|
Azərbaycanın müasir tarixində ümummilli lider Heydər Əliyev siyasi kursunun zəfəri kimi daim əlamətdar hadisətək xatırlanacaq 2003-cü il 15 oktyabr seçkilərindən 3 il ötür. Dünya şöhrətli siyasi xadim Heydər Əliyev məktəbinin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixinin ən böyük inkişaf dövrünün yeni mərhələsini yaşayır. Bu üç ildə qazanılan uğurlar seçkidə cənab İlham Əliyevin şəxsində Heydər Əliyevin milli maraqlara əsaslanan siyasi kursuna, sabitliyə və tərəqqiyə, yeniləşməyə və müasirləşməyə səs verən Azərbaycan xalqının seçimində yanılmadığını bir daha sübut etdi.
Dövlət quruculuğunun yeniləşmə və müasirləşmə mərhələsi XX əsr Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpası uğrunda apardığı mübarizə tarixidir. Əsrin sonunda bu mübarizənin mühüm mərhələsi, onun ideyadan reallığa çevrilməsi ulu öndərimiz, müasir dövlətçiliyimizin banisi Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev müasir müstəqil Azərbaycanı yaratmış dahi strateq kimi xalqımızın ümummilli lideri adını qazanmışdır. 1969-cu ildə Azərbaycana rəhbər seçilən Heydər Əliyevin milli intibah missiyasının birinci mərhələsində respublikada güclü iqtisadi infrastruktur və kadr potensialı yaradılmış, xalqın milli oyanışının əsası qoyulmuşdu.
1993-cü ilin iyun ayında xalqın təkidli tələbi nəticəsində hakimiyyətə ikinci dəfə qayıdışı ilə ulu öndərin müstəqillik missiyasının qurtuluş mərhələsi başladı. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, yorulmaz fəaliyyəti, dəmir iradəsi sayəsində ölkəmiz düşdüyü ağır siyasi böhrandan, vətəndaş müharibəsi təhlükəsindən, tüğyan edən cinayətkarlıq və özbaşınalıqdan xilas edildi. "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daim əbədi olması bundan da çətindir" - deyən Heydər Əliyevin rəhbərliyi ilə hüquqi, demokratik dövlət quruculuğu, ölkənin sosial-iqtisadi inkişafı, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizlik problemlərinin həlli, milli-mədəni tərəqqi istiqamətində nəhəng işlər görülməsinə başlandı.
Heydər Əliyev erası çağdaş tariximizin sabitlik və inkişaf dövrüdür. 2003-cü il oktyabrın 15-də xalqın etimadını qazanmış Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətimiz yeni mərhələyə - dinamik inkişaf, müasirləşmə və yeniləşmə mərhələsinə daxil oldu.
İndiyədək çalışdığı bütün fəaliyyət sferalarında böyük uğurlara imza ataraq özünü ciddi praqmatik siyasətçi kimi təsdiqləmiş, yüksək intellekti, işgüzarlığı, səmimiliyi, eyni zamanda prinsipiallığı və mütərəqqi idarəçilik keyfiyyətləri ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilmiş cənab İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifədə də ona bəslənilən ümidləri və etimadı tam doğrultmuşdur.
3 illik fəaliyyəti dövlət başçısının verdiyi bütün vədlərin düşünülmüş və əməli fəaliyyət planına söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını təsdiqlədi. İlk növbədə bəlli oldu ki, cənab İlham Əliyev yaxın beş ildə hökumətin qarşısında hansı əsas problemlərin, prioritet vəzifələrin durduğunu aydın təsəvvür edir və onların həlli üçün konkret proqramlara, planlara malikdir. "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" - söyləyən cənab Prezident bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün ciddi siyasi iradə, qətiyyət və əzmkarlıq nümayiş etdirir.
Azərbaycanın inkişaf strategiyasını aydın izah edən cənab Prezident bildirmişdir: "Bizim məqsədimiz çox konkret və çox sadədir - Azərbaycanın güclənməsi, güclü iqtisadiyyatın yaranması, siyasi sistemin möhkəmlənməsi və insanların həyat səviyyəsinin yaxşılaşdırılması".
Dərin dövlətçilik təfəkküründən qaynaqlanan və vaxtında atılmış addımların qısa zaman kəsiyində verdiyi nəticələr Azərbaycanı dünya miqyasında inkişaf edən dövlətlərin sırasına çıxarmışdır. 2005-ci ildə ÜDM 26%, bu ilin 9 ayı ərzində isə 34,4% artmışdır.
