az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
KİTABXANA
Nəşrlər
Müsahibələr
Məqalələr
Məktublar
SONRADAN QƏHRƏMAN OLMURLAR, ANADAN QƏHRƏMAN DOĞULURLAR

Şəhidlər Xiyabanında Daşaltı şəhidlərinə heç olmasa, simvolik bir məzar olsaydı, başdaşını qucaqlayıb ürəyimizi boşaldardıq!..
Bahar Əhmədova

Bu yazını sinəsinə bala dağı çəkilmiş bir ananın, qəlb ağrıları ilə dolu əzablı bir ömür yaşayan, evinin soyumuş divarları arasında bu günədək igid hərbçi oğlunun, Azərbaycanımızın milli qəhrəmanı Riad Əhmədovun yolunu gözləyən, bala dərdi çəkməkdən sinəsi şan-şan olmuş Bahar Əhmədovanın qəm dastanı da adlandırmaq olar…

Dörd ay vardı, ananın gözləri yol çəkirdi,
Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi…

Dörd ay deyil, dörd il deyil, düz 13 ildir Bahar xanımın nisgilli baxışları, ağır qəm yükü asılmış gözləri yollardan yığışmayıb, hər gün, hər saat qəflətən qapının açılacağını və ucaboylu, polad cüssəli Riadın adəti üzrə şəstlə içəri girərək boynuna sarılacağı anın həsrətindən yanıb külə dönür… Ancaq, nə yazıq ki, bu həsrətin sonu görünmür…

Allah, son ucunda ümid közərən intizardan, həsrətdən üzücü, ağrılı heç nə yoxmuş bu fani dünyada…

Hərdənbir oğlunun könüllü olaraq cəbhəyə getməsinə, erməni cəlladlarına qarşı ölüm-dirim savaşına atılmasına, sonuncu dəfə qızdırmanın içində evdən çıxmasına yol verdiyinə görə özünü yüngülcə qınasa da, bu hal ötəri olur, yenə də həmişəki fikrinə qayıdır: - «Yox, Riad el-oba üçün, xalq üçün yaşamaq, dünyaya elə hərbçi olmaq, Vətən, Ana torpaq uğrunda mərdliklə vuruşmaq üçün gəlmişdi!»

Ondan oğlunun keçdiyi və bugünkü gənclərə örnək olası şərəfli həyat yolu haqqında danışmağını xahiş etdikdə - «Belə şeyləri xoşlamıram, Riad haqqında çox yazılıb. Bəlkə ehtiyac yoxdur,» - desə də, göz yaşlarını boğmağa çalışaraq ürəyinə axıda-axıda Riadın yarımçıq qalmış ömründən o qədər səhifələr açdı ki!..

«Daşaltı əməliyyatı», «Uğursuz Daşaltı döyüşü» kimi artıq tarixə düşmüş, 1992-ci ilin qarlı-şaxtalı bir qış günündə - yanvarın 26-da baş vermiş müəmmalı, səriştəsiz hazırlanmış və keçirilmiş əməliyyat nəticəsində neçə-neçə say-seçmə oğulların, lay-divar igidlərin, el arasında «əfqanlar» kimi tanınmış Əfqanıstan müharibəsində döyüş təcrübəsi toplamış mərd balalarımızın da müəmmalı şəkildə mühasirəyə alınaraq ermənilər tərəfindən qırılması elə Bahar ananın özü üçün də müəmma olaraq qalıb… Bilinmədi, o döyüşçülərdən kimlər həlak oldu, kimlər əsir götürüldü və kimlər qarın altında qaldı…

