az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
KİTABXANA
Nəşrlər
Müsahibələr
Məqalələr
Məktublar
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan

- Əziz kursantlar, zabitlər, generallar!
Mən sizin hamınızı ürəkdən salamlayıram və Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edirəm.
 
Bildiyiniz kimi, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası ulu öndər Heydər Əliyevin qərarı ilə 1998-ci ildə yaradılmışdır. Keçən ilin dekabr ayında isə Akademiyaya Heydər Əliyevin adı verilmişdir. Bu gün Akademiya ilə tanış olarkən gördüm ki, burada işlər yüksək səviyyədə qurulub, qısa müddət ərzində böyük təmir-tikinti işləri aparılmışdır. Akademiyanın binaları yüksək səviyyədə təmir olunmuş, yeni avadanlıq quraşdırılmışdır. Bir sözlə, indi Akademiya ən yüksək dünya standartlarına cavab verir və burada kursantlar, əlbəttə ki, bütün bu imkanlardan səmərəli istifadə etməli, yaxşı oxumalı, bu peşəyə yiyələnməlidirlər.

Akademiya Heydər Əliyevin adını daşıyır və əlbəttə, bu, əlavə məsuliyyət deməkdir. Akademiyanın bütün fəaliyyəti gərək bu ada layiq olsun. Mən ümid edirəm ki, belə də olacaq və bu Akademiyada oxuyan kursantlar gələcəkdə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində fəal rol oynayacaqlar.
Bu gün eyni zamanda, Heydər Əliyevin abidəsinin və muzeyin açılışını etdik.

Muzeyin eksponatları ulu öndərin həyat və fəaliyyətini çox dolğun şəkildə əks etdirir. Bildiyiniz kimi, Heydər Əliyev gənc yaşlarından öz taleyini təhlükəsizlik orqanları ilə bağlamışdır. Ən kiçik vəzifədən Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə yüksəlmiş, general rütbəsini almışdır və Azərbaycanın tarixində ilk dəfə Dövlət Təhlükəsizliyi Komitəsinə azərbaycanlı rəhbərlik etməyə başladı. Ondan əvvəlki dövrlərdə o mühüm vəzifəni digər millətlərin nümayəndələri tuturdular. Bütün işlədiyi dövr ərzində Heydər Əliyevin fəaliyyəti doğma xalqına xidmət etməkdən ibarət olmuşdur. O vaxtın ideoloji çərçivələrinə baxmayaraq, onun bütün fəaliyyəti milli maraqlarımızın qorunmasına yönəldilmişdi və Azərbaycan xalqının maraqlarına xidmət edirdi.

O illərdə Sovet İttifaqında müxtəlif proseslər gedirdi. Bildiyiniz kimi, dövlət təhlükəsizliyi orqanlarının fəaliyyətinin istiqamətlərindən biri də fikir ayrılığı ilə mübarizə aparmaq, azad sözü boğmaq və buna bənzər sair işlərdən ibarət idi. Ancaq Heydər Əliyev Azərbaycanın o vaxtkı Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olanda və ondan sonra Azərbaycanda rəhbər vəzifədə işləyən dövrdə belə hallar yox idi.

Ona görə yox ki, Azərbaycanda bu meyllər yox idi. Ona görə ki, Heydər Əliyevin bütün amalı Azərbaycanın elitası olan ziyalıları, yazıçıları, şairləri qorumaq, onlara gözəl şərait yaratmaq və onları əsassız təzyiqlərdən qorumaq idi. Məhz buna görə 1970-80-ci illərdə Azərbaycanda dissident hərəkatı yox idi. Ona görə ki, Heydər Əliyev bizim tanınmış ziyalılarımızı, milli ruhda yaşayan insanları həmişə qoruyurdu, müdafiə edirdi və imkan vermirdi ki, onlara təzyiqlər göstərilsin, yaxud da onlar cinayət məsuliyyətinə cəlb olunsunlar.

1970-ci illər bütövlükdə Azərbaycanın bugünkü inkişafına da çox gözəl zəmin yaratmışdır. Çünki məhz o illərdə ölkəmiz hərtərəfli inkişaf edirdi. Düzdür, müstəqil ölkə deyildi, amma Heydər Əliyevin bütün fəaliyyəti ondan ibarət idi ki, Azərbaycanın maksimum dərəcədə müstəqilliyini əks etdirən əlamətlər tətbiq olunsun. Məhz o vaxt Sovet İttifaqında analoqu olmayan Naxçıvanski adına hərbi məktəb yaradılmışdır. O illərdə Azərbaycan gəncləri yaxşı təhsil almaq üçün Sovet İttifaqının müxtəlif böyük şəhərlərinə ezam olunurdular. Məhz o illərdə Azərbaycanın bugünkü sənaye potensialını xeyli dərəcədə müəyyən edən müəssisələr yaradılmışdır. Məhz o illərdə Azərbaycanın ədəbiyyatını, incəsənətini inkişaf etdirən insanlara ən yüksək dövlət mükafatları verilirdi. Beləliklə, Azərbaycanın hərtərəfli inkişafına gözəl şərait yaradılırdı.
 
Ondan sonrakı illərdə də ulu öndərin bütün fəaliyyəti məhz bir məqsədi güdürdü: Azərbaycanı möhkəmləndirmək, zənginləşdirmək, dövlət müstəqilliyimizi əbədi, dönməz etmək. 1990-cı illərdə, o çətin, ağır şəraitdə Azərbaycana rəhbərliyə gəldikdən sonra ölkəmizi və xalqımızı bəladan məhz Heydər Əliyevin cəsarəti, uzaqgörənliyi, müdrikliyi qurtardı. Əlbəttə ki, xalqın ona olan inamı və dəstəyi sayəsində. Bütün bu amillər ölkəmizi bu gün bölgədə ən qabaqcıl ölkəyə çeviribdir. Bütün bu amillər Azərbaycanda iqtisadi islahatların uğurla aparılmasına imkan yaratdı və indi ölkəmiz çox sürətlə, dinamik şəkildə inkişaf edir. Bizim iqtisadi göstəricilərimiz çox yüksəkdir. Azərbaycanda ictimai-siyasi vəziyyət çox müsbətdir və bütün bu işlərin təməli məhz 1990-cı illərin ortalarında qoyulmuşdur.