Son üç il ərzində dövlət büdcəsi 4 dəfə artaraq 6 milyard manatı ötmüşdür. Azərbaycana son 9 ayda təxminən 5 milyard dollar həcmində sərmayə qoyulmuşdur. Yürüdülmüş məqsədyönlü siyasət nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 49%-dən 29%-ə enmiş, əksəriyyəti regionlarda olmaqla 500 minə qədər iş yeri yaradılmışdır. Bu günlərdə qərb bölgəsinə səfəri çərçivəsində ictimaiyyət ilə görüşləri zamanı cənab Prezident bildirmişdir: "Bizim indi güclü iqtisadi potensialımız var... Bizim iqtisadiyyatımız dünyada analoqu olmayan sürətlə inkişaf edir. Dünyada bu göstəriciyə görə Azərbaycan birinci yerdədir".
Milli Təhlükəsizlik Nazirliyinin bu yönümdəki fəaliyyəti isə həyata keçirilən islahatlara və beynəlxalq layihələrə, ölkəyə investisiya qoyuluşuna əlverişli və təhlükəsiz şəraitin yaradılmasında, düşmənin və iqtisadi baxımdan rəqib dövlətlərin plan və niyyətlərinin, kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınmasında birbaşa və yaxından iştirak etməkdir.
Əsaslı strategiya və çevik taktika, yaxud qələbə hücumda qazanılır Son üç ildə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış, milli maraqları özündə tam ehtiva edən xarici siyasət kursunu dönmədən davam etdirən Prezident İlham Əliyev bu doktrinanı yeni taktiki gediş və manevrlərlə zənginləşdirmişdir. Bu sahədə qazandığımız uğurlar, Prezident İlham Əliyevin yeritdiyi siyasi xətt dünyanın aparıcı siyasi mərkəzləri, institutları tərəfindən müsbət qiymətləndirilir. Cənab Prezidentin şəxsi nüfuzu ilə respublikamızda beynəlxalq tədbirlərin keçirilməsi də vacib amillərdəndir: "...Hər bir beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi iki məqsəd güdür. Bir tərəfdən, tədbirin Azərbaycanda keçirilməsi, əlbəttə, Azərbaycanın artan rolundan xəbər verir. Digər tərəfdən, bizə imkan verir ki, xarici nümayəndələr Azərbaycan reallıqlarını öz gözləri ilə görsünlər".
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən də son dövrlər bir sıra beynəlxalq tədbirlər - NATO Xüsusi Komitəsinin iclası, NATO-nun PAP-T proqramı çərçivəsində seminarı, MDB üzv dövlətlərinin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanlarının Rəhbərləri Şurasının XXI iclası və digər mühüm tədbirlər keçirilmişdir.
Xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və daha səmərəli qurulması baxımından da ötən dövr Milli Təhlükəsizlik Nazirliyi üçün uğurlu olmuşdur. Xarici ölkələrin, tərəfdaş dövlətlərin müvafiq qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarından istifadə edilməsinin milli mənafelərin təminatına şərait yaradılmasında maksimum səmərə verməsi şəksizdir. Belə ki, məhz bu əlaqələrdən effektiv istifadə xüsusilə son vaxtlar mühüm siyasi əhəmiyyətli və təhlükəsizlik məsələlərində ölkəyə müvafiq dəstək əldə olunması və beynəlxalq hüquqi aktların qəbulunda mövqelərimizin möhkəmləndirilməsi işində mühüm rol oynamışdır. Qeyd edilməlidir ki, hazırda MTN dünyanın 46 dövlətinin xüsusi xidmət orqanları və mühüm beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri saxlayır.
Son üç ildə ümumən respublikanın beynəlxalq imici və mövqeləri daha da möhkəmlənmişdir. Ölkə rəhbərinin qeyd etdiyi kimi: "Azərbaycan artıq dünyada gedən proseslərin fəal iştirakçısıdır. Bir çox hallarda bölgə və Avropa üçün önəmli tədbirlərin təşəbbüskarıdır. Bölgədə Azərbaycanın mövqeyindən artıq çox şey asılıdır. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə, - nə siyasi, nə iqtisadi, nə nəqliyyat, nə də başqa - həyata keçirilə bilməz".