1991-ci ilin mayında Daşaltıda keçirilən uğurlu əməliyyata başçılıq edən, Dövlət Təhlükəsizlik Komitəsinin təcrübəli kəşfiyyatçısı kimi dəfələrlə qaynar nöqtələrdə xüsusi döyüş əməliyyatlarında erməni quldur dəstələrinin məhv edilməsində fəal iştirak edən, bu bölgələrə yaxından bələd olan Riad öz dəstəsi ilə hansı səbəbdən Daşaltıya məlum Laçın və ya Naxçıvanik yolu ilə deyil, tamam başqa yolla gedirmiş? Mayda əməliyyatın uğurlu keçməsini görən səlahiyyətlilər nədən dizə qalxan qarın, iliyə işləyən şaxtanın tüğyan elədiyi bir vaxtda belə çətin, əlverişli olmayan coğrafi nöqtədə əməliyyat keçirməyi vacib saymışdılar? Hə, beləcə çoxlu suallar doğuran bir əməliyyat qurbanlarının - Daşaltı şəhidlərinin cəsədlərinin də hamısı el adəti ilə, layiq olduqları surətdə Ana torpağın qoynuna tapşırılmadı! Beynəlxalq təşkilatların səyi ilə Daşaltıda qəhrəmanlıqla döyüşüb təslim olmayan oğulların bəzilərinin cəsədləri alınır, ancaq Riad Əhmədov onların arasında olmur. Həmin döyüşdə itkin düşmüş sayılır. Deyilənə görə, ayağından yaralansa da, avtomat silahı ilə ermənilərin mühasirəsini yarmağa, buna nail olmadıqda isə dostları döyüş meydanını tərk edənədək düşmənin qarşısını almağa çalışırmış…

Müxtəlif ehtimallar Bahar xanımın 13 ildir ki, yuxusunu ərşə çəkib, oğlunun sağ olmasına közərən ümidi artıq lap öləziyib…Həmin əməliyyatda şəhid olmuş neçə igidin-Vətən, torpaq fədaisinin anası da onun kimi Şəhidlər Xiyabanında simvolik bir məzarın qoyulmasının həsrətindəndi…

Şəhidlər Xiyabanında simvolik bir məzar, adi mərmər və ya daş parçası qoyaraq üstünə «Daşaltı şəhidlərinin əziz xatirəsinə» sözlərinin yazılmasını belə özlərinə təsəlli biləcək şəhid analarının, Bahar xanımın ürək ağrılarını duyursunuzmu, əziz oxucularımız?!…

İnanın, mən hər il 20 yanvar günü Şəhidlər Xiyabanını ziyarət edirəm. Şəhid qəbirlərinin üzərinə tər qərənfillər düzür, göz yaşları içərisində ruhlarına dualar oxuyuram. Halımı görən şəhid analarının mənə yazığı gəlir. Təsəvvür edirsiniz, şəhid anaları halıma yanırlar ki, Milli Qəhrəman oğlumun başdaşı da yoxdur ki, qucaqlayıb ürəyimi boşaldım! Əlbəttə, söz yox ki, bütün şəhidlər mənim balamdı, ancaq bu, acı da olsa, həqiqətdir»,- deyən Bahar xanım göz yaşlarını artıq boğa bilmədi…

Riadın ömrü dağlarda keçdi. Döyüş yolu elə dağların sinəsində də sona yetdi. Çox axtardım, yaxın qohumları və dostları da çox axtardılar, çox əziyyət çəkdilər, itkin düşmüş sayıldığına görə… Əfsuslar ki, bir soraq olmadı. Artıq şəhid olduğuna şübhəm qalmayıb… Nə bilim, bu da bir qismət, bu da bir tale imiş ki, yaşamaq məcburiyyətində qaldım. 33 il xoşbəxt həyatdan sonra bu acıları dadmalı oldum. Yaxşı ki, uzun illər dövlət işlərində namusla çalışmış, ona üz tutan hər kəsin qayğısını doğma adamı kimi çəkmiş, düz 33 il məni xoşbəxt etməyi bacarmış Fikrət bu günü görmədi, yoxsa ürəyi tab gətirməzdi…

O, Riadı təkcə qeyrətli, namuslu oğul kimi deyil, həm də özünə dost, arxa, yoldaş bilirdi. Onun Vətənə, xalqa məhəbbət ruhunda, mərd, mübariz, vətənpərvər böyüyüb formalaşmasına xüsusi diqqət və qayğı göstərirdi. Bir baxın, (BDU-nun hüquq fakültəsini əla qiymətlərlə başa vurduqdan, iki il Ədliyyə Nazirliyində, sonra Dövlət Təhlükəsizlik Komitəsində işləyir və oradan Belorusiyanın Minsk şəhərində Xüsusi məktəbə oxumağa göndərilir.) Minskdə oxuyarkən atası ona məktubunda nə yazır: «Sən bütün həyatını dövlətinin təhlükəsizlik işində xidmətə həsr etmiş çekist nəvəsisən. Və sənin başını dik tutub gəzməyə haqqın var. Sən özün də xidməti borcuna vicdanla yanaşmağınla bu haqqı qazanmısan. Odur ki, başını dik tut!»

