|
Azərbaycan Demokratik Respublikası hökumətinin ermənilərin Qubada həyata keçirdiyi soyqırımı öyrənən Fövqəladə İstintaq Komissiyasının sədri cənab Ələkbər bəy Xasməmmədova
Cənab sədr!
Fövqəladə İstintaq Komissiyasının üzvləri! Sizə məlum olduğu kimi, erməni cəza dəstələri Bakıdakı mart qırğınlarının daha dəhşətli bir davamını Quba qəzasında həyata keçirmişlər. İnsanlar amansızcasına qətlə yetirilmiş, əzab və əziyyətlərə düçar edilmiş, qan su yerinə axıdılmışdır. Təkcə Quba şəhərində üç mindən artıq körpə işgəncələrlə öldürülmüş, şəhərin böyük bir hissəsi məzarıstana çevrilmişdir.
...Mən neçə-neçə qanlı döyüşlərin iştirakçısı olmuşam. Rus-türk müharibələrində, Fin cəbhələrində, Birinci Cahan müharibəsində çoxlu qanlı döyüşlər görmüşəm. 1917-ci ildə ömrümün son illərini sakit və rahat yaşamaq üçün doğulduğum Quba şəhərinə qayıtmışam. Əlimdə əsa, çar ordusunun istefa vermiş polkovniki libasında doğma vətənim məni yenidən öz qoynuna almışdır. Ancaq buradakı rahat həyatım uzun çəkmədi. Kaş, mən başqa ölkəyə gedəydim. Vətənə qayıtmayaydım. Kaş, mənim gözlərim erməni bıçağı ilə soyulmuş vətən övladlarının skalplarını, kürəyindən soyulub saman təpilmiş cəsədlərini, ana və bacılarımızın kəsilmiş döşlərini, hamilə gəlinlərimizin yırtılmış qarnından çıxıb qalmış, hələ də nəfəsi üstündə olan körpələrimizin bu acı taleyini görməyəydim.
Dünyanın heç bir məmləkətində, heç bir cahan savaşında belə qəddar əməllər görünməyib və tarix belə qəddarlıqlarla hələ rastlaşmamışdır. Qubadakı bu qanlı qırğını kifayət qədər təsdiqləyən faktlar, sənədlər və canlı şahidlər var.
Təcili olaraq Qubaya istintaq komissiyası göndərməyinizi, bu qətllərin təşkilatçısı və icraçısı olan Şaumyanı, Caparidzeni, hərbi komissar Korqanovu, qatil D.A.Selovanini, cəllad Hamazasp Ağacanyanı, onun köməkçiləri Nikolayı və başqalarının qanlı əməllərinə görə həbs olunub hərbi tribunala verilməsini təmin etməyi sizdən xahiş edirik. Bu müraciət Quba qəzasında nahaq yerə qanına qəltan edilən, ev-eşiyi xarabazara çevrilən on minlərlə qubalının fikrini ifadə edir.
Sizdən təcili tədbirlərin həyata keçirilməsini tələb edirik. Quba sakinləri adından: Hacı Ələkbər Məşədi Mahmud oğlu, istefada olan polkovnik. Quba şəhəri, Bulvar küçəsi, ev N 12 18 iyul, 1918-ci il".
Azərbaycan Dövlət Arxivi, ADR fondu, 1918-ci il sənədləri, fond 41, qovluq 16, s.v. 5).
Erməni saxtakarlığı
XX yüzilliyin əvvəllərində Bakıda mədəni inkişafın yeni istiqamətli yüksəlişi ölkənin hər yerində də öz təsirini göstərdi. Gəncədə, Şamaxıda, Şuşada mədəni həyatda böyük canlanma yarandı. Milli-mədəni tərəqqinin inkişafına maraq Quba qəzasında da özünü göstərdi. Qısa müddətdə Quba qəzasında onlarla poçt məntəqəsi, mədəniyyət müəssisəsi, tibb ocağı şəbəkəsi, yeni tipli məktəblər, o cümlədən qızlar məktəbi fəaliyyətə başladı. Rus-tatar məktəblərinin sayı 20-dən artıq oldu. Əsrin əvvəllərində Qubada yeni teatr fəaliyyətə başladı. 1906-cı ildə Quba Teatrı N.B.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" tamaşası ilə açıldı. Bakı Teatr Truppası vaxtaşırı Qubaya gəlib tamaşalar göstərməyə başladılar. 1912-ci ildə Qubada Bakı şəhər Dumasının nəzdində fəaliyyət göstərən "Nicat" cəmiyyətinin filialı yaradıldı. Burada hərbi hospital, qəza həbsxanası nəzdində xəstəxana, feldşer məntəqəsi, Qırmızı Aypara Cəmiyyətinin Tibb Yardımı Mərkəzi və s. fəaliyyətə başladı. 1916-cı ildə "Şollar-Bakı" su kəmərinin tikintisinin başa çatması, ümumiyyətlə, kəmərin inşa edilməsi əsrin əvvəllərində Qubanın mədəni mərkəzlərdən biri kimi daha sürətlə tanınmasını, buraya mütəxəssis adı ilə müxtəlif xalqların və millətlərin nümayəndələrinin axınını sürətləndirmişdi. Eyni zamanda, əsrin əvvəllərindən başlayaraq çarın fərmanı ilə Qubaya 4 mindən artıq başqa millətdənolan insanlar köçürülmüşdür. Onların arasında ruslar, malakanlar, ukraynalılarla yanaşı, ermənilər də var idi. Statistik məlumata görə XIX əsrin sonlarında Quba qəzasına 16, o cümlədən Qubaya 7 erməni ailəsi köçürülmüşdü. 1913-cü ildə Quba şəhərində yaşayan 14 erməni ailəsi ticarət, sabun sənayesi, çamaşırxana işlərində çalışırdı.