Ötən dövr ərzində həyata keçirilmiş səmərəli tədbirlər Azərbaycanın Qərb ölkələri ilə əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə imkan vermişdir. Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizədəki fəallığı, antiterror koalisiyasındakı iştirakı ölkənin milli maraqlarından irəli gəlir və respublikamızı demək olar ki, Avropanı bir sıra transmilli təhdidlərdən qoruyan sipər dövlətə çevirmişdir. Burada sözsüz ki, birgə maraqlarımız həmin ölkələrlə digər sahələrdə də əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə yaxşı imkanlar yaradır. Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı çərçivəsində Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında fəaliyyət göstərəcək Beynəlxalq Təlim Mərkəzinin yaradılması xüsusi qeyd edilməlidir. Bu mərkəz Azərbaycanın beynəlxalq terrorçuluqla mübarizədə qabaqcıl təcrübəyə yiyələnməsində, ölkənin milli təhlükəsizlik orqanlarının təhsil sisteminin təkmilləşdirilməsində mühüm rol oynayacaqdır.
Dövlət başçısı İlham Əliyevin üç ili əhatə edən prezidentlik fəaliyyətinə nəzər salarkən, onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dövlətimizin milli maraqlarına və beynəlxalq hüquq normalarına uyğun həlli istiqamətindəki səylərini və bu zaman nümayiş etdirdiyi prinsipial mövqeyini xüsusi vurğulamaq lazımdır. Cənab Prezidentin xarici siyasət doktrinasında bu problemin həlli ön yer tutur və real siyasi fəaliyyətə əsaslanır. Dövlət başçısı problemin həlli ilə əlaqədar konkret olaraq bildirmişdir: "Azərbaycan artıq o ölkədir ki, öz torpağının işğalına dözməyəcəkdir. Azərbaycan artıq o ölkədir ki, öz iqtisadi, siyasi, hərbi potensialından istifadə edib, istədiyinə nail olacaqdır".
Ali Baş Komandan dəfələrlə, xüsusən də son zamanlar öz nitqlərində ermənilərin uydurma təbliğatının dəf edilməsinin zərurətini vurğulayaraq, buna qarşı qəti hücuma keçmək vaxtının çatdığını bildirmişdir: "Biz hücum etməliyik, çünki, həqiqət bizim tərəfimizdədir... onların yalan, iftira üzərində qurulmuş təbligatını darmadağın etməliyik və bütün səyləri birləşdirib, həqiqəti bərpa etməliyik. Azərbaycan heç vaxt öz torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcəkdir. Azərbaycan bütün imkanlarını səfərbər edib, dirlomatik, siyasi, iqtisadi, hərbi - bütün imkanlardan istifadə edib, öz doğma torpaqlarını azad edəcəkdir".
Dövlət başçısının hücum strategiyasının mahiyyəti hər bir sahədə - ictimai-siyasi, iqtisadi və xüsusilə də informasiya kimi mühüm sferada hücumu ehtiva edir və iqtisadiyyatda, xarici siyasətdə, milli maraqların və təhlükəsizliyin təminatında həmləvərliyi, ardıcıllığı və çevikliyi nəzərdə tutur.
Ötən üç il ərzində Milli Təhlükəsizlik Nazirliyinin də fəaliyyəti məhz cənab Prezidentin həmləvərlik strategiyasından çıxış edilərək təşkil olunmuşdur. Prezident İlham Əliyevin aşağıdakı tövsiyəsi bu istiqamətdə bizim başlıca iş prinsipimiz olmuşdur: "...Azərbaycanın haqq işi, Azərbaycanın siyasəti və görülmüş bütün işlər... Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinə gətirib çıxaracaqdır. Milli təhlükəsizlik orqanlarının da bu istiqamətdə gördüyü və görəcəyi işlər böyük əhəmiyyət kəsb edir".
Dövlət başçısının bu istiqamətverici tezisi milli təhlükəsizlik orqanları qarşısında Ermənistanın dövlət səviyyəsində yeritdiyi terrorçuluq siyasəti, təxribat və kəşfiyyat-pozuculuq fəaliyyətinə qarşı mübarizə aparmaqla yanaşı, informasiya cəbhəsində də düşmənə layiqli cavab verilməsi tapşırığını qoymuşdur. Bu baxımdan, Azərbaycana qarşı Ermənistanın uzun illərdən bəri davam edən informasiya blokadasının yarılmasında nazirliyin son vaxtlar əldə etdiyi nailiyyətlər xüsusi əhəmiyyət daşıyır. Erməni terrorunun ifşasına, Ermənistanın təcavüzkar dövlət kimi tanıdılmasına xidmət edən materiallar, ölkəmizin və dünyanın görkəmli elm adamlarının, tanınmış ziyalıların yazdığı əsərlər əksər xarici dillərə tərcümə olunaraq geniş coğrafiyada yayılır. Ən mühümü odur ki, Azərbaycanın informasiya cəbhəsində üstünlük əldə etməsinin aydın nəzərə çarpması artıq Ermənistanda rəsmi səviyyədə təşviş və həyəcan doğurur.
