|
Nadir Alış oğlu Əliyev 1962-ci il iyul ayının 30-da Ağdam rayonunun Əliağalı kəndində anadan olmuşdur.
1981-ci ildə Bakı Politexnik Texnikumunu bitirmiş, dərin biliyi, qlobal dünya görüşü ilə müəllim və tələbə heyətinin böyük nüfuzunu qazanmışdı.
Elmə olan dərin marağı 1986-cı ildə onu DTK Ali məktəbinə gətirib çıxarmış və 1991-ci ildə o, bu təhsilini də müvəffəqiyyətlə başa vurmuşdur.
BDU-nun hüquq fakültəsini yenicə bitirmişdi.
Ailəliydi. Bir oğlu, bir qızı var.
Baş leytenant N.Əliyev 1991-ci ildən MTN-də həqiqi hərbi xidmətə çağırılmışdı.
İyulun 22-də Ağdamın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Dünyada oğul ölümünü anaya çatdırmaqdan ağır yük yoxdur.
Nadir Əliyevin anası bu xəbəri eşidəndə nə edəcəyini bilmədi, qulaqlarına inanmadı, donub qaldı. Yalnız nəvəsi Şəhriyarın «nənə bunlar kimdir?» sualından sonra Səmərqənd ananın fəryadı ərşə qalxdı. Bizə belə gəldi ki, o oğluna yox, nəvəsinə ağlayır. Müharibənin yaydığı ölüm küləyi Əliağalı kəndində bu ağbirçək ananın qohumlarının qapısını çox döymüşdü, indi isə öz qapısını döydü. Sanki tanrı Səmərqənd ananı birdən-birə oğul itkisi ilə üz-üzə qoymağa cəsarət etməmiş, ana üsyanından qorxmuş, onu tədricən bu ağrıları yaşamağa məcbur etmişdi. Lakin tanrı yanılmışdı. Tanrı bilməli idi ki, ana öz Nadirini Vətən üçün, Xalq üçün doğmuşdu. Vətən və Xalq uğrunda əbədiyyətə qovuşanlar tarixin sərt yaddaşında daşlaşır və məzarını ürəklərdə qazır.
Səmərqənd ananın qürurunu tanrı yenə də sındıra bilmədi:
- Mən Nadiri özüm üçün yox, Vətən və el üçün doğmuşdum. Vətən üçün doğulanlar, bu torpağı hər şeydən müqəddəs bilənlər Vətənə atılan güllədən ölməz.
Haqlısan, Səmərqənd ana haqlısan. Nadir millət, millət deyib, millət kölgəsində daldalanan oğullardan deyildi. O, öz ruhu, canı və qanı ilə millətə, torpağa, kökə bağlı idi. O, bu böyük ideal uğrunda qəhrəmancasına həlak oldu.
Bir küncdə dayanmış, əvvəlki günlərdə olduğundan kiçik görünən, Nadirin ad gününə hazırlaşan atası Alış dayı həyətdə göylərə yüksələn ah və fəryadları eşitmirmiş kimi dilləndi:
- Nadir doğulduğu günlə, öldüyü günün arasındakı 30 illik məsafəni yaşadı. Dünyaya Ağdamda göz açsa da, ağdamlı kimi böyümədi, dilindən «haralısan?» sualı qopmadı. Çoxlarından fərqli olaraq, Azərbaycanın hər qarış torpağını Vətən bildi, bu amal uğrunda da fədakarlıqla vuruşdu.
«Həlak oldu» ifadəsini Alış dayı dilinə gətirmədi. Axı necə gətirəydi? Necə deyəydi ki, Nadir vəfasız çıxıb oğlu Şəhriyarla yenicə «ata, ata» deyə dil açan qızı Nigarı başsız qoydu. Axı o, öz canını gələcəyimiz olan körpələrin azadlığı naminə qurban vermişdir. Bir də qeyrətinə sığışdırmamışdır ki, Vətən torpağı üzərində nankor ermənilər gəzsin.
Bəli, əziz oxucu biz N.Əliyevin özü haqqında geniş yazmadıq. O özü də onun haqqında geniş danışmağı sevməzdi. Bir də onun ata və anasının dediyi sözlərdən Nadirin necə bir ailədə böyüməsi və necə bir oğul olması göz önündədir. Biz də bunu nəzərə alıb, bu yazıya burada nöqtə qoyuruq. Lakin bu nöqtə Nadirin ömrünə qoyulan nöqtə deyil. Biz inanırıq ki, ağbirçək nənələr öz nəvələrinə yeni bir nağıl da deyəcək.
... Biri vardı, biri yoxdu. Nadir adlı igid bir oğlumuz vardı...
Bu körpə, kövrək balalar da, Nadirin vətənpərvərliyindən, igidliyindən və cəsarətindən ilham alıb, onun kimi böyüməyə çalışacaqlar.
Arzu edirik ki, qələm sahiblərinə şəhidlər haqqında yazı yazmaq bir də nəsib olmasın.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qəbirləri nurla dolsun.
Cəlal Qasımov, Adil Babayev
"Sərhəd", 29 iyul 1993-cü il
|