Bax, biz onu Vətən qarşısında başını dik tuta bilməsi, hər an onu müdafiəyə hazır olması, qarşılaşdığı çətinliklərə mərdliklə sinə gərə bilməsi üçün cəsur, qorxmaz, mətin böyütməyə çalışmış, sanki Qarabağ döyüşləri üçün hazırlamışdıq. Heç gözlərimin qarşısından getmir. Uşaqkən plastilindən ağ və qara rəngdə düzəltdiyi döyüşçülərə müharibə səhnəsi qurar, onları döyüşdürərdi. Bir qurtum su, bir tikə çörək yemədən saatlarla fiqurları döyüşdürər, qələbə çalmayınca ayağa qalxmazdı. Elə bil dərk edirdi ki, böyüyəndə hərbçi olacaq. Lap balacalığından əlini gicgahına qoyaraq hər kəsə çest verərdi, şəkilləri də var çest verdiyi yerdə. 13 yaşında Artekə istirahətə yollamışdıq. Ordan yazırdı ki, ana mən özümü gələcəyin hərbçisi kimi görürəm.

BDU-nun hüquq fakültəsini bitirib diplom alanda soruşduq ki, Riad harada işə başlamağı düşünürsən? Dedi ki, Dövlət Təhlükəsizlik Komitəsində. Atası deyəndə ki, axı böyük vəzifəli adamların (atası Fikrət Əhmədov Nazirlər Sovetində məsul vəzifə daşıyırdı) uşaqlarını DTK-ya götürmürlər. Cavabında nə desə yaxşıdır? Mən DTK-da işləyəcəm, əgər ora götürməsələr, sərhəd qoşunlarına, lap ucqar dağ zastavasında xidmət etməyə gedəcəm. Prokuror olmaq istəmirəm, məndən kabinet adamı çıxmaz. Həqiqətən də nümunəvi hərbçi, bacarıqlı kəşfiyyatçı kimi dəfələrlə əməliyyat keçirdi və özünü az vaxt ərzində təsdiqlədi.

Bir gün sevincək mənə zəng vurdu ki, ana mənə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən nümunəvi xidmətə görə Fəxri Fərman verilib…

Qarabağ münaqişəsi başlayandan cəbhə bölgələrinə getməyə başladı. Məni qorxutmamaq üçün keçirdikləri əməliyyatlar barədə bir söz deməzdi. Sonralar öyrənmişəm ki, sən demə o, Daşaltı əməliyyatında da kəşfiyyat dəstəsinin komandiri imiş.

Hərdən gələrdi evə, uşaqlara, mənə baş çəkməyə… Vaxtı az olsa da, sanki uzun illərdən bəri doğma Bakının həsrətindəymiş kimi (bəlkə də tezliklə sevdiyi şəhərdən ayrılacağını hiss edirmiş) dostları ilə şəhəri gəzməyə çıxardı. Elə vətənpərvər oğul idi ki!… Harda cavan oğlan görürdü, deyirdi ki, nə dayanmısınız, durun, indi Vətəni müdafiə etmək lazımdır, Bakıda oturmaq vaxtı deyil. Hamımız bir nəfər kimi orada olmalı, döyüşməliyik.

Bir dəfə gələndə durdu qarşımda: - Ana mənə bir şey olsa uşaqlarıma kim baxacaq? Yaman əsəbiləşdim, özümü itirdim və:-Riad, bil ki, sənsiz mənə həyat yoxdur.

Talesiz balamın elə bil olacaqlar ürəyinə damıbmış…Axşam evə qayıdanda un, düyü, qənd və s. hərəsindən bir kisə alıb gətirmişdi.