Ümumiyyətlə, Ermənistanda dövlət səviyyəsində dəstəklənən terrorçuluğun başlıca hədəfləri siyahısında Azərbaycanın ilk yerdə olması bu sahədə fəaliyyətimizi bir an belə səngitməməyi tələb edir.
Milli təhlükəsizliyimizin prioritetləri Ölkəmizdə həyata keçirilən milli təhlükəsizlik siyasətinin əsas daşıyıcılarından və aparıcı qüvvəsi olan Milli Təhlükəsizlik Nazirliyinin başlıca vəzifələri milli maraqların etibarlı qorunması, təhlükəsizliyin hərtərəfli təmin edilməsi, ölkə həyatının bütün sahələrində, o cümlədən iqtisadiyyatda dinamik inkişafa nail olunmasına, ümumən sosial-iqtisadi və xarici siyasətin uğurla həyata keçirilməsinə əlverişli şərait yaratmaqdır. Dövlət quruculuğunun müasirləşmə mərhələsində Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin prioritet istiqamətləri dövlət başçımızın MTN-in Heydər Əliyev adına Akademiyasında proqram xarakterli çıxışından qaynaqlanır: "Ölkəmizin normal, hərtərəfli inkişafı üçün, Azərbaycan xalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayiş qorunmalıdır, təhlükəsizliyimiz təmin olunmalıdır. Bu işdə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi funksiyası var, xüsusi rolu var və Milli Təhlükəsizlik Nazirliyi bu vəzifənin öhdəsindən şərəflə gəlir. Mən bunu xüsusilə qeyd etmək istəyirəm".
Azərbaycanın mühüm və həssas coğrafi-strateji məkanda yerləşməsi, mövcud hərbi-siyasi vəziyyət və həmçinin, ölkəmizdə həyati əhəmiyyətli beynəlxalq layihələrin reallaşdırılması ciddi və kompleks təhlükəsizlik tədbirlərinin görülməsini zəruri edir.
Bu baxımdan, yuxarıda qeyd etdiyimiz kimi Ermənistandan və erməni diasporundan gələn təhdidlər diqqət mərkəzində saxlanılmaqla və Azərbaycanı əhatə edən dövlətlərdə gedən proseslər daim təhlil olunmaqla yanaşı, beynəlxalq terrorçuluqla mübarizə sahəsində fəaliyyətin daha səmərəli təşkil olunması məqsədilə terrora həssas sahələrin tam müəyyənləşdirilməsinə və həmin yerlərdə terror-təxribat fəaliyyətinə imkan verən şəraitin aradan qaldırılmasına diqqət artırılmışdır. Ölkənin terror təhlükələrindən müdafiəsi istiqamətində keçirilmiş bir sıra uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində milli maraqlarımıza ciddi təhdid yaradan beynəlxalq terrorçulardan ibarət bir neçə təhlükəli dini-ekstremist qrup zərərsizləşdirilmişdir.
Terrorçuluq, təcavüzkar separatçılıq kimi təhlükələrlə yanaşı, dini və siyasi ekstremizm, narkotiklərin, radioaktiv maddələrin və silahların qanunsuz dövriyyəsi, insan alveri, qeyri-qanuni miqrasiya və bütövlükdə cəmiyyətin sosial-siyasi dayaqlarına təhdid doğuran transmilli mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizə hazırda milli təhlükəsizlik orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Qeyd edilməlidir ki, ümumən transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində son dövrlər ciddi irəliləyişə nail olunmuşdur. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə gücləndirilmiş, transmilli, mütəşəkkil cinayətkar dəstələrin İran-Azərbaycan, Dağlıq Qarabağ-İran-Azərbaycan, İran-Azərbaycan-Rusiya-Yaponiya, İran-Azərbaycan-Gürcüstan-Avropa marşrutları ilə narkotiklərin daşınması hallarının aşkarlanması üzrə məqsədyönlü iş davam etdirilmiş, külli miqdarda narkotik vasitələr götürülmüşdür.