Əsrin əvvəllərində - 1905-1906-cı illərdə Azərbaycanda - Qarabağ və Şuşada, eləcə də qədim Azərbaycan torpaqlarında - Zəngəzurda, İrəvan və başqa ərazilərdə baş verən erməni-müsəlman qırğınlarında özünü göstərən qarşıdurmalar zamanı Qubada məskunlaşan ermənilərin həmin hadisələrə münasibəti zahirən sakit idi. Amma şəhər mərkəzinin ən yaxşı yerlərində mənzil alan, şəhər ticarətinin əsas məntəqələrində işləyən ermənilər yeri gəldikcə yerli sakinlərə qarşı özlərinin kobud rəftarı ilə tanınmağa başlamışdılar. Şəhərin meyvə-tərəvəz, sabun sənayesində çalışan ermənilər burada istehsal olunmuş yerli məhsulları və xammalı Xaçmaz dəmir yolu vasitəsilə müqavilə bağladıqları erməni əsilli tacirlərə satmaqda daha meyilli idilər. 1905-1906-cı il hadisələrindən sonra ermənilərin şəhərə gələn müştəriləri çoxaldığı kimi, onların yerli idarəçilik orqanlarında dövlət işlərinə irəli çəkilmə meyilləri də nəzərəçarpacaq dərəcədə yüksəlmişdi. Erməni təyinatlarının bir çoxu mərkəzdən rəsmiləşdirilirdi. Quba qəzasında az sayda olsa da, iri sənaye və mədəniyyət mərkəzlərinə ermənilər ayaq açırdılar.
Ermənilərin bu dövrdə Azərbaycan ərazisində yaratdığı qırğınlar daşnaksütyun partiyasının ardıcıl şəkildə həyata keçirmək istədiyi vahid məqsədə uyğun olaraq davam etdirilirdi. Həmin proqramın tərkib hissəsi isə Azərbaycan ərazilərini işğal etmək, Bakı neftini ələ keçirmək, "Böyük Ermənistan" xülyalarını reallaşdırmaq idi. Bu xülyaya hələ 1905-1906-cı illərdə təkan vermək istəyən ermənilər Bakıda (1905-ci ilin fevralında), İrəvanda (may-iyun aylarında), Cəbrayıl-Qaryagində (indiki Füzuli rayonu) iyun ayında, Şuşada (avqust ayında) Bakıda İkinci Milli qırğın (avqust ayında), Gəncədə (noyabr ayında), Qazax qəzasında (1906-cı ilin yanvarında), Zəngəzurda (1906-cı ilin avqustunda) qanlı qırğınlar törətdilər. Bütün bu qırğınlarda çarizm erməni cəlladlarının tərəfini saxladı, onları törətdikləri əməllərə görə cəzalandırmaq əvəzinə bəd əməllərini müdafiə etdi. Tarixi mənbələrdən məlum olur ki, 1905-1906-cı illərdə Bakıda törədilən milli qırğınların baş dirijoru Bakı general-qubernatoru olmuşdur. O, böyük canfəşanlıqla millətləri bir-birinin üstünə saldığı kimi, günahsız azərbaycanlıları ermənilərlə "barışdırmağa, onlarla birlikdə yenidən qardaşcasına yaşayıb işləməyə çağırmışdır". Bununla da azərbaycanlıların başına gətirilən müsibətləri unutdurmağa hiyləgərcəsinə cəhdlər göstərmişdir.