Elə bil ürəyinə dammışdı ki, Azərbaycanın ilk qəhrəmanı itkin düşəcək, ya həlak olacaq, fərqi yoxdur, düz 11 ay dövlət tərəfindən kimsə qapısını açmayacaq. Cüzi maaş alan anası, analıq məzuniyyətində olan həyat yoldaşını və iki yadigarını birtəhər, dostlarının və qohumlarının köməyi ilə dolandıracaq…

Dövlət öz ilk milli qəhrəmanının ailəsinin taleyinə biganəlik göstərəcək, heç təqaüd də kəsməyəcək…Axtarışlar yolunda bir ümid yerimiz də qalırdı. El atasına üz tutduq, pənah apardıq. Xalqımızın böyük oğlu, xilaskarı o zamanlar Naxçıvanda idi. Riadın balalarının dayısı öz yaxın dostu ilə ona müraciət edərək Milli Qəhrəmanın axtarılmasında yardımçı olmasını xahiş etdilər. Allaş ona qəni-qəni rəhmət eləsin, həqiqətən də Ulu Öndər idi, El Atası idi. O da Riadın tapılması, müxtəlif yollarla axtarılması üçün çox əziyyətlər çəkdi. Amma nə fayda, yəqin qismət belə imiş… Nə yaxşı ki, həyatda qayğıkeş, mehriban, səmimi insanlar varmış.

Gəlinimin əzizləri, qohumları, oğlumun dostları da Riadımın yadigarlarını əziz tutdular, ehtiyaclarına qayğı ilə yanaşdılar. Leyla şirin-şirin deyir ki, nənə, Eldar day-day bizə ata kimi baxır. ..

Mehribanın əri də mənə həyan durub, ancaq Riad itkisini heç nə ovundura bilməz. Nə bilim, Allah yaxşı adamların, könül sevindirən insanların könlünü sevindirsin, köməyi olsun!

Oğlum da atamın taleyini yaşadı sanki… Atam Cümşüd Nurullayev də İkinci Dünya müharibəsi zamanı Krım vilayətinin Krasnodar şəhəri uğrunda gedən döyüşlərdə 32 yaşında ikən həlak olub. Riad da 32 yaşında Daşaltı əməliyyatı zamanı uğursuz taleyin dolaylarında qeyb oldu.

İlk qızı Leyla dünyaya gələndə çox sevinirdi. Fərizə doğulanda isə pəncərədən ona baxan ömür-gün yoldaşı Elmiraya (gəlinim iqtisadçıdır, həm də diplomat. Xarici İşlər Nazirliyində çalışır, sağ olsun, uşaqları gözəl tərbiyə edir) yumruq göstərmişdi. Çünki oğlu olmasını, kəşfiyyatçı olmuş Həmid babasının adını qoymaq istəyirdi uşağa. Ancaq elə ki, Fərizə 1 yaşına çatdı, onunla oynamaqdan doymurdu, deyirdi ki, indi mən bu şeytanı min oğlana dəyişmərəm.

Riadın da, Mehribanın da adını mən qoymuşam. Riad adının mənası «intizamlı» deməkdir. Riad hər zaman adını doğrultdu.

Son görüşümüz heç gözümün qabağından getmir. Həkim işlədiyimdən həmin gecə növbədə idim. Zəng elədilər ki, Riadın qızdırması 39 dərəcəyə qalxıb. Dedim ki, dərman verin, düşsün, gəlirəm. Səhər tezdən evə gələndə gördüm ki, hərbi formanı geyinib getməyə hazır vəziyyətdə məni gözləyir. Dəli oldum onu belə görəndə: Riad, mən demirəm ki, getmə. Ancaq bir az sağal, qızdırman yüksəkdir, xəstəliyin yüngülləşsin sonra qayıt cəbhəyə…Dedi ki, getməliyəm. Küsdüm. Yan otağa keçib uzandım. Arxamca gəldi ki, Ay ana, bəs dalımca su atmırsan? Ürəyim dözmədi, ayağa qalxdım, əyin-başını yoxladım, ayağına isti corab geyindirdim. Öpmək istəyəndə qoymadı, dedi ki, səni də yoluxduraram. İlk dəfəydi ki, onu öpmədən yola salırdım. Qızı Leyla ilə arxasınca su atdıq…Amma geri dönmədi, gözləməkdən gözlərimin kökü saraldı. Həmin il ad gününü onsuz qeyd elədik. Artıq 13 ildir ki, dekabrın 20-si günü ürəyimə ayrılıq həsrətindən qopan 20 ox birdən sancılır…Ürəyimin hər nöqtəsindən qan sızır. Belə vətənpərvər oğul idi Riad.

