|
Transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə qeyri-leqal miqrasiya və insan ticarəti ilə əlaqəli cinayətlərin aşkarlanması və qarşısının alınması mühüm yer tutur. Bu növ cinayətlərin qurbanlarının terrorçuların təsiri altına düşmələri və alətə çevrilmələri istisna deyil. Digər tərəfdən, asılılıq baxımından qeyri-leqal miqrantlardan insan alveri, qanunsuz silah-sursat ticarəti və narkobiznesdə istifadə olunması faktları da mövcuddur. Qeyri-leqal miqrasiya faktlarına dair milli təhlükəsizlik orqanları tərəfindən toplanılaraq prokurorluq və daxili işlər orqanlarına göndərilmiş materiallar əsasında 2004-2006-cı illər ərzində 18 cinayət işi başlanılmışdır.
2007-ci ildə aparılmış əməliyyat tədbirləri nəticəsində qanunsuz miqrasiyanın və insan ticarətinin qarşısının alınması istiqamətində 4 (2-si qeyri-leqal miqrasiya və 2-si insan alveri) cinayət işi qaldırılmış və müvafiq materiallar aidiyyəti dövlət orqanlarına təqdim edilmişdir.
2008-ci ildə qanunsuz miqrasiya və insan ticarətinə qarşı həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində 4 (2-si qeyri-leqal miqrasiya və 2-si insan alveri) cinayət işi qaldırılmış və müvafiq materiallar aidiyyəti dövlət orqanlarına təqdim edilmişdir.
|