Xalqımızın əlində silahı - topu, tüfəngi, pulemyotu olmadığından, başına gətirilən faciələri dünyaya car edəni tapılmadığından, başı üzərindəki erməni qılıncının daim hərəkətdə olmasından ehtiyat edərək öz tarixi torpaqlarından zaman-zaman qovulmuş, kütləvi qırğınlara və deportasiyalara, talanlara və təhqirlərə məruz qalmışdır. Hələ 1905-1906-cı il soyqırımlarından sonra özünün böyük məğlubiyyətini görən ermənilər erməni diasporu, Eçmiədzin kilsəsi vasitəsilə provaslav və slavyan kilsə xadimlərinə müraciət edərək "Avtonomiya hüquqları" barədə cəfəng iddialar irəli sürməyə başladılar. Türkiyədə muxtariyyət əldə etməyə çalışdılar. Ancaq onların bu istəyi sonralar Azərbaycan torpaqları hesabına reallaşdırıldı. "1905-1906-cı il hadisələri erməniləri "Böyük Ermənistan" xülyalarını həyata keçirməyə şirnikləndirdi. Bu qanlı qırğınların baş icraçısı Andranik olsa da, onun A.Hamazaps, Aram, Murad, Vedo, Ağabəy, Baqrat və başqa qaniçənləri Azərbaycanın müxtəlif bölgələrində xalqımıza qarşı genosidin təşkilatçıları kimi tanındı.
1918-ci ilin əvvəllərində S.Şaumyanın rəhbərliyi altında Azərbaycanda ermənilərin hakimiyyəti ələ almaq planı hazırlanmışdı. Oktyabr hadisələrindən sonra Azərbaycanda rus silahlı qüvvələri fəallaşdı, bundan məharətlə istifadə edən S.Şaumyan daşnak-bolşevik fraksiyası yaradıb, ilk növbədə Bakıya sahib olmaq kimi məkirli niyyətlərini reallaşdırmaq imkanı əldə etdi. Həvəslənən ermənilər 1918-ci ilin martında Bakıya daxil olub şəhərdə qanlı qırğınlar törətdilər. Bundan sonra Hamazaps Ağacanyanın cəlladları Şamaxıda qanlı terroru həyata keçirdilər. 1918-ci ilin mart-may aylarında Azərbaycanın Şamaxı, Göyçay, Quba kimi ərazilərində erməni soyqırımları genişləndirildi. Qubada keçirilən soyqırım planında məqsəd daha məkirli idi. Daşnaksütyunçular XIX əsrin əvvəllərində Azərbaycan ərazisinə köçüb gəldikdən sonra ilk öncə Dağlıq Qarabağı yenidən Artsax adı ilə özününküləşdirməyi planlaşdırdılar. Çünki burada qədim alban mədəniyyəti mövcud idi və onu kifayət qədər öyrənməməyimiz, ermənilər üçün buradakı xristian görüşlərini əks etdirən maddi və mənəvi abidələrin özününküləşdirmək imkanını asanlaşdırmışdı. Alban mədəniyyətinin yayıldığı ikinci tarixi regionun Quba qəzası ərazisinə düşdüyünü bildikdən sonra ermənilərin tarixən ayağı dəymədiyi bu ərazini də özününküləşdirmək, orada yayılmış alban maddi mədəniyyəti abidələrinə əsaslanaraq bu regionun da ermənilərə məxsus olduğunu iddia etmək fikrinə düşmüşdülər.
"Dağlıq Qarabağın çox qədimdən Azərbaycan ərazisi olması tarixi faktdır. Bu ərazinin erməniləşdirilməsinin tarixi o qədər də qədim deyildir. Akademik S.A.Orbeli, S.Q.Yeremyan bu tarixi fakta hələ sovet dönəmində aydınlıq gətirmişdir (bax: S.A.Orbeli. İzbranniye trudı Yerevan, 1968, s.213-221); Oçerki istorii SSSR (III-IX, M., 1958, s.326-331). Erməni tarixçisi S.Q. Yeremyan yazırdı: "Külli miqdarda xristian abidələrinin böyük bir hissəsi ki, ərəb istilasına qədərki dövrü əhatə edir, qədim Albaniyanın erməniləşdirilmiş Alaq və Utik vilayətlərində mühafizə edilmişdir" (Oçerki istorii SSSR (III-IX) M., 195, s.326). Akademik N.S.Marr isə yazırdı ki, erməni və gürcü milli birləşmələri albanları iki yerə bölüb orada öz hökmranlığını bərpa etdilər. 885-ci ildə isə alban çarı Qriqor Hama dağıdılmış alban çarlığını bərpa etdi və erməniləri çarlığın ərazisindən çıxardı (A.Krımskiy. Stranitsı iz istorii Severnoqo i Kavkazskoqo Azerbaydjana Klassiçeskoy Albanii, 1943, s.376).
