|
Martın 19-da Bakının Əzizbəyov Rayon İcra Hakimiyyətində Azərbaycan təhlükəsizlik orqanlarının 88 illiyi münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları və veteranları ilə rayon ictimaiyyəti nümayəndələrinin görüşü keçirilmişdir.Tədbirin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünün qarşısına tər çiçək dəstələri qoymuş, Ulu öndərin xatirəsini ehtiramla anmışlar.
Azərbaycan təhlükəsizlik orqanlarının yarandığı vaxtdan keçən dövrdə ziddiyyətli, çətin, lakin şərəfli inkişaf yolu keçdiyini bildirən MTN rayon şöbəsinin rəisi Həsənağa Ağayev, məruzə ilə çıxış edərək bu orqanın dövlətçiliyin mühafizəsində, ona qarşı daxili və xarici təhdidlərin qarşısının alınmasında oynadığı mühüm roldan danışmışdır. Qeyd etmişdir ki, bu mühüm dövlət strukturunun əməkdaşları öz vəzifələrinə həmişə xüsusi məsuliyyətlə yanaşmış, terror və təxribat hallarının, təcavüzkar ekstremizmin qarşısının alınmasında əsl mübarizlik nümunələri göstərmişlər.
Bildirilmişdir ki, müstəqil Azərbaycanda ilk xüsusi xidmət orqanının təməli 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması ilə qoyulmuşdur.Lakin XI Qızıl Ordu tərəfindən Azərbaycanın ilhaq edilməsi ilə bu sistemi daha da təkmilləşdirmək səyləri yarımçıq qaldı.
Sonrakı 70 ildən artıq bir dövrdə Azərbaycan Fövqəladə Komissiyası, Dövlət Siyasi İdarəsi, Xalq Daxili İşlər Komissarlığı və başqa adlarla fəaliyyət göstərən bu qurum sovet totalitar rejiminin ideoloji qəlibləri çərçivəsində çalışmağa məcbur olunmuş, milli maraqlar baxımından deyil, vahid cəza maşınının bir hissəsinə çevrilməyə məhkum edilmişdir. Bütün bunlara baxmayaraq, bu orqanda milli ruhlu, Vətən qeyrətli oğulların da çalışdığına diqqət çəkən şöbə rəisi, 1956-1965-ci illərdə Ümummilli Liderimiz Heydər Əliyevin Dövlət Təhlükəsizliyi Komitəsində əvvəlcə əks-kəşfiyyata, 1967-ci ildən isə bütün quruma rəhbərliyi dövründə həmin xidmət orqanlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, milli dövlətçiliyi və milli maraqları mühafizə edən bir struktura çevrildiyini xüsusi qeyd etmişdir. Qısa müddətdə burada çalışan milli kadrların sayı 20 faizdən 80 faizədək artırılmışdır.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1969-1983-cü illərdə Azərbaycana rəhbərliyi dövründə MTN-nin yüksəliş dövrü yaşadığına diqqət çəkən natiq vurğulamışdır ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu öndər qısa müddətdə bu qurumun müstəqil dövlətimizin qorunmasında mühüm rol oynayan struktura çevrilməsinə öz töhfələrini vermiş, ondan qayğı və diqqətini əsirgəməmişdir. Bu gün isə Azərbaycanın sivil, demokratik və hüquqi dövlət kimi inkişafı naminə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi kursunun müvəffəqiyyət qazanmasında MTN əməkdaşları yaxından iştirak edir, əzmlə çalışırlar.
Tədbirdə çıxış edən milli təhlükəsizlik nazirinin müavini, general-mayor Hilal Əsədov vurğulamışdır ki, XX əsrin sonlarında Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyinin təsis edilməsinə baxmayaraq, bu mühüm dövlət strukturunun həyatında əsl işgüzar şərait görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun işinin yenidən qurulmasına göstərdiyi qayğı və diqqətlə bilavasitə bağlı olmuşdur.
Nazir müavini dövlətimizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə nazirliyin onlarca əməkdaşının igidliklə vuruşduğunu, onlardan 6 nəfərinin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü, son vaxtlar beynəlxalq terror təşkilatları ilə əlaqəli bir neçə cinayətkar dəstənin zərərsizləşdirildiyini, bir sıra terror-təxribat cəhdlərinin qarşısının alındığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. General-mayor qeyd etmişdir ki, Ümummilli Liderimizin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı ilə təhlükəsizlik orqanları fəaliyyətlərində keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Hazırda MTN-də əməliyyat-axtarış tədbirləri düşmənin tətbiq etdiyi yeni forma və metodlara uyğunlaşdırılmışdır və əsasən qabaqlayıcı xarakter daşıyır. Bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi önəm verilir.
Bildirilmişdir ki, nazirliyin strukturlarında həyata keçirilən islahatlar işin keyfiyyətini aparıcı dövlətlərin xüsusi xidmət orqanları ilə bərabər səviyyədə qaldırmağa imkan vermiş, MTN qabaqcıl dövlətlərin xüsusi xidmət orqanlarının bərabər səviyyəli tərəfdaşına çevrilmişdir.
Görüşdə çıxış edən Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov MTN-nin fəaliyyətində aşkarlığa, ictimaiyyətin nümayəndələri ilə ünsiyyətə xüsusi diqqət verdiyini təqdirəlayiq hal kimi qeyd edərək bildirmişdir ki, məhz xalqla sıx əlaqə, vətəndaşların və dövlətçiliyimizin təhlükəsizliyi naminə bu orqanın əməkdaşlarının fədakar əməyi onun nüfuzunu cəmiyyətdə xeyli artırmışdır.
Tədbirdə xüsusi xidmət orqanlarının veteranları, rayon ictimaiyyətinin nümayəndələri çıxış edərək nazirliyin əməkdaşlarını MTN-in yaradılmasının 88 illiyi və Novruz Bayramı münasibətilə təbrik etmiş, şərəfli işlərində nailiyyətlər arzulamışlar.Sonda xüsusi xidmət orqanlarının görüşdə iştirak edən veteranlarına rayon icra hakimiyyətinin mükafatları təqdim olunmuşdur.
|