|
On iki il əvvəl, 1993-cü il iyunun 15-də Azərbaycan tarixin sərt sınağına çəkildiyi, taleyinin təhlükə qarşısında qaldığı bir vaxtda Heydər Əliyev xalqın və dövlətin harayına çatdı. Bu elə bir dövr idi ki, ölkədə hakimiyyət iddiasında olan qruplaşmalar, ayrı-ayrı başıpozuq dəstələr arasında silahlı toqquşmalar baş verir, Milli Orduda hökm sürən intizamsızlıq Ermənistan silahlı birləşmələrinin təcavüzünün qarşısını almağa imkan vermir, nəticədə ərazilərimiz bir-birinin ardınca işğal edilirdi. İqtisadi böhran, separatizm, iqtidardaxili çəkişmələr, anarxiya və siyasi xaos, cinayətkarlığın tüğyan etdiyi bu dövrdə xalqın güclü və səriştəli rəhbərə, milləti bu bəladan xilas etməyə qadir olan liderə ehtiyacı vardı. Ümumxalq etimadı qazanmış, fenomenal idarəçilik təcrübəsinə malik yeganə şəxsiyyət isə Heydər Əliyev idi.
Milli dövlətçiliyimizin xilası kimi tarixə düşən həmin gün ümummilli liderimizin ölkə rəhbərliyinə qayıdışı Azərbaycan dövlətini süquta uğratmaq, onun parçalanmasına nail olmaq istəyən düşmən qüvvələrə qəti zərbə oldu. Müstəqilliyi qoruyub saxlamağın onu əldə etməkdən qat-qat çətin olduğunu öz tarixi təcrübəsindən yaxşı bilən Azərbaycan xalqı Heydər Əliyevin simasında dövlət müstəqilliyinin əbədi, sarsılmaz və dönməz olacağına təminat aldı. Bu, sadəcə, Azərbaycanda cəmi il yarım ərzində baş verən növbəti, hakimiyyət dəyişikliyi deyil, parçalanmaqda olan ölkənin öz dövlət müstəqilliyini qoruyub saxlamaq üçün malik olduğu yeganə şans idi. Bu şansdan istifadə etməklə Azərbaycan xilas oldu.
Ümummilli liderimizin böyük qayıdış yolu gərgin mübarizələr, mühüm qərarların qəbulu ilə zəngin olmuşdur. Hələ Sovetlər birliyi dönəmində, Azərbaycanın təhlükəsizlik orqanlarına və sonradan respublikaya rəhbərlik edən Heydər Əliyev ölkəsinin gələcək müstəqilliyi üçün siyasi, iqtisadi, intellektual zəmin hazırlamışdı. Azərbaycanın sənaye, xüsusilə neft sənayesi sahəsində müvafiq infrastruktur yaradılmış, iqtisadiyyatın digər istiqamətləri inkişaf etdirilmiş, hərbi, texniki, mühəndis kadr potensialının gücləndirilməsi üçün təxirəsalınmaz tədbirlər görülmüşdü. Ümummilli liderimiz bütün sahələrdə olduğu kimi, gələcək müstəqil dövlətin qorunmasına xidmət göstərəcək təhlükəsizlik orqanlarının peşəkar kadrları barədə də düşünmüş, bu orqanlarda milli kadrları cəsarətlə irəli çəkmişdi.
Azərbaycanda yenidən hakimiyyətə qayıdışdan sonra isə ümummilli liderimiz bütün səylərini və enerjisini hələ sovet dövründə möhkəm təməlini qoyduğu iqtisadi infrastruktur dünya standartlarına uyğunlaşdırılmış, daha da inkişaf etdirilmişdir. Onun fəaliyyəti ölkənin hərtərəfli tərəqqisinə yönəlmişdir.