X əsrin ortalarında Senaxerib "çoxdan dağılıb viran edilmiş alban çarlığının başçısı oldu" (Moisey Kalankatuyskiy). XII-XIII əsrlərdə isə Qarabağda albanların Xaçek knyazlığı yarandı və bu knyazlıq uzun müddət davam etdi. Akademik S.A.Orbeli göstərirdi ki, kiçik Artsaq və Xaçek knyazlığı qədim Albaniyanın bir hissəsidir (S.A.Orbeli. İzbrannıye trudı, I hissə, M., 1968, s. 213-221) Artsaq haqqında bəhs edəndə isə deyirdi ki, Artsaq Albaniyanın erməniləşdirilmiş ərazisidir (S.A.Orbeli. İzbrannıe trudı, Yerevan, 1963, s.146). Erməni tarixçisi Arakel Təbrizli Qarabağı "ağban-alban ölkəsi" hesab edirdi.
Göründüyü kimi, ermənilərin Qarabağda Azərbaycan torpaqlarının bu bölgəsinin bir qarışı üzərində sahiblik hüququ olmayıb, şimal bölgəsində geniş yayılmış alban abidələrinin də onlarla heç bir tarixi bağlılığı yox idi.
Ermənilər Azərbaycan xalqına qarşı mənəvi və fiziki terroru üç mərhələdə həyata keçirmişlər. Birinci mərhələ hələ akademik Y.A.Manandyanın yazdığı kimi, Balkan yarımadasında yaşayıb Qafqaz Albaniyası ərazisinə iddiaları və həmin ərazilərə tarixi axınlarından sonrakı dövrü əhatə edir. Bu zaman ermənilər Qafqaz albanlarına qarşı silahlı çıxışlar edir, alban çarlığını yıxmağa və parçalamağa cəhdlər göstərirdilər. X əsrdə müvəqqəti olaraq buna nail olsalar da, tezliklə alban çarlığı bərpa edildi və ermənilərin böyük bir hissəsi qırıldı, qalanı isə çarlığın ərazisindən qovuldu. Alban ərazisinə Balkandan gəlməkdə davam edən ermənilər bu knyazlığın şimal hissəsinə cəmləşdilər. Həmin ərazini Artsaq adlandırdılar. Az sonra alban birləşmələri Artsağa hücum edib bu ərazidən erməniləri qovdu. Artsağı Xaçenə birləşdirdilər. Tarixçi V.S.Veliskonun yazdığı kimi "...ermənilər Zaqafqaziya aborogenləri deyillər və ona görə də Kür sahilləri və Artsax heç cür əsil erməni torpaqları və Ermənistanın köklü vilayəti ola bilməz". O, daha sonra göstərir ki, "...erməni-qriqoryan dininə ibadət edən Qarabağ sakinlərinin əsil soykökü albanlarla bağlıdır".
XX əsrin əvvəllərindən başlayaraq alban mədəniyyəti öz sirlərini dünya elminin üzünə açdıqca bir çox erməni saxtalaşdırıcılarının həqiqi məqsədi elmə məlum olmağa başladı. Yaranmaqda olan albanşünaslıq bu gün erməni saxtakarlarını beynəlxalq miqyasda ifşa edən ən əsaslı arqumentləri meydana çıxardı. S.M.Dyakonov, K.V.Trever, İ.N.Əliyev kimi onlarla tanınmış tarixçi ermənilərin üzdəniraq illüziyalarını köklü şəkildə təkzib edən həqiqətlər aşkarladılar. Albanşünas F.Məmmədovun "Qafqaz Albaniyasının siyasi tarixi və coğrafiyası" (Bakı, 1984) əsəri erməni saxtakarlarına ən böyük zərbə oldu.
Ermənilərin bütün məkirli niyyətləri, tarixi saxtalaşdırıb xalqların ədəbi, mədəni və maddi abidələrinə sahib çıxmaq hərisliyi Quba soyqırımını reallaşdıran səbəblərdən biri kimi çox düşündürücüdür. Məlum olur ki, erməni daşnakları Quba soyqırımında yaxın və uzaq məqsədlər güdmüşlər. Yaxın məqsəd türkləri qırmaq, Azərbaycan ərazisində yaratmaq istədikləri erməni dövləti qarşısında onları diz çökdürmək idisə, uzaq və gələcək məqsədləri alban dövlətinin qədim mərkəzi kimi Qubanı gələcəkdə erməniləşdirmək, bu ərazini də dünyaya qədim erməni məskənlərindən biri kimi təqdim etmək xülyasından ibarət olmuşdur. Daşnaksütyunun "Böyük Ermənistan" xülyasında Şamaxının, Göyçayın, Kür sahilinin, Gəncənin işğalı və bu ərazilərdə yaşayan türklərin kütləvi şəkildə qırılması, başqalarının isə həmin ərazilərdən deportasiyası nəzərdə tutulurdu.