Həmçinin, qeyri-leqal miqrasiya ilə mübarizə də beynəlxalq terrorçuluğun və digər transmilli cinayətlərin qarşısının alınmasının mühüm şərtlərindən biri kimi qiymətləndirilməlidir. Çünki Azərbaycan qanunsuz miqrasiya və insan ticarəti üçün həm tranzit, həm təyinat, həm də təminat ölkəsidir. Qanunsuz miqrasiya qurbanlarının asılı olmaları baxımından terrorçuların təsiri altına düşmələri və alətə çevrilmələri istisna edilmir. Digər tərəfdən, onlardan silahların və narkotiklərin qanunsuz dövriyyəsində istifadə olunması ehtimalı da mövcuddur. Həmçinin, bu amil xalqımızın genofondu və ictimai-mənəvi dəyərləri üçün də real təhlükədir. Bu gün qanunsuz miqrasiya sahəsində müxtəlif dövlət orqanlarının fəaliyyətlərinin səmərəli əlaqələndirilməsi və işin məqsədyönlü təşkili istiqamətində konkret işlər görülür.
Ötən dövr ərzində elmi-mədəni sərvətlərimizin qorunması, ayrı-ayrı sahələrdə ciddi qanun pozuntusu hallarının aşkar edilməsi üzrə də mühüm tədbirlər keçirilmiş, cinayətkarlığın digər təhlükəli növləri, kəskin ictimai rezonans doğurmuş cinayətkar əməllərlə də önəmli mübarizə aparılmış, mütəşəkkil dəstələr zərərsizləşdirilmişdir.
Hesab edirik ki, bir məqam da daim diqqət mərkəzində saxlanılmalıdır. Azərbaycanın qüdrətlənməsini istəməyən müəyyən dövlətlər və dairələr daim zəif yerlər arayır, hər bir fürsətdən yararlanıb ölkədə ictimai-siyasi sabitliyi pozmağa, bunun üçün destruktiv qüvvələrdən də istifadə etməyə çalışırlar. 2005-ci ilin parlament seçkiləri ərəfəsində baş vermiş hadisələr də buna əyani sübutdur. Cəmiyyətimizin demək olar ki, tam əksəriyyətinin birmənalı mövqeyi, ölkə Prezidenti cənab İlham Əliyevin göstərdiyi iradə və qətiyyət onların bu niyyətini puça çıxardı. Bu proseslərdə milli təhlükəsizlik orqanları öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldilər.
Heydər Əliyevin təhlükəsizlik siyasəti və peşəkarlıq irsinin qorunması, davam etdirilməsi mənəvi, həm də xidməti borcumuzdur Bu gün biz qürurla bəyan edirik ki, ömrünün 25 ilini xüsusi xidmət orqanlarında fəaliyyətə həsr etmiş Heydər Əliyev ənənələrinin, amallarının yaşadılması ən başlıca uğurumuz və hazırda fəaliyyətimizin vacib prinsipidir. Onların ən əsasları aşağıdakılardır: Azərbaycanda sabitliyin, dövlət müstəqilliyinin əbədiliyinin və dönməzliyinin qorunması, Ermənistanın işğal etdiyi ərazilərin azad olunması, Azərbaycan Respublikasının hərtərəfli inkişaf etdirilməsi. Bizim borcumuz Heydər Əliyev ideyalarını həyata keçirib yaşatmaq, milli maraqlarımızın, dövlətçiliyimizin və müstəqilliyimizin təhlükəsizliyi keşiyində daim ayıq-sayıq dayanmaqdır.
"Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanları o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadr və iş üslubu olsun" - ulu öndərimizin bu fikrini əsas götürməklə iş üslub və metodlarının daim təkmilləşdirilməsi, qabaqlayıcı məlumatlar əsasında cinayətlərin hazırlıq, yaxud baş vermə ərəfəsində qarşısının alınmasına nail olunması bizim başlıca məqsədimiz olmuşdur. Çəkinmədən demək olar ki, məhz bu istiqamətdə ötən 3 il ərzində xeyli iş görülmüş, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi, peşəkar kadrların hazırlanması ilə bağlı bütün mümkün imkanlardan istifadə edilmişdir.
Son üç ildə nazirlik əməkdaşlarının yüksək dövlət mükafatlarına və ali hərbi rütbələrə layiq görülməsi, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına xalqımızın ümummilli liderinin adının verilməsi, Akademiyanın Döyüş Bayrağının və onun Əsasnaməsinin təsdiq olunması ölkə rəhbərinin bizim işimizə verdiyi yüksək qiymətin, şəxsi heyətə göstərdiyi diqqət və qayğının əyani təzahürüdür. Möhtərəm Prezidentimizin Akademiyaya Döyüş Bayrağının verilməsi və burada ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş "Şöhrət" muzeyinin açılışında şəxsən iştirak etməsi, proqram xarakterli nitqi hamımızın xatirəsində silinməz izlər buraxmışdır.