Bütün bu işlərin görülməsi, inkişaf və tərəqqi üçün başlıca qarant ölkədə sabitliyin bərqərar olması idi. Ulu öndərin 1994-cü il avqustun 9-da imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" fərmanı məhz bu məqsədlərin həyata keçirilməsinə xidmət edən ilk qərarlardandır. Ayrı-ayrı şəxslərə məxsus hərbi birləşmələrin ləğvi, cinayətkar dəstələrin zərərsizləşdirilməsi, cinayətkarlığın dinamikasında və strukturunda baş verən təhlükəli təmayüllərin, dövlət çevrilişi və terror cəhdlərinin qarşısının alınması, əmin-amanlığa, ictimai və milli təhlükəsizliyə, dönməz sabitliyə, bir sözlə, quruculuq işləri üçün əlverişli şəraitə nail olunması yaxın keçmişimizin hamımıza məlum olan reallıqlarıdır. Bütün bunlar, habelə atəşkəsin əldə edilməsi, dövlətçiliyin və müstəqilliyin, dövlət strukturlarında intizamın, milli qanunvericiliyin beynəlxalq norma və standartlara uyğun möhkəmləndirilməsi iqtisadi inkişaf, sosial-maddi rifahın yaxşılaşdırılması və ölkəyə xarici sərmayənin cəlb olunması üçün əsas şərtlər idi. Belə mühüm vəzifələrin həllinə nail olan Heydər Əliyev Azərbaycanın hüquqi-demokratik, dünya ölkələri üçün etibarlı tərəfdaş olduğunu sübut etdi.
Ölkənin qarşısında duran iqtisadi problemlərin həlli yollarından biri kimi neft strategiyasının həyata keçirilməsi, neft və qaz istehsalının artırılması, bu məqsədlə iri xarici şirkətlərin Azərbaycanın karbohidrogen yataqlarının işlənilməsinə cəlb edilməsi o dövrdə son dərəcə dəqiq düşünülmüş və olduqca cəsarətli addım idi. Çünki Azərbaycana düşmən mövqedə dayanan bəzi qüvvələr bu ideyaların reallaşmasına hər vasitə ilə mane olmağa çalışır, hətta ona açıq şəkildə təzyiq göstərməkdən belə çəkinmirdilər.
Dünyanın aparıcı neft şirkətləri ilə 1994-cü ildə "Əsrin müqaviləsi"sinin imzalanması təkcə öz iqtisadi səmərəsinə görə deyil, Azərbaycanın beynəlxalq aləmdə layiqli mövqe qazanması, öz müstəqilliyini qoruyub saxlaması baxımından da mühüm əhəmiyyət kəsb etdi. Müqavilənin imzalanması ilə Azərbaycana xarici sərmayələr axınının yeni mərhələsi qoyuldu, iqtisadi dirçəlişə və tərəqqiyə aparan yol başlandı. Təsadüfi deyil ki, indi Azərbaycan MDB ölkələri arasında adambaşına ən çox investisiya qoyulan respublikalardan biridir. Heydər Əliyevin ölkənin iqtisadi tərəqqisi sahəsində həyata keçirdiyi uğurlu layihələrdən biri də tarixi İpək Yolunun reallaşdırılmasıdır. Məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycana düşmən olan qüvvələrə qarşı aparılan mübarizə öz bəhrəsini verdi, Şərq-Qərb dəhlizinin açılması ideyası gerçəkləşdi.
Böyük öndərimizin titanik fəaliyyətinin digər mühüm nəticəsi Azərbaycanın beynəlxalq aləmdə özünə layiqli yer tutması, dünyanın inkişaf etmiş dövlətləri ilə səmərəli əlaqələr çərçivəsində bərabərhüquqlu əməkdaşlığa nail olmasıdır. Ardıcıl, düşünülmüş xarici siyasət kursu Azərbaycan dövlətinə demokratik dəyərləri hər şeydən uca tutan, dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quran, qonşuları ilə dinc şəraitdə yaşamağa üstünlük verən sülhsevər ölkə imicini qazandırmışdır. Məhz ümummilli liderimizin gərgin səyləri və yenilməz iradəsi nəticəsində Azərbaycan bu gün dünya birliyi tərəfindən tükənməz təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi, intellektual, yaradıcı potensiala malik ölkə kimi qəbul olunur. İndi dünyanın qüdrətli dövlətləri regionla bağlı bir çox məsələlərin həllində ölkəmizin dəstəyinə arxalanır, onunla etibarlı tərəfdaş kimi hesablaşırlar. Azərbaycan bu gün həm regional, həm də beynəlxalq təhlükəsizlik sisteminin qurulmasında fəal iştirak edir.
