|
1889-cu ildə sentyabr ayında Kutaisi vilayətinin (indiki Gürcüstən Respublikası) Senak qəzasının Abaşsk rayonunun Kapana kəndində anadan olmuşdur. 1920-ci ildən Azərbaycan Fövqəladə Komissiyasında işə qəbul olmuş və 1927-ci ilə qədər bu orqanda çalışmışdır. 1927-1929-cu illərdə Bakı və Batumi gömrüyündə işləmişdir. 1929-cu ildən yenidən təhlükəsizlik orqanlarında fəaliyyətini davam etdirmiş, 1947-ci ilə qədər DSİ, XDİK, DİN sistemlərində işləmişdir. 1933-cü ildə Azərbaycan Dövlət Siyasi İdarəsinə rəis müavini təyin edilmiş, 1934-cü il mart ayının 31-dən 1938-ci il yanvar ayının 7-nə qədər isə Azərbaycan SSR xalq daxili işlər komissarı vəzifəsində çalışmışdır. 1938-1947-ci illərdə Moskvada DİN orqanlarında fəaliyyət göstərmişdir. Təhlükəsizlik orqanlarından ayrıldıqdan sonra 1947-1953-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləmişdir. Azərbaycan KP MK-nin və Bakı şəhər Komitəsinin 18 iyul 1953-cü il tarixli birgə plenumunun iclasında Azərbaycan KP MK-nin üzvlüyündən və Kommunist Partiyası sıralarından xaric edilmiş, Nazirlər Soveti sədrinin müavinliyindən çıxarılmışdır. Azərbaycanda təhlükəsizlik orqanlarında fəaliyyət göstərdiyi dövrdə Azərbaycan xalqına qarşı repressiyaların əsas təşkilatçılarından və icraçılarından olmuşdur.
|