Keçən dövr ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən nazirliyin Əsasnaməsi və yeni strukturu təsdiq edilmiş, "Milli Təhlükəsizlik haqqında", "Kəşfiyyat və Əks-kəşfiyyat haqqında", "Dövlət sirri haqqında", "Elektron imza və elektron sənəd haqqında" qanunların və digər qanunvericilik aktlarının tətbiqi ilə bağlı fərman və sərəncamlar verilmişdir.
Eyni zamanda, nazirliyin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də xeyli işlər görülmüşdür. Belə ki, nazirliyin əsas inzibati və digər binalarında, rayon şöbələrinin xidməti binalarında, poliklinikada, Heydər Əliyev adına Akademiyada əsaslı təmir və quraşdırma işləri aparılmışdır. Əməkdaşların normal fəaliyyəti üçün zəruri müasir texniki vasitələr və avadanlıqlar alınmışdır. Nazirliyin avtomobil parkı da əsaslı surətdə yaxşılaşdırılmışdır. Nazirliyin ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan maliyyə vəsaitinin həcmi orta hesabla 6 dəfə artırılmışdır.
Dövlət başçısı mövcud vəziyyətlə daim maraqlanmış, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması, nazirliyin məhsuldar və səmərəli fəaliyyəti üçün lazım olan hər cür köməklik göstərəcəyini bildirmişdir. Bu diqqət və qayğının əyani təzahürü kimi cənab Prezident tərəfindən cari ilin 17 oktyabrında "Azərbaycan Respublikasında milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı"nın (2007-2011-ci illər) təsdiq edilməsi haqqında sərəncamın imzalanmasını göstərmək olar. Bu proqramda milli təhlükəsizlik orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, maddi-texniki bazasının və əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi üzrə tədbirlər nəzərdə tutulur.
Biz, bu gün bir qədər geriyə nəzər salsaq qürurla deyə bilərik ki, sürətli inkişaf, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi kimi əsasən pozitiv faktorlarla zəngin olan 3 il artıq arxada qaldı. Əsas şərtlərdən biri də odur ki, irəlidə görüləcək işlər, perspektiv planlar da var və dövlətimiz, cəmiyyətimiz onları uğurla, dönmədən həyata keçirmək əzmindədir. Ötən 3 ilin yekunları dövlətçilik sükanının uzaqgörən və iradəli, hər bir situasiyada dərhal və düzgün qərar qəbul etmək qabiliyyətinə malik şəxsiyyətin əlində olmasını təsdiqlədi. Heydər Əliyev kimi fenomenal şəxsiyyətdən sonra çətin bir dövrdə, mürəkkəb bir regionda dövlətin idarə olunmasını öz üzərinə götürmək böyük məsuliyyət tələb edirdi. Cənab İlham Əliyev biliyinə, səriştəsinə, topladığı təcrübəyə, dərindən yiyələndiyi ümummilli liderin irsinə, xalqın etimadına və dəstəyinə söykənib tərəddüd etmədən, cəsarətlə və inamla seçkilərə getdi və xalqın istəyilə Prezident seçildi.
Dünyada qloballaşma və mürəkkəb siyasi proseslərin getdiyi bir zamanda olduqca həssas regionumuzda Azərbaycan Respublikasının başlıca təməl prinsipləri olan müstəqilliyimizin və hüquqi, demokratik, dünyəvi, konstitusion dövlət quruluşunun qorunması üzrə vəzifələrin məsuliyyətini Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti dərindən dərk edir. Bu vəzifələrin yerinə yetirilməsi Milli Təhlükəsizlik Nazirliyinin hər bir əməkdaşından Vətənə Heydər Əliyev bağlılığı, yüksək peşəkarlıq, xidməti borca sədaqət, geniş dünyagörüşü kimi keyfiyyətlər tələb edir. İctimaiyyətimiz əmin ola bilər ki, xalqımızın etimadı, Prezident cənab İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə göstərdiyi xüsusi diqqət və qayğı müqabilində qarşımızda duran vəzifələri şərəflə yerinə yetirəcəyik.
Eldar Mahmudov, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant
|