Azərbaycanda çoxpartiyalı sistemə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu prosesi dönmədən davam etdirilir. Bu işlərin mühüm mərhələsi 1995-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi ilə başlanıb. Bu proseslər dövlət idarəetmə sisteminin bütün sahələrinin bərqərar olmasına zəmin yaratdığı kimi, MTN-in fəaliyyətində də əsaslı dönüş nöqtəsi olmuşdur. Nazirliyin işinin yenidən qurulmasına göstərilən tələbkarlıq, gündəlik qayğı və diqqət ölkəmizə qarşı yönələn daxili və xarici təhdidlərin vaxtında neytrallaşdırılmasına, xalqın milli maraqlarının hərtərəfli qorunmasına, milli təhlükəsizliyin təmin edilməsinə imkan verib. Kəşfiyyat və əks-kəşfiyyat, antiterror və informasiya-təhlil fəaliyyətinin istiqamətlərinin dəqiq müəyyənləşdirilməsi, üçün stimul olub. Təhlükəsizlik orqanlarında işin forma və metodlarının təkmilləşdirilməsi fəaliyyətin səmərəli təşkili əməliyyat şəraitini proqnozlaşdırmağa imkan verməklə, cinayətlərin əvvəllərdə olduğu kimi, baş verdikdən sonra araşdırılmasına deyil, qabaqlayıcı məlumatlar əsasında qarşısının alınmasına gətirib çıxarıb. Beləliklə, ölkədə siyasi, iqtisadi və informasiya məkanında təhlükəsizlik mühitinin bərqərar olması üçün əsaslı zəmin yaradılıb.
Azərbaycanın milli təhlükəsizlik siyasətinin başlıca prinsip və əsaslarının hazırlanması, təhlükəsizlik orqanlarının ölkənin ən böyük tarixi nailiyyəti olan milli müstəqilliyin qorunması, möhkəmləndirilməsi istiqamətində ötən illər ərzində ardıcıl və səmərəli fəaliyyət göstərilib. Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun peşə bayramındakı çıxışında qeyd etdiyi kimi, "Milli Təhlükəsizlik Nazirliyinin xüsusi xidmət orqanlarına xas, onların spesifik fəaliyyətindən irəli gələn müvafiq ənənələri vardır. Bu ənənələrin ən dəyərlilərinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Milli Təhlükəsizlik Nazirliyinin ölkənin aparıcı qurumlarından birinə çevrilməsi, təhlükəsizlik siyasətinin hüquqi əsaslarının yaradılması da, əslində, ömrünün 25 ilə yaxın bir dövrünü təhlükəsizlik orqanlarında çalışmış Heydər Əliyevin adı ilə sıx bağlıdır". Həqiqətən də, nazirlik məhz Heydər Əliyevin birbaşa rəhbərliyi ilə yeni dövrün çağırış və tələblərinə cavab verən, dünyanın aparıcı dövlətlərinin xüsusi xidmət orqanları tərəfindən bərabər partnyor kimi qəbul edilən orqana çevrilmişdir.
Ölkənin təhlükəsizlik siyasətinin konseptual əsaslarının hazırlanması və uğurla həyata keçirilməsi istiqamətində illər keçdikdən sonra da aktual olan tövsiyə və məsləhətlərin arxasında Heydər Əliyev dühası, onun Azərbaycanın təhlükəsizlik orqanlarında qazandığı zəngin təcrübə dayanırdı. Heydər Əliyev tərəfindən şəxsən həyata keçirilən "Duel", "Alagöz" və digər bu kimi əməliyyatların təşkili, xarici kəşfiyyat orqanlarının apardığı agentura-pozuculuq fəaliyyətinin ifşasında istifadə edilən üsul və metodlar xüsusi xidmət orqanının hər bir əməkdaşı üçün bu gün də əsl peşəkarlıq nümunəsi olaraq qalır. Bu əməliyyat işləri klassik nümunələr kimi MTN Akademiyası ilə yanaşı, Moskva, Minsk, Kiyev şəhərlərində yerləşən xüsusi məktəblərin tədris vəsaitlərinə salınmışdır.
