|
Azərbaycan Prezidenti İlham Əliyev Akademiyanın yeməkxanası, tədris korpusu, sinif otaqlarını gəzdi. Kriminalistika kabinetində məlumat verildi ki, kursantların bugünkü dərsinin mövzusu sənədlərdə və pullarda saxtakarlıq əlamətlərinin müəyyənləşdirilməsidir. Bunun üçün xüsusi təyinatlı cihazlardan istifadə olunur.
Prezident İlham Əliyev kabinetdəki müxtəlif stendlərə, saxta sənədlərin nümunələrinə, kriminalistika üzrə beynəlxalq tədris materiallarına, terrorçulardan və sərhədlərimizi qanunsuz keçən şəxslərdən götürülmüş saxta sənədlərə baxdı və lazım olan texniki avadanlığın alınmasının zəruriliyini bildirdi.
Dövlətimizin başçısı Akademiyanın müasir standartlara cavab verən klubu ilə də tanış oldu. Akademiyanın rəisi Ziya Yusifzadə bu ali təhsil ocağının maketi əsasında gələcəkdə nəzərdə tutulan tikinti işləri barədə məlumat verdi.
|