Qubada baş verən faciənin səbəblərini tarixi ədəbiyyatımızın hələ dürüst əks etdiyini söyləmək olmaz. Ancaq mənbələrdən aydın olur ki, "...1918-ci ilin aprel ayında Bakı şəhəri və Bakı quberniyası bolşeviklərin əlində olarkən Quba şəhərinə 187 nəfərdən ibarət silahlı gəlib özünü Quba qəzasının komissarı elan edən David Çelovani vasitəsilə əhaliyə dərhal sovet hakimiyyətini tanımağı təklif etdi. Qubalılar bu tələbə əməl etdilər və D.Çelovani şəhərdə bolşevik idarəçiliyi yaratdı. O, Quba müsəlmanlarının dinc əhvali-ruhiyyəsini görüb həbsxanada saxlanılan (Quba həbsxanasında - A.N.) 200-dək ermənini onlara müsəlmanlar tərəfindən təhlükə baş verməyəcəyinə inandıraraq azad etdilər.
Bir neçə gün sakit ötdü. Birdən-birə qubalılar üçün gözlənilməz hadisə baş verdi. Ləzgilər ətraf kəndlərdən və Qafqaz sıra dağları istiqamətindən şəhərə yaxınlaşaraq D.Çelovaniyə ya öz dəstəsi ilə şəhəri tərk etməyi, ya da onlara təslim olmağı təklif etdilər. D.Çelovani həmin təklifi rədd etdi. Ləzgilər şəhəri atəşə tutmağa başladılar. Atışma bir neçə gün davam etdi. Bir dəstə əsgər bir top və pulemyotla D.Çelovaninin köməyinə gəldi. O, şəhəri tərk edərkən əksəriyyəti ermənilərdən olan bütün xristian əhalisini zorla özü ilə apardı. Ləzgilər onları təqib edərək atəşə tutdular. Atışma zamanı Çelovaninin özü ilə apardığı bir neçə mülki xristian öldürüldü. Çelovani öz dəstəsi və sağ qalan qaçqınlarla birlikdə aradan çıxa bildi. Bu hadisədən sonra şəhərdə həyat rahat davam etməkdəydi. Çelovanini şəhəri tərk etməyə məcbur edən ləzgilərin silahlı dəstəsi də öz evlərinə qayıtmışdı" (Ş.F.Fərzəlibəyli. Quba tarixi, Bakı, 2001, s.246-247).
Ermənilərin Qubaya hücumu
Bu hadisədən 15-16 gün sonra sakitliyi aprelin sonlarında dəhşətli xəbər pozdu. Bakıdan Hamazaps Ağacanyan və Nikolayın başçılığı ilə təpədən-dırnağa qədər silahlanmış bir dəstə gəlməkdədir. Xəbər şəhərə ildırım sürəti ilə yayıldı. Qaçaqaç, köçəköç başladı. Kimi meşələrə qaçdı, var-dövlətini meşələrdə basdırdı, kimi Xudat dəmir yoluna çıxıb Dərbəndə tərəf üz tutdu. Amma bunlar elə böyük əksəriyyət təşkil etmirdi. 1918-ci ilin mayın 1-də şəhər əhalisi yuxudan qalxıb şəhərin mühasirəyə alındığını eşitdi. Erməni silahlı birləşmələri Qubanı mühasirəyə almışdı. Səhər saat 8.00 radələrində ermənilər şəhərə daxil oldu. İlk öncə şəhərin mühafizəçiləri - 26 nəfərlik patrul xidməti işçiləri Qubanın girəcəyində güllələndi. Şəhərə giriş və şəhərdən çıxış yolları bağlandı. Bu işdə - şəhərin giriş və çıxış qapılarının Hamazapsa tanıdılmasında bələdçi Arutyun Ayrapetov idu. Ermənilər şəhərə üç istiqamətdə hücum etmişdilər. Təxminən 5 minlik silahlı dəstə 4 top, 8 pulemyot, bir neçə minaatan və çoxlu tüfəng və naqanla, eləcə də soyuq silahla silahlanmışdı. Onların içərisində xəncər, iri ölçülü kəsərli bıçaqlar da vardı. Ermənilər şəhəri dörd hissəyə ayıraraq hər bir hissədə hərbi komendatura, talan edilmiş varidatı qeydə alıb qablaşdıran və furqonlara yükləyib Xaçmaz dəmir yol stansiyasına silahlı müşahidəçilərlə yola salan hərbi ateşeliklər yaratmışdılar. Hərbi qərargahlar belə yerləşdirilmişdi: Birinci qərargah - Mərkəzi meydanda, Leontev bağının sağ cinahında, ikinci qərargah - erməni kilsəsinin yanında, üçüncüsü müsəlman qəbristanlığının yuxarı hissəsi - Dəvədabanı ətəyində, dördüncüsü - Yəhudi qəsəbələrinin girəcəyindəki dağ yüksəkliyi üzərində yaradılmışdı.
