|
Martın 27-də Sumqayıtda respublika təhlükəsizlik orqanlarının 87-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncaqdan əvvəl Milli Təhlükəsizlik Nazirliyi Sumqayıt şöbəsinin şəxsi heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsinin önünə al qızılgüllər düzmüşdür.
Yubiley yığıncağında MTN-in Sumqayıt şöbəsinin rəisi polkovnik Tarverdi Məmmədov məruzə etmişdir. O, respublika təhlükəsizlik orqanlarının tarixindən danışmış, bildirmişdir ki, şöbənin əməkdaşları qarşıya qoyulan məsul vəzifələrin uğurla və layiqincə yerinə yetirilməsi üçün qüvvələrini əsirgəməyəcəklər.
Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev şəxsi heyəti və zabitləri peşə bayramı münasibətilə təbrik edərək, təhlükəsizlik orqanlarının təşəkkülündə və milli kadr potensialının formalaşmasında ulu öndər Heydər Əliyevin rolunu xüsusi vurğulamışdır. Uzun illər bu sistemdə məsul vəzifələr tutan, sonra isə ona rəhbərlik edən Heydər Əliyev təhlükəsizlik orqanlarının işini çox yaxşı bilirdi. Məhz onun bilavasitə iştirakı ilə milli təhlükəsizlik siyasəti işlənib hazırlanmışdır.
V.Əliyev Prezident İlham Əliyevin “dövlətin müstəqilliyi rəmzləri ilə deyil, siyasəti ilə müəyyən olunur” sözlərini xatırladaraq vurğulamışdır ki, təhlükəsizlik orqanları əməkdaşlarının üzərinə böyük məsuliyyət düşür. Onların peşəkarlığı, mənəvi keyfiyyətləri, ideallara sadiqliyi, vətənpərvərliyi dövlətin sarsılmazlığının mühüm amillərindəndir.
Təhlükəsizlik orqanlarının əməkdaşlarını şəhərin hüquq mühafizə qurumlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri də təbrik etmişlər.
Fərqlənən əməkdaşlara şəhərin icra hakimiyyəti adından fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Həmin gün MTN Sumqayıt şöbəsinin əməkdaşları fiziki və əqli cəhətdən geri qalmış uşaqlar üçün ixtisaslaşdırılmış internatda olmuş, hədiyyələr paylamışlar.
|