|
Martın 28-də Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının əməkdaşları öz peşə bayramlarını qeyd etmişlər. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları əvvəlcə Fəxri xiyabana gələrək, Azərbaycanın təhlükəsizlik orqanlarında milliləşmə prosesinin banisi, müstəqillik illərində MTN-in ölkəmizin milli və dövlət maraqlarını qoruyan, yüksək peşəkarlığa malik qurum kimi formalaşmasında misilsiz xidmətləri olmuş ümummilli liderimiz Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı üzərinə əklil qoymuşlar. Onlar görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anmış, məzarı üzərinə gül dəstəsi qoymuşlar. Nazirliyin əməkdaşları daha sonra Şəhidlər xiyabanına gələrək, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarımızın unudulmaz xatirəsini yad etmiş, məzarları üstünə güllər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş və burada dəfn edilmiş MTN əməkdaşlarının - Azərbaycanın Milli Qəhrəmanları Eldar Məmmədovun və Nadir Əliyevin, habelə gizir Zərbəli Nəzirovun da xatirəsi yad edilmiş, onların məzarları üzərinə gül düzülmüşdür.
Əməkdaşlar silah yoldaşlarının – erməni işğalçıları ilə döyüşlərdə rəşadət göstərərək şəhid olmuş və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Riyad Əhmədovun, Nadir Əliyevin, Əmiraslan Əliyevin, Eldar Məmmədovun, Faiq Cəfərovun, Bəhruz Mansurovun xatirəsinə MTN binasında asılmış lövhənin önünə də gül qoymuş, onların ruhuna ehtiramlarını bildirmişlər.
Milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramına həsr olunmuş təntənəli yığıncaq Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.
Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov yığıncaqda çıxış edərək demişdir ki, builki peşə bayramı bir neçə mühüm hadisə ilə əlamətdardır. Belə ki, MTN-in emblemi təsdiq edilmiş, MTN Akademiyasına ulu öndərimiz Heydər Əliyevin adı verilmiş, bu təhsil ocağında ümummilli liderimizin abidəsinin və “Şöhrət” muzeyinin açılışında Azərbaycan Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Ölkə başçısı Akademiyaya Döyüş bayrağı, bir qrup əməkdaşa yüksək dövlət mükafatları təqdim etmişdir.
2004-cü ildən başlanmış islahatlar, qazanılmış uğurlar davam etdirilmişdir. Nazirliyin qanunvericilik, normativ-hüquqi və maddi-texniki bazası təkmilləşdirilmiş, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində xeyli işlər görülmüş, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilmişdir. İndi xarici dövlətlərin 42 xüsusi xidmət orqanları ilə əməkdaşlıq əlaqələri saxlanılır. Çoxsaylı sazişlər, memorandumlar və protokollar imzalanmışdır.
Erməni terroru və vandalizmi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətində prioritet istiqamət olmuşdur. Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər beynəlxalq təşkilatlarla işgüzar münasibətlər qurulmuşdur. Aparılmış məqsədyönlü iş nəticəsində 6 nəfər Azərbaycan vətəndaşı əsir və girovluqdan azad olunmuşdur. Eyni zamanda, görülmüş fəal tədbirlər nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair bəzi xarici dövlətlərdə ermənilərin təbliğat xarakterli çıxışlarının qarşısı alınmış, ümumən informasiya mübarizəsində uğurlar əldə edilmişdir.
Əməkdaşların bilik, təcrübə və peşəkarlıq səviyyəsinin artırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. Bu məqsədlə xarici dövlətlərdə təşkil olunan müxtəlif kurslara, seminarlara ezamiyyətlər təşkil edilmişdir. Ümumiyyətlə, ötən il ərzində nazirliyin əməkdaşlarından ibarət 40 nümayəndə heyəti xarici dövlətlərdə olmuşdur.
Nazir vurğulamışdır ki, MTN-in cəmiyyətdə nüfuzunun artması ilə əlaqədar son vaxtlar işə qəbul üçün daha çox gənc müraciət edir. Onların arasında yüksək savada, geniş dünyagörüşünə, müasir informasiya texnologiyaları sahəsində biliklərə malik olanlar çoxdur.