Bu gün bu siyasət Azərbaycanda uğurla davam etdirilir. Azərbaycan bölgədə liderlik mövqeyinə sahib olubdur. Əlbəttə ki, ölkəmizin uğurlu inkişafı üçün Azərbaycanda dövlət müstəqilliyi daha da möhkəmlənməlidir. Dövlət müstəqilliyi bizim ən böyük sərvətimizdir, ən böyük nemətimizdir. Azərbaycan xalqı uzun illər, əsrlər boyu bu müstəqillikdən məhrum idi. Biz 15 ildir ki, dünya birliyinin üzvüyük, müstəqil dövlətik, öz taleyimizi özümüz müəyyən edirik.

Müstəqilliyimizin möhkəmlənməsi ölkəmizin inkişafına xidmət edir. Azərbaycanın mövqeləri möhkəmlənir. Azərbaycan öz siyasətini xalqımızın milli maraqları əsasında qurur. Bütün bu uğurlar onu göstərir ki, bu, yeganə düzgün siyasətdir.

 Milli təhlükəsizlik orqanlarının dövlət müstəqilliyimizin möhkəmlənməsində çox böyük əhəmiyyəti var. 1960-cı, 1970-ci və əlbəttə, 1990-cı illərdə milli təhlükəsizlik orqanlarının formalaşmasında ulu öndər Heydər Əliyevin çox böyük rolu olmuşdur. Azərbaycan müstəqil dövlət kimi yaşamağa başlayanda çox çətin və ağır vəziyyətdə idi. Biz artıq öz təhlükəsizliyimizi özümüz təmin etməli idik.

Nəzərə alsaq ki, o illərdə Azərbaycanda rəhbərlikdə olan insanların səriştəsizliyi nəticəsində ölkədə proseslər çox mənfi istiqamətdə gedirdi - xaos, anarxiya, hərc-mərclik, Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüz, torpaqlarımızın itirilməsi, vətəndaş müharibəsi. Bütün o illər bizim üçün çox ağır, çətin keçirdi və Azərbaycanın müstəqil ölkə kimi yaşaması sual altında idi.

Ona görə milli təhlükəsizlik orqanlarının formalaşması, möhkəmlənməsi, təsadüfi adamlardan təmizlənməsi məsələsi böyük əhəmiyyət daşıyırdı. Biz özümüz özümüzü müdafiə etməliydik, milli təhlükəsizliyimizi qorumalıydıq və əlbəttə ki, ölkəmizin normal həyatını təmin etməli idik. O illərdə milli təhlükəsizlik orqanları möhkəmləndi. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, qorunmasında onların böyük rolu olmuşdur. Ondan sonrakı illərdə Azərbaycanın uğurlu inkişafı, aparılan iqtisadi islahatlar, siyasi islahatlar, əlbəttə ki, müstəqilliyimizi çox böyük dərəcədə möhkəmləndirdi.
 
Milli təhlükəsizlik orqanlarının son müddət ərzindəki fəaliyyəti də çox müsbətdir, çox uğurludur. Bildiyiniz kimi, Azərbaycanda müxtəlif cinayətkar dəstələr zərərsizləşdirildi. Məhz Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının fəaliyyəti nəticəsində cinayətkar dəstələr zərərsizləşdirildi, adam oğruları, canilər, qatillər, terrorçular tutuldu, cəmiyyətimizi narahat edən məsələlər öz həllini tapdı. Azərbaycan üçün təhlükə mənbəyi olan məsələlər həll olundu. Ona görə mən milli təhlükəsizlik orqanlarının fəaliyyətini çox yüksək qiymətləndirirəm.

Bilirsiniz ki, orqanların əməkdaşları yüksək dövlət mükafatları ilə təltif olunmuşlar. Eyni zamanda, onların məişət problemləri öz həllini tapır. Milli Təhlükəsizlik Nazirliyinin maddi-texniki bazası möhkəmlənir. Biz bu məsələyə çox böyük diqqət göstəririk. Çünki indiki şəraitdə çox şey maddi-texniki bazanın yüksək səviyyədə olmasından asılıdır. Əlbəttə ki, peşəkarlıq, əməliyyat işləri - bütün bunlar çox önəmlidir. Əminəm ki, Akademiyanın fəaliyyəti nəticəsində peşəkarlıq səviyyəsi daha da yüksələcəkdir.

Amma müasir dünyada, əlbəttə ki, texniki vasitələrdən çox səmərəli istifadə etməliyik. Bizim təhlükəsizliyimizi təmin edən, maddi-texniki bazanı möhkəmləndirən vasitələr gərək Azərbaycanda tətbiq olunsun, ən yüksək dünya standartlarına cavab versin. Bu istiqamətdə də çox böyük işlər görülübdür.

 Demək olar ki, Azərbaycanda elə bir məsələ, elə bir problem yoxdur ki, bizim ondan xəbərimiz olmasın. Bu, çox önəmlidir. Çünki ölkəmiz çox həssas bölgədə yerləşir. Azərbaycanın dünyadakı artan mövqeləri, önəmi, təbii sərvətlərlə zəngin olmağımız, əlbəttə ki, