|
Akademiyaya Azərbaycan Respublikasının vətəndaşı olan, peşə seçiminin bütün tələblərinə cavab verən, respublikanın təhlükəsizlik orqanlarında, Sərhəd Qoşunlarında xidmət edən orta və ya orta-ixtisas təhsilli gizirlər (miçmanlar), müddətli və müddətdən artıq xidmət hərbi qulluqçuları, Heydər Əliyev və Cəmşid Naxçıvanski adına hərbi liseylərin məzunları, həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəlilər, habelə orta məktəb məzunları olan çağırışçılar qəbul oluna bilərlər.
Akademiyaya qəbul olunmaq üçün aşağıdakı yaş hədləri müəyyən olunur:
- xidmət müddətindən asılı olmayaraq müddətli, müddətdən artıq xidmət hərbi qulluqçuları, gizirlər (miçmanlar) və hərbi vəzifəlilər - 23 yaşınadək;
- Heydər Əliyev və Cəmşid Naxçıvanski adına hərbi liseylərin məzunları, orta məktəb məzunları olan çağırışçılar - 17 yaşından 21 yaşınadək.
Akademiyanın Əməliyyat işçilərinin hazırlanması fakültəsinə daxil olmaq istəyən şəxslər qəbul keçirilən il yanvar ayının 10-dək yaşayış yeri üzrə MTN-in müvafiq şəhər-rayon orqanlarına ərizə ilə (hərbi qulluqçular komanda üzrə raportla) müraciət etməlidirlər. Müraciət edən namizədlər müəyyən olunmuş qaydada tibbi yoxlamadan keçdikdən sonra fiziki hazırlıq normativlərini ödəyirlər və onlarla peşə seçimi ilə bağlı Akademiyada Mandat Komissiyası tərəfindən söhbət aparılır.
Akademiyanın Sərhəd qoşunları fakültəsinə namizədlərin seçimi Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirildiyindən bu fakültəyə qəbul olunmaq istəyən şəxslər həmin orqana müraciət etməlidirlər.
Peşə seçimini müvəffəqiyyətlə keçmiş namizədlər Akademiyada təhsil almaq üçün seçdikləri ixtisaslara uyğun olaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş qaydada test üsulu ilə qəbul imtahanları verirlər:
- Əməliyyat işçilərinin hazırlanması fakültəsinə - III ixtisas qrupu üzrə (ana dili və ədəbiyyatı, tarix, xarici dil, riyaziyyat və ümumiləşdirilmiş fənn bloku)
- Sərhəd qoşunları fakültəsinə - II ixtisas qrupu üzrə (riyaziyyat, coğrafiya, ana dili, xarici dil, Azərbaycan tarixi və ümumiləşdirilmiş fənn bloku).
Akademiyaya qəbul imtahanları namizədin arzusu ilə Azərbaycan və ya rus dilində verilə bilər, Akademiyada tədris isə Azərbaycan dilində aparılır.
|