|
İyulun 6-da Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının sərhəd qoşunları fakültəsinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Əvvəlcə milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev, Azərbaycan Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev, Prezidentin İcra Aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Akademiyanın rəisi, general-leytenant Ziya Yusifzadə ümummilli lider Heydər Əliyevin Akademiyanın həyətindəki abidəsi önünə əklil qoymuş, ulu öndərin xatirəsini ehtiramla anmışlar.
Sonra ulu öndərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov nazirliyin Heydər Əliyev adına Akademiyasının sərhəd qoşunları fakültəsinin buraxılışı və Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması münasibətilə məzunları, onların valideynlərini, Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevi, akademiyanın rəhbərliyini və müəllim heyətini təbrik etmişdir.
Nazir demişdir ki, Heydər Əliyev adına Akademiyanın sərhəd qoşunları fakültəsini bu il uğurla başa vuran 89 gənc zabit fədakar sərhədçilərlə çiyin-çiyinə Azərbaycanın müqəddəs sərhədlərinin keşiyində duracaqdır.
Zabit korpusunun yetişdirilməsi kimi çətin və məsuliyyətli bir vəzifənin layiqincə həyata keçirilməsi üçün Milli Təhlükəsizlik Nazirliyinin və akademiyanın rəhbərliyi, müəllim heyəti təlim-tədris prosesinin yüksək səviyyədə təşkil olunmasına xüsusi diqqət yetirirlər. Akademiyanın əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuş tədris və sosial təyinatlı korpuslarında hər cür şərait yaradılmışdır. Ötən buraxılışdan bəri akademiyanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər sürətlə davam etdirilmişdir. Akademiyada tədrisə cəlb olunmuş heyətin yaxşı təhsil alması, seçdikləri peşəyə dərindən yiyələnməsi, o cümlədən fiziki inkişafı üçün bütün lazımi imkanlar vardır.
Bütün bunlar milli maraqların qorunmasında Heydər Əliyev ənənələrinin, amallarının yaşadılmasına, Azərbaycanın hərtərəfli tərəqqi yoluna çıxarılmasına və qüdrətlənməsinə çalışacaq gənc kadrların yetişdirilməsinə xidmət edir. Müasir Azərbaycan dövlətinin yaradıcısı, adı Vətən tarixinə qızıl hərflərlə yazılmış, ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında çalışmış Heydər Əliyevin mənalı və misilsiz həyat yolu hər bir vətənpərvər azərbaycanlı, xüsusilə də gənclərimiz üçün daim örnək və məktəbdir.
Hazırda Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyanın aparıcı ölkələri sırasındadır. Dövlət büdcəsinin gəlirləri sürətlə artmış, hərbi xərclərin məbləği 1 milyard dollara çatdırılmışdır. Bu, ən vacib məsələlərdən olan Vətənimizin təhlükəsizliyi və müdafiəsi ilə bağlı dövlət strukturlarının fəaliyyətinin inkişafına və bu sahələrdə çalışan insanların sosial müdafiəsini gücləndirməyə imkan verir. Ölkəmiz artıq nəinki Cənubi Qafqaz, hətta daha geniş coğrafi və siyasi məkanda nüfuz qazanmışdır. Göstərilənlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatların, düşünülmüş və uzun müddətə hesablanmış dövlət quruculuğu siyasətinin reallığını nümayiş etdirir.
Qlobal və regional xarakterli təhdidlərin artdığı şəraitdə Vətənimizin eləcə də, ölkəmizdə və regionda reallaşan beynəlxalq iqtisadi layihələrin təhlükəsizliyinə etibarlı təminat yaradılması daim aktual məsələdir. Bu baxımdan bizim hamımızın üzərinə mühüm vəzifələr düşür. Milli maraqlarımıza qarşı yönələn bütün təhdidlərin qarşısının alınması üzrə vəzifələrin uğurla yerinə yetirilməsi bizdən daim yüksək sayıqlıq, hərtərəfli hazırlıq və vətənpərvərlik tələb edir. Dövlətimizin başçısı tərəfindən Azərbaycanın bütün hərbi, xüsusi xidmət və hüquq mühafizə qurumlarına daim qayğı göstərilir. Şəxsi heyətin peşəkarlığının və döyüş qabiliyyətinin artırılması, onun maddi-texniki təminatının möhkəmləndirilməsi, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülür. Bütün bunların nəticəsində güc qurumlarımız Ermənistanın işğalçılıq siyasətinə qarşı bütün sahələrdə hücuma keçmək barədə Ali Baş Komandanın tələbini yerinə yetirməyə qadir olan vahid qüvvəyə çevrilməlidir. Ali Baş Komandan Heydər Əliyev adına Ali Hərbi Məktəbin növbəti buraxılışına həsr olunmuş mərasimdəki çıxışı zamanı vurğulamışdır: “...Ordumuz qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir”. Hesab edirəm ki, dövlətimizin başçısının bu sözləri bütün güc strukturlarına da aiddir. Odur ki, hər bir kursant, zabit, əməkdaş, hərbi qulluqçu, ümumiyyətlə, hər bir vətəndaşımız xalq, cəmiyyət və dövlət qarşısında öz vəzifə borcunu bilməli, məsuliyyətini hiss etməlidir. Bunun üçün hər kəs peşəsinə və sənətinə dərindən yiyələnməli, daim öz üzərində işləməli və zamanla ayaqlaşmalıdır. Yüksək peşəkarlıq, intellektual səviyyə, doğma dilimizi yaxşı bilməklə yanaşı, xarici dillərə yiyələnmək, yeni texnologiyaları mənimsəmək, başlıcası Vətəni sevmək, ayıq-sayıq olmaq, xidməti borcuna, xalqına və dövlətinə sadiqlik ən əsas şərtlərdəndir.