Ermənilər mayın 1-də şəhərdə özlərinin hərbi məntəqələrini qurdular, şəhəri öyrənməyə başladılar. Bələdçi A.Ayrapetov və onun daha 8 nəfər əlaltısı ilə şəhəri gəzib dolandılar.
Mayın 1-də gündüz saat 14.00-da qanlı qətllər başlandı. Birinci erməni qərargahının silahlı dəstəsi Qubanın aşağı məhəlləsində evlərdə və həyətlərdə 2746 nəfər, qoca, qadın, uşaq və körpəni qətlə yetirdi, həmin küçədə yaşayan sakinlərin evlərindən 12 furqon varidat - xalça, palaz, ev əşyası, 4 çamadan zinət əşyaları, qızıl, gümüş pul və başqa qiymətli mallar apardılar. 15 qadının döşünü kəsdilər, 8 cavan oğlanın baş dərisini soyub çıxardılar, 6 nəfər məşədinin kürək dərisini soyub bədəninə saman təpdilər.
Mayın 2-də erməni kilsəsi meydanında 150 nəfər azərbaycanlını güllələdilər, xərəklərə doldurub məscidin sol cinahındakı zibillikdə üst-üstə qaladılar, 12 nəfər 8-9 yaşlı, 16 nəfər 16-17 yaşlı uşağın başını kəsib cəsədlərini Qudyalçayın başlanğıcında Qızıl qayadan atdılar. Kəsilmiş başları isə erməni kilsəsində kisələrə yığdılar. Mayın 3-də üçüncü soyqırım davam etdirildi. Şəhərin mərkəzi və yuxarı hissəsində yaşayan əhali küçələrə çıxarılıb edam edildi. Burada Qudyalçayın üst sahilindəki bağda 12 dar ağacı qurulmuşdu. Gün ərzində burada yüzlərlə azərbaycanlı edam edildi. Mayın 4-də erməni birləşmələrinə qarşı Müqavimət briqadası yaradılırdı. Bunda məqsəd şəhər əhalisinin köməyinə gəlmək, ermənilərin Quba -Tənqəaltı şosesinə girib buradakı kəndləri qanına qəltan etməsinə yol verməmək məqsədi ilə yaradılmışdı. Günorta vaxtı 150 nəfərlik dəstə ermənilərə hücum etdi, 12 erməni qətlə yetirildi, şəhər pristavı Əlabbas bəy Əlibəyova aşağıdakı məzmunda ultimatum verildi:
"Cənab Əlibəyov! Sizdən təcili olaraq erməni cəza dəstəsinin başçısı A.Ağacanyanla danışığa girib aşağıdakıları onun nəzərinə çatdırmağı tələb edirik: 1. Qətllər təcili olaraq dayandırılsın, cəsədlərin basdırılmasına imkan yaradılsın; 2. Erməni dəstələri təcili olaraq şəhəri tərk etsin; 3. Bu tələblər günün axırına qədər yerinə yetirilməsə, erməni cəza dəstələri ümumxalq həmlələrinə məruz qalacaqdır. Müqavimət briqadasının başçısı Mirhaşim Mirməmmədov". Elə həmin gün şəhərin başçısı Hamazapsla görüşdü. Qatil ultimatumu qəzəblə qarşıladı. Başçının iki mühafizəçisini yerindəcə güllələdi. "Qətlə yetirilənlər yolunu azmış müsəlmanlara göz dağıdır. Hələ heç kəsi basdırmaq olmaz" - deyə pristavla söhbətini bitmiş hesab elədi.
Erməni qətllərindən əvvəl bolşevik təşkilatının Qubada sovet hakimiyyətini qurmaq üçün göndərdiyi D.A.Çelovani ilə birlikdə M.C.Bağırov da gəlmişdi. D.A.Çelovaninin qovulmasından sonra M.C.Bağırov Qubada qalmışdı. D.A.Çelovaninin Fövqəladə İstintaq Komissiyası tərəfindən aparılmış dindirilmə protokolunda deyilirdi: "D.Çelovani: Qubada vəziyyət sakit idi və yerli əhali yeni hakimiyyəti qəbul etməyə hazır idilər. Eser-menşeviklər və daşnaklar Quba qəzasında möhkəmlənmək üçün böyük qəsd düzəltdilər. Mən öz dəstəmlə Qubada qala bilmədim. M.C.Bağırov isə orada qaldı. Dedi ki, mən burada öz həmvətənlərimin yanında olmalıyam. Sonra o, Caparidzeyə teleqram vurdu, daşnakların Qubada qanlı terrora hazırlaşdığını xəbər verdi. Bunun "böyük düşmənçiliklə" bağlı olduğunu bildirdi. Erməni dəstələrinin təcili buraxılmasını, S.Şaumyanın və Korqanovun bu işin başında dayandığını bildirdi.
Sual: Bəs sizin əlinizdə olan silahlar kimə verildi?
Cavab: Bu silahların əlimizdə qalanı hərbi komendanta siyahı ilə təhvil verildi. Ancaq 2 top, 4 pulemyot, 150 tüfəng və başqa sursat Məşədi bəy Əzizbəyovun göstərişi ilə ermənilər şəhərə girdiyi təqdirdə şəhər əhalisinin özünü müdafiəsi üçün saxlanıldı" (Azərbaycan Dövlət Arxivi ADR fondu, qovluq 46, s.v.13).
M.C.Bağırovun sərəncamında qalan silahlar Müqavimət briqadasına verilmişdi. Mayın 3-də M.N.Mirməmmədov ultimatuma cavab almadıqda ermənilərin Dəvədabanı ərazisindəki üçüncü qərargahına hücum edərək 13 nəfərlik heyəti əsir götürdü. Ermənilər mayın 4-5-6 və 7-də şəhər əhalisinə amansız divan tutdu. Şəhərdə 259 ev yandırıldı, daha 1800 körpə, 2 min qoca və yaşlı qadın, 1251 nəfər soyuq silahla qətlə yetirildi. Bu müddətdə 126 erməni şəhər ərazisində yaxalanıb öldürüldü. Mayın 7-də şəhərdə əlbəyaxa döyüş başladı. Silahlar susdu, ermənilər evlərin həyətlərinə girib adamları şaşka və xəncərlə doğramağa başladılar. Səkinəxanım məscidinə toplaşan soyuq silahla silahlanmış yerli əhali mayın 8-də ermənilərə müqavimət göstərdi. Gecə Mehrəli hamamına toplaşan yerli cavanlar da erməniləri qabaqlarına qatıb üzü yuxarı qovmağa başladılar. Ancaq ermənilərin köməyinə yetən pulemyotçular müqavimət göstərən bütün cavanları arxadan atəşə tutub qırdılar.
Mayın 8-də erməni birləşmələri tələm-tələsik əhalidən yığdıqları varidatı şəhərdən çıxarmağa başladılar. H.Ağacanyan şəhər pristavına tapşırıq verdi ki, təcili olaraq şəhəri insan cəsədlərindən təmizləsin. Şəhər qəbristanlığında əzabla öldürülmüş insan meyitləri yüz-yüz, bir yerə toplanıb dərin qazılmış çalalarda basdırıldı.
Mayın 8-də axşamüstü qırğın bir qədər səngidi. Ancaq ermənilər Mustafaqulu Bağırovun həyətinə girib Mir Cəfəri istədilər. 12 qonşu həyəti ələk-vələk elədilər, ancaq Mir Cəfəri tapa bilmədilər. Hamazapsın dəstə başçısı Nikolay bu həyətdə 14 adamı qətlə yetirdi. 10 kişini gülləbaran elədi, 1 qadını xəncərlə doğradı, üç körpə uşağın başını kəsib çəpərin üstünə atdı.
Mayın 9-da Korqanov H.Ağacanyana yəhudi poçtu vasitəsilə belə bir teleqram göndərdi: "Təcili olaraq şəhəri qaydaya salıb adamlarınızı aradan çıxarın. Türk ordusu Qubaya yaxınlaşır".
Hamazasp həyəcan içərisində ermənilərin böyük bir dəstəsini başsız qoyub qaçmağa üz qoydu. Özü ilə 200 nəfər yəhudini, 100 nəfərə yaxın erməni və rusu apardı. Şəhərdə yenidən güclü atışma başladı, küçədə görünən qətlə yetirilirdi. Yol kənarları cəsədlərlə dolu idi.
Erməni dəstələri yəhudi qəsəbəsindəki qərargahdan Xaçmaz və Xudat istiqamətində qaçmağa üz qoymuşdu. Çoxu silahını atmışdı.
Nuru Paşa öz xilaskar ordusunun başında mayın 10-da sübh tezdən Qubaya daxil oldu. Yerli əhali bir üzdə göz yaşı, bir üzdə sevinc, bir yanda əzan səsi, bir yanda Nuru Paşanı qarşılayan şeypur fəryadları ilə Böyük xilaskarın pişvazına çıxdılar. Yerli cavanlar erməni furqonlarından boşaldılan gəbələri, xalıları, xalçaları Nuru Paşanın ayağına paymdaz elədilər. Qubanın girəcəyindən şəhərin yuxarı başında yerləşən Poçt idarəsinə qədər paşanın qədəmlərinə xalı-xalça düzülmüşdü. Nuru Paşa Baş meydanda qubalılarla görüşdü. Ölənlərin ruhu qarşısında baş əydi, analara, bacılara, türk qardaşlarına təziyə verdi. Ermənilərlə əlbəyaxa döyüşən 22 nəfər yerli cavanın qanlı köynəyinin yaxasından "Yenilməz türk əsgəri" ordenini sancdı, hər birinin alnından öpdü.