Heydər Əliyev təhlükəsizlik orqanlarında işlədiyi müddətdə həmçinin bir sıra texniki yeniliklərin ideya müəllifi olmuşdur. Bu gün dövlət sirrinin mühafizəsinə imkan yaradan uğurlu vasitələrdən olan əməliyyat rabitəsi məhz onun təklifi ilə keçmiş SSRİ-də geniş tətbiq edilməyə başlanmış və bu gün də istifadə olunur.
Heydər Əliyev məktəbinin ən layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderimizin yaratdığı, hərtərəfli inkişaf yoluna çıxardığı müstəqil Azərbaycanı məzmunca yeni tərəqqi zirvələrinə yüksəldir. Heydər Əliyev tərəfindən uzaqgörənliklə ölkə vətəndaşlarının rifahının durmadan yüksəldilməsi və dövlətin qüdrətlənməsinə hesablanmış, inkişaf və quruculuğa xidmət göstərən idarəetmə mexanizmləri indi onu daha da təkmilləşdirən etibarlı əllərdədir.
Dövlətçiliyin yeni inkişaf mərhələsinin başlıca özəlliyi nədən ibarətdir? Bu dövr ilk öncə müasir dünyagörüşlü, yeni təfəkkürlü gənclərin həyatımızın bütün sahələrində quruculuq, idarəetmə işlərinə daha geniş surətdə cəlb edilməsi ilə xarakterikdir. Ölkə Prezidentinin uzaqgörənliyi ondadır ki, dövlət gənclər siyasətinin hazırlanmasının ideya müəllifi olmaqla, o özü bu siyasətin həyata keçirilməsinin lideridir. Möhtərəm Prezident İlham Əliyev gənclərin mənəvi və fiziki cəhətdən sağlam, mənəvi cəhətdən yetkin, çağdaş təfəkkürlü, milli mənafelərə sədaqətlə xidmət edəcək kamil insan kimi yetişmələrinə nail olmağa çalışır. Əksər regionlarda inşa edilən olimpiya kompleksləri, gənclərin ölkənin siyasi həyatında yaxından iştirakı, problemlərinin həllinə göstərilən diqqət, onların yüksək səviyyəli peşəkar kimi yetişməsinə yaradılan şərait dediklərimizə əyani sübutdur. Sağlam bədən, sağlam ruh və sağlam təfəkkür İlham Əliyevin dövlət gənclər siyasətinin əsas tərkib hissəsidir.
Son zamanlar daxili və xarici siyasətdə qazanılmış uğurlar Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırıb. Regionların sosial-iqtisadi inkişafına xidmət edən 2004-2008-ci illər üzrə Dövlət Proqramı bu istiqamətlərdə həyata keçirilən tədbirlərin ardıcıllığının və səmərəliliyinin yüksəldilməsində başlıca amildir. Məhz bunun nəticəsidir ki, Azərbaycanın qeyri-neft sektorunun inkişafında böyük irəliləyişlərə nail olunmuş, Bakı şəhəri ilə yanaşı, bölgələrdə yüzlərlə yeni istehsal sahələri yaradılmış, iş yerləri açılmışdır.
Dövlət başçısının Azərbaycanın Avropa İttifaqının "Avropa Qonşuluq Siyasəti"nə daxil olmasının intensivləşdirilməsinin təmin edilməsi məqsədilə imzalanmış "Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında" 1 iyun 2005-ci il tarixli sərəncamı ölkənin əsas siyasi prioritetlərindən biri-Azərbaycanın Avropa ailəsinin tamhüquqlu üzvü olması ideyasının yeni gerçəkliyidir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu və həyata keçirdiyi fəal hüquq-mühafizə siyasəti xətti bu gün onun layiqli davamçısı möhtərəm Prezidentimiz tərəfindən ardıcıl surətdə və uğurla davam etdirilir. "Milli Təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Elektron imza və elektron sənəd haqqında", "Dövlət sirri haqqında" qanunlar təhlükəsizlik orqanlarının fəaliyyətinin qanunvericilik və normativ-hüquqi bazasını gücləndirməklə, funksional vəzifələrimizin daha səmərəli həyata keçirilməsinə geniş imkanlar açmışdır.