Gənc zabitlərə cansağlığı, uğurlar, vəzifə pilləsində daim yüksəlmək arzulayan Eldar Mahmudov, xalqımızın, Prezidentimizin göstərdiyi etimadı əməli işdə doğrultmaq üçün bu gün təhsilini başa vuran sərhədçilərin bütün qüvvə və imkanlarını səfərbər edərək, Azərbaycan dövlətçiliyinin qüdrətlənməsi, ölkənin hərtərəfli tərəqqisi, milli maraqların qorunması naminə böyük peşəkarlıq və fədakarlıqla çalışacaqlarına ümidvar olduğunu bildirmişdir.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev də gənc sərhədçi zabitləri təbrik etmişdir. General demişdir ki, bu gün dövlət sərhədlərimizin müdafiəsi hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Amma bu işdə sərhədçilərin üzərinə daha böyük məsuliyyət düşür. İnanıram ki, gənc zabitlərimiz bunu başa düşür və doğma Vətənimizin müdafiəsi naminə bütün imkanlarını səfərbər edəcəklər. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Dövlət Sərhəd Xidmətinə xüsusi qayğı göstərdiyini bildirən E.Quliyev, ölkəmizin başçısının son illərdə 8 dəfə sərhəd bölgələrinə səfər etməsinin və sərhəd zastavalarına baş çəkməsinin, onların maddi-texniki bazasının möhkəmləndirilməsi üçün xüsusi göstərişlər verməsinin, Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması ilə bağlı Sərəncamının buna əyani sübut olduğunu qeyd etmişdir. Bildirmişdir ki, sərhəd zastavalarının əksəriyyəti yeni avadanlıq, avtomobil, kater, təyyarə və vertolyotlarla təmin olunmuşdur. Dövlətimizin iqtisadi baxımdan güclənməsi digər zastavaların da bütün lazımi avadanlıqla təchizatına imkan yaradır.
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadə çıxışında demişdir ki, bu il akademiyanı 14 nəfər zabit fərqlənmə diplomu ilə bitirir. Keçən il belə kursantların sayı 10 nəfər olmuşdur. Gənc zabitlərin təhsilə, Vətənə xidmətə xüsusi həssaslıq və həvəs göstərdiyini vurğulayan rəis demişdir ki, bu, dövlət başçısının akademiyaya göstərdiyi yüksək diqqət və qayğının təzahürüdür.
Leytenant Zaur Fəttahov məzunlar adından çıxış edərək, ümummilli lider Heydər Əliyevin adını daşıyan akademiyanı bitirmələrindən qürur hissi keçirdiklərini bildirmiş, onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və akademiyanın rəhbərliyinə, müəllim kollektivinə minnətdarlıq etmişdir. Gənc sərhədçi Vətənə sədaqətlə xidmət edəcəklərini, lazım gələrsə, canlarını belə qurban verəcəklərini bildirmişdir.
Sonra milli təhlükəsizlik naziri Eldar Mahmudov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev akademiyanı fərqlənmə ilə bitirənlərə diplomları təqdim etmişlər. Digər zabitlərə də diplomlar təqdim olunduqdan sonra akademiyanın zabit və kursantları orkestrin müşayiəti ilə hərbi marşla tribunanın önündən keçmişlər. Sonra tədbir akademiyadakı Şöhrət muzeyində davam etdirilmiş, general–leytenant Eldar Mahmudov burada akademiyanı fərqlənmə ilə bitirən zabitlərə qiymətli hədiyyə vermiş, xatirə şəkli çəkdirilmişdir.
|