Onlar 11 nəfər idilər, 11-i də canlara dəyən igidlər idi. İndi bir istəyim var. 11 şəhid igidin işıqlı xatirəsinə Şəhidlər Xiyabanında adicə mərmər parçası qoyulsun, üstünə «Daşaltı şəhidlərinə» sözü yazılsın…

Mehriban da qardaş itkisinə, ona arxa, dayaq, sipər olan Riadın itkisinə dözə bilmirdi. Göz yaşlarımı görməmək üçün kədərini məndən gizlətməyə çalışırdı. Ustad şairimiz Məmməd Arazın «Ana millət, ata millət ağlama» şerinə mahnı yazdı, Fikrət Qocanın sözlərinə «Vətən səsi» simfonik poemasını bəstələdi, sanki qardaşına musiqinin ecazkar dili ilə laylay dedi. Bahar xanım bu sözləri dedi və yenə də göz yaşlarını saxlaya bilmədi…

P.S. Onu bağrımıza basmaq, kədərini ovutmaq, ürəyində qövr eləyən arzuları həyata keçirmək üçün elə bir dəli istək doğdu ki, içimizdə… Əfsuslar ki!…

Və ürəyimizdən keçdi ki, kaş, Qarabağ torpaqları tezliklə azad olunsun, Riad tək igidlərimizin qisası qarı düşməndən - ermənilərdən alınsın, Bahar ananın, şəhid analarımızın qəm yuva salmış ürəklərinə təpər gəlsin, təsəlli olsun ki, oğullarının, əbədiyaşar şəhidlərimizin mübarizəsi hədər getmədi…

Bax, o zaman sevimli Məmməd Arazımızın, Mehribanımızın, Ana millət, ata millət ağlama deyən səsi, Vətən uğrunda həlak olmuş şəhidlərimizin harayı bütün Azərbaycan türklərinin qalibiyyət səsinə çevriləcək.