Son dövrlər cinayətkarlıqla mübarizənin daha da gücləndirilməsi, bu sahədə əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi cəmiyyətin dövlətə olan inam və rəğbətini artırıb. Bu baxımdan, Milli Təhlükəsizlik Nazirliyinin son vaxtlar cinayətkarlıqla, onun ən təhlükəli təzahürlərindən olan terrorçuluqla mübarizədə qazandığı uğurlar, beynəlxalq terrorçu qrupların ifşası, adam oğurluğu, qətllər və s. ağır cinayətlər törədilməsi ilə məşğul olan bandanın zərərsizləşdirilməsi üzrə həyata keçirdiyi tədbirlər cəmiyyətdə müsbət əks-səda doğurmuş və dövlət başçısı tərəfindən yüksək qiymətləndirilmişdir.
Azərbaycanda irimiqyaslı iqtisadi layihələrin həyata keçirilməsi beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə təhlükəsizlik orqanlarının fəaliyyətinin də daim təkmilləşdirilməsini zəruri edir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin işə düşməsi, digər beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin reallaşması nəzərə alınmaqla nazirlik tərəfindən müvafiq istiqamətlərdə yeni üsul və vasitələrin tətbiqi genişləndirilir. Sirr deyil ki, həm regional layihələr, həm də Azərbaycanın yürütdüyü müstəqil fəal siyasət onun rəqibləri tərəfindən birmənalı qarşılanmır. Azərbaycanın maraq və mənafelərinə zidd plan və niyyətlərinin reallaşması üçün hər cür imkandan istifadə etməyə cəhd göstərən bu qüvvələrə qarşı vaxtında müvafiq tədbirlər görülməsi, ölkəyə zərbə vura biləcək kəşfiyyat-pozuculuq əməllərinin qabaqlayıcı məlumatlar əsasında aşkarlanaraq qarşısının alınması üçün bütün zəruri tədbirlər görülür. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə aparılan dövlət quruculuğunun yeni mərhələsində Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti milli maraqlar nəzərə alınmaqla təkmilləşdirilir, beynəlxalq standartlara uyğun qurulur. Eyni zamanda, Heydər Əliyev məktəbinin şanlı ənənələrinin daim inkişaf etdirilməsi qayğısına qalınır.
İnformasiya-təhlil təminatının daha səmərəli və yüksək səviyyədə yerinə yetirilməsi, məlumatların operativ şəkildə əldə edilib qiymətləndirilməsi, təsnifatı və təhlilinə imkan verən sistemlərin yaradılması, digər qabaqcıl iş metod və vasitələrindən səmərəli istifadə müasir dövrün tələbi, Heydər Əliyev ənənələrinin yeni şəraitdə davam etdirilməsidir.
Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanın xüsusi xidmət orqanının yetkinləşməsində əvəzsiz rolu olmuş Heydər Əliyevin "Vətənə, xalqa sədaqətlə xidmət" devizinin reallaşmasında, ümummilli liderimizin başladığı böyük tərəqqi yolunun uğurla davam etdirilməsində bütün potensialını bundan sonra da səfərbər edəcəkdir. Nazirliyin şəxsi heyəti dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin bütün problemlərinin həllində daim ön cərgədə gedəcəkdir. Azərbaycanın təhlükəsizlik orqanlarının əməkdaşları Heydər Əliyev ideyalarının həyata keçirilməsində səylərini bundan sonra da əsirgəməyəcək, onun başladığı qurtuluş, dirçəliş yolunun uğurla davam etdirilməsində ölkə başçısının ən yaxın köməkçiləri olacaqlar.
Fərhad VAHABOV, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Naziri Xidmətinin rəhbəri, polkovnik.
“Respublika” qəzeti (15.06.2005)
|