Bütün bu işlər Prezident İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə xüsusi diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Dövlət başçısının etimadı əməkdaşları daha yaxşı işləməyə, qarşıda duran vəzifələri layiqincə yerinə yetirməyə səfərbər etmişdir. Ötən il xarici xüsusi xidmət orqanlarının ölkəmizə qarşı apardıqları kəşfiyyat-təxribat fəaliyyətinin, plan və niyyətlərinin, onların maraq obyektlərinin müəyyənləşdirilməsi, bu orqanların ölkəmizdə fəaliyyət göstərən rezidenturalarının, əməkdaşlarının və əlaqələrinin aşkar¬lanması üzrə mühüm işlər görülmüşdür. Müxtəlif humanitar, dini-missioner və qeyri-hökumət təşkilatları mövqeyindən ölkə¬mizə qarşı aparılan kəşfiyyat-pozuculuq işinin aşkarlanması və qarşısının alınması istiqamətində önəmli tədbirlər keçirilmişdir.
Əvvəlki dövrlərdən fərqli olaraq, Ermənistan xüsusi xidmət orqanlarının iş forma və metodlarına aid yeni və tutarlı məlumatlar əldə edilmişdir. Onların ölkəmizə qarşı apardıqları fəaliyyət üzrə adekvat tədbirlərin həyata keçirilməsi işi daha məqsədyönlü və intensiv xarakter almışdır. Düşmən xüsusi xidmət orqanlarının müxtəlif vasitələrlə və yollarla Azərbaycanın Silahlı Qüvvələrinin döyüş hazırlığı, döyüş qabiliyyəti, ölkəmizin müda¬fiə potensialı və sair barədə məlumatlar əldə etmək cəhdlərinin vaxtında aşkarlanıb qarşısının alınması istiqamətində müsbət işlər görülmüşdür.
Transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif növlərinə, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə, qaçaq¬malçılığa, qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində tədbirlər uğurla davam etdirilmişdir. Ən aktual problemlərdən olan beynəlxalq terrorçuluğa, separatçılığa, dini ekstremist fəaliyyətə qarşı mübarizə sahəsində önəmli nəticələr əldə edilmişdir.
Aparılmış məqsədyönlü əməliyyat-axtarış tədbirləri, o cümlədən “Qara kəmər” şərti adı altında keçirilmiş əməliyyat nəticəsində uzun illər tamah-zorakı yönümlü ağır cinayətlər törətmiş silahlı quldur dəstəsi, habelə inkassator maşı¬nına silahlı basqın hazırlayan 5 nəfərdən ibarət dəstə zərərsizləşdirilmişdir. Azərbaycanda terror-təxribat aksiyaları törətmək və mövcud dövlət quruluşunu devirmək məqsədi güdən, xüsusi dini radikallığı ilə seçilən bir qrup şəxs həbs edilmişdir.
Müvafiq əməliyyat tədbirlərinin, texniki imkan və vasitələrin köməyi ilə illərlə bağlı qalmış ağır cinayətlərin açılmasına, planlaşdırılan terror-təxribat aksiyalarının vaxtında qarşısının alınmasına nail olunmuşdur.
Eldar Mahmudov bəyan etmişdir ki, ərazi bütövlüyümüzün bərpası üçün görülən sülhməramlı tədbirlər bir nəticə verməzsə, torpaqlarımızın hərbi yolla azad olunmasına dair Ali Baş Komandan əmr verdiyi an Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçuları ön cərgələrdə olacaqlar. Bu, bizim vətəndaş mövqeyimiz, hərbi qulluqçu kimi xidməti və şərəf borcumuzdur.
Yığıncaqda Prezidentin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, MTN Akademiyasının rəisi general-leytenant Ziya Yusif-zadə, Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri Vəli Ələsgərov, MTN veteranı Əhəd Şəmsizadə təbrik sözü söyləmişlər.
Milli təhlükəsizlik naziri Eldar Mahmudov Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 mart tarixli Sərəncamı ilə təltif olunmuş əməkdaşlara “Vətən uğrunda”, “İgidliyə görə” medallarını təqdim etmişdir. Bir qrup zabitə “Fəxri əməkdaş” döş nişanı və fəxri fərmanlar, veteranlara qiymətli hədiyyələr verilmişdir.
Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Tədbirin sonunda MTN-in fəaliyyəti ilə əlaqədar sənədli film nümayiş etdirilmişdir.
|