Türk ordusunun əsgərləri şəhərdə erməni dəstələrindən tökülüb qalmış 96 erməni silahlısını tərksilah elədi, 18 ailəni qanlı düşmənin əlindən aldı, 26 körpənin başını kəsmək istəyən erməninin silahını aldı, onları xalqın gözü qarşısında güllələdi.
Erməni cəlladları aprel-may ayları ərzində təkcə Quba qəzasında arxiv sənədlərindən məlum olduğuna görə, 36.782 nəfər insanı qətlə yetirmiş, Siyəzən, Dəvəçi dairə və nahiyələri ərazisində 5 mindən artıq insanı ağır işgəncələrlə öldürmüşlər. 122 kənd tamamilə dağıdılmış, 380 ailənin gecə yatdığı yerdə evinə od vurularaq yandırılıb kül edilmişdir.
Quba şəhərində 568 nəfərin skalpı (baş dərisi) soyulmuş, başı kəsilmiş, gözü çıxarılmaqla qətlə yetirilmişdir. 127 hamilə qadın, 151 uşaq və gənc xəncərlə doğranmışdı. Quba qəzasında ermənilərin həyata keçirdiyi soyqırım tarixin ən faciəli dəhşətlərindən biri kimi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyası tərəfindən 1918-ci ilin aprel-dekabr aylarında son dərəcə dəqiqliklə araşdırılmışdır. Bu faciənin dəhşətlərini əks etdirən sənədlər bu gün Azərbaycan arxivlərində qorunub saxlanmışdır. Onların bir çoxu ilə bağlı məhkəmə prosesi ya başlanmamış, ya yarımçıq qalmış, ya da bir sıra sakinlərə bəraət verilmişdir.
Erməni daşnaklarının Azərbaycanda mart soyqırımları törətmək barədə Bakı Kommunasının başçısı S.Şaumyan V.İ.Leninin razılığını almışdı. Sonradan bu barədə geniş məlumatla tanış olan V.İ.Lenin ermənilərin Azərbaycanda apardıqları soyqırıma "məftun olduğunu" və gələcəkdə bu mövqeyi ardıcıl olaraq davam etdirməyi tövsiyə etmişdi. Beləliklə, erməni terrorçularının Azərbaycanda apardıqları qanlı soyqırımların 80 ildən artıq bir dövrdə üzəri qapanmış, həqiqətlər gizlədilmiş xalqa qara böhtanlar yaxılmışdır.
Yalnız ölkəmiz müstəqillik əldə etdikdən sonra 1993-cü ildə yenidən xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ermənilərin azərbaycanlıların öz dədə-baba torpaqlarından müxtəlif dövrlərdəki deportasiyalarına və bu torpaqlarda törətdikləri cinayətlərə dövlət səviyyəsində qiymət verdi. Ermənilərin 1918-ci ildə Bakı, Şamaxı, Göyçay, Gəncə və Quba şəhərlərində həyata keçirdikləri qanlı faciələri soyqırım kimi öz həqiqi adı ilə qiymətləndirən tarixi fərman imzaladı.
2000-ci ildə Quba şəhərinin mərkəzində - günahsız insanların güllə-baran edilib qətlə yetirildiyi ərazidə, - Quba soyqırım qurbanlarının xatirə kompleksi yaradıldı.
Qardaşlıq məzarıstanında şəhid kimi dəfn edilən günahsız insanların fəryadı səksən ildən çoxdur hər yaz sübh tezdən ürək ağrıdan bir haray kimi dağlara, daşlara yayılır, bütün qübalıların qulağında səslənir. Ruhların bu fəryadı öz həmvətənlərini ara vermədən onların faciəsini bütün ellərə yaymağa səsləyir. Günahsız ruhlar cəzasız qalmış qatillərin əməllərinin bütün dünyanın bilməsini istəyir ki, onlar bir daha heç bir ölkədə, qitədə belə qanlı əməllərini təkrar etmək fürsəti qazana bilməsinlər.
Bu dönəmdə Qubada böyük iş gedir. Xatirə kompleksi genişlənir, şəhərin mərkəzində soyqırım muzeyinin açılması, bütün arxivlərdəki sənədlərin burada mərkəzləşdirilməsi nəzərdə tutulur.
İnanırıq ki, yaxın illərdə şəhərdə Quba soyqırımı sənədlərini əks etdirən mərkəz açılacaq, Qubada bu günahsız insanların solmaz ruhu qarşısında böyük xidmətləri olan Nuru Paşanın və ulu öndər Heydər Əliyevin əzəmətli heykəlləri ucaldılacaqdır.
Azad NƏBİYEV, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, BDU-nun professoru
|