyindən (Sovetlər dönəmindən qalmış sərhədlərin toxunulmazlığı nəzərdə tutulur) Ermənistan bəyənnamənin qəbul olunmasına etiraz edən yeganə dövlət olmuşdu.
1996-cı ildə ATƏT özünün Minsk Qrupuna ABŞ, Rusiya və Fransanı həmsədr təyin etmişdir. Bu regionda sülh danışıqlarının aparılmasına cavabdehlik də Minsk Qrupuna həvalə edilmişdir. Bir az sonra isə həmsədrlər iki mərhələli sülh planı işləyib hazırlamışdılar:
1. Dağlıq Qarabağ istisna olmaqla Azərbaycanın bütün işğal olunmuş ərazilərindən erməni silahlı qüvvələrinin çıxarılması; 2. Azərbaycanın tərkibində bir qurum kimi Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi üzrə danışıqlara başlanılması.
Bu təklif Azərbaycan prezidenti və Ermənistan prezidenti Levon Ter Petrosyan tərəfindən qəbul edildi. Lakin Ermənistandakı radikal qüvvələr və Dağlıq Qarabağdakı etnik ermənilər həmin təklifə qarşı çıxdılar. Nəticə olaraq prezident Ter-Petrosyan istefa verməli oldu və onu radikal qüvvələr əvəz etdilər. Hazırda sülh prosesi yenə də havadan asılı vəziyyətdə qalmışdır. Azərbaycan münaqişənin Lissabon sammitində qəbul olunmuş aşağıdakı prinsiplərə müvafiq surətdə dinc həllinə tərəfdardır:
1. Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyünün tanınması; 2. Azərbaycan Dağlıq Qarabağa ən yüksək səviyyədə özünüidarəetmə hüququ verəcəkdir; 3. Bütün Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinə təminat veriləcəkdir (azərbaycanlı əhalinin təhlükəsiz şəraitdə öz evlərinə qayıtmaları, habelə oradakı ermənilərin qorunması nəzərdə tutulur). Atəşkəs əldə olunduqdan indiyədək Dağlıq Qarabağ problemi dəfələrlə həm Azərbaycan və Ermənistanın xarici işlər nazirləri, həm prezidenlər səviyyəsində müzakirə olunmuşdur. BMT Təhlükəsizlik Şurası öz mövqeyini açıq və birmənalı şəkildə bəyan edərək erməni təcavüzünü və Azərbaycan ərazilərinin işğalını pisləyən 822, 853, 874 və 884 saylı 4 qətnamə qəbul etmişdir. Erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz olaraq çıxarılmasını tələb edən həmin qətnamələrin heç biri indiyədək icra edilməmişdir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında danışıqlar hələ də davam etdirilir. Azərbaycan bu münaqişənin hüquq normalarına müvafiq surətdə və ölkənin ərazi bütövlüyü çərçivəsində, habelə Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində dünya təcrübəsində indiyədək mövcud olmuş ən yüksək muxtariyyət verilməsi ilə həllində maraqlıdır.
Azərbaycan və Ermənistan arasında danışıqlarla bağlı növbəti görüşlər 2006-cı ilin 14 noyabrında Brüsseldə keçirilmişdir.Hər iki ölkənin xarici işlər nazirləri Dağlıq Qarabağl probleminin həlli yollarını müzakirə etmişlər.
|