Xatirə Tağıyeva, Esmira Şükürova

«Respublika» qəzeti, 19.12.2004

MƏQALƏLƏR
Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının X iclası keçirilmişdir (“Azərbaycan” qəzeti, 19-20 noyabr 2007-ci il)
Azərbaycan alimləri: “Voyçex Pastuşkanın ermənilərin Ağdamda apardığı arxeoloji qazıntıları “siyasi qazıntılar” adlandırması erməni saxtakarlarının iç üzünü açan sərrast elmi qiymətdir” (“APA”, 11.07.2007)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsinin növbəti buraxılışı olmuşdur (“AzərTAc”, 07.07.2007)
Qara Bağdan açıqca («Wyborczej» qəzeti (Polşa) 17.04.1998 – 18.04.1998) (Azərbaycan, rus və polyak dillərində)
NATO-Azərbaycan əməkdaşlığında Milli Təhlükəsizlik Nazirliyinin rolu (“Diplomatiya və Hüquq” jurnalı, №1 (007) aprel 2007)
Azərbaycanın müstəqilliyinin qorunmasında milli təhlükəsizlik orqanlarının xidməti xüsusi qeyd edilmişdir (“Azərbaycan” qəzeti, 28.05.2007)
“ABŞ Konqresinin 106-cı qətnaməsinə dair. Uydurma “erməni genosidinin” tanınmasına dair bir neçə kəlmə” (rus dilində) («Эхо» qəzeti, 21.04.2007)
“Böyük yalan: erməni genosidinə dair mif” (газета
Dövlət İdarəçilik Akademiyasında milli təhlükəsizlik orqanlarının yaradılmasının 88 illiyi ilə əlaqədar tədbir keçirilmişdir ("Azər Tac",19.03.2007)
Azərbaycan təhlükəsizlik orqanlarının 88 illiyi Yasamal rayonunda da qeyd edilmişdir ("Azər Tac",19.03.2007)
MTN milli maraqların və dövlətçiliyin sədaqətli müdafiəçisidir ("Azər Tac",19.03.2007)
Xocali Faciəsi Dünyada Törədilmiş Ən Ağir Cinayət və Soyqırımıdır (“Azər Tac”,24.02.2007)
Transmilli Mütəşəkkil Cinayətkarliqla Mübarizədə Uğurlu Mərhələ («Azərbaycan» qəzeti, 23.02.2007)
Milli Təhlükəsizliyimizin Etibarli Təminatçisi ("Azərbaycan",12.01.2007)
Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir («The Patriot» qəzeti - İslamabad, 27.11.2006)
Eldar Mahmudov, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant: «Prezident İlham Əliyevin siyasi kursu milli təhlükəsizliyimizi təmin edir»
Eldar Mahmudov, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri, general-leytenant:
Almaniya Federal Kəşfiyyat Xidmətinin nümayəndə heyətinin Azərbaycana səfəri (13.08.2005)
Etibarlı milli təhlükəsizliyə aparan yol (“Respublika” qəzeti 15.06.2005)
Almaniya Bundestaqı nümayəndə heyətinin Azərbaycana səfəri (24.05.05 “AzərTac”)
Millətə xidmət üçün yaranmış insan (09.05.2005 “Xalq qəzeti”)
Вклад Азербайджана в Великую Победу (Москва 2005)
Quba soyqırımı, yaxud ruhların kəsilməyən fəryadı (23.04.2005 “Azərbaycan”)
Bakida “Cənubi Qafqazda köçkün düşmüş əhali” mövzusunda Beynəlxalq seminar keçirilmişdir
1918-1920-ci illərdə türk-müsəlman soyqırımları (“Azərbaycan” 01-02. 04.2005)
Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının əməkdaşları peşə bayramlarını qeyd etmişlər («Azərbaycan», 29.03.05)
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinə (28.03.2005)
Milli təhlükəsizlik orqanlarının yaradılmasının 86 illiyinə həsr olunmuş görüş keçirilmişdir («Azərbaycan», 27.03.05)
Milli Qəhrəmanın xatirəsinə ehtiram («Azərbaycan», 27.03.05)
Məktəbdə yubiley tədbiri («Azərbaycan», 27.03.05)
Vətənin təhlükəsizlik sipəri (Əlimusa Əliyev, «Respublika», 26.03.05)
Azərbaycan Təhlükəsizlik Orqanlarinin 86 Illiyi Münasibətilə Görüş Keçirilmişdir («Respublika», 26.03.05)
Milli təhlükəsizliyin hərtərəfli təminatına nail olmalıyıq («Azərbaycan», 26.03.05)
Prezident İlham Əliyevin MTN-in bir qrup əməkdaşına mükafatları təqdim etmə mərasimi («Azərbaycan», 17.03.05)
Şərəfli ömür yolu (Xatirə Tağıyeva, «Respublika» 25.01.05)
Sonradan qəhrəman olmurlar, anadan qəhrəman doğulurlar (Xatirə Tağıyeva, Esmira Şükürova, «Respublika», 19.12.04)
«Erməni cinayətləri» - yeni kitab erməni daşnaqlarının azərbaycanlılara qarşı soyqırımından bəhs edir (Şəhla Tahirqızı, «Yeni Azərbaycan», 02.12.04)
O əsil qəhrəman idi (Xatirə Tağıyeva, «Azərbaycan», 09.04.04)
Mən ölmək istəmirəm (Pakizə Bəşirova, «Sərhəd». 1-15.09.99)
Ölümünə inanmırıq (Pakizə Bəşirova «Sərhəd», 28.03.99)
Şəhid Nadir (Cəlal Qasımov, Adil Babayev, «Sərhəd», 29.06.93)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına Döyüş Bayrağının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim
Milli Təhlükəsizlik orqanlarinin əməkdaşlari peşə bayramlarini qeyd etmişlər (Azərtac)
Şəkidə təhlükəsizlik orqanlarinin yaradilmasinin ildönümü geniş qeyd olundu
Sumqayıtda respublika təhlükəsizlik orqanlarının 87-ci ildönümü qeyd olunmuşdur (AzərTAC)
Vətənin təhlükəsizliyini qorumaqdan şərəfli vəzifə ola bilməz
Erməni "xalq nağılları" ( «Каспи» qəzeti, 07.10.2006)
ГЕНОЦИД = КАКА или сила слов
Армянский сепаратизм на Южном Кавказе (журнал «Дирчелиш XXI аср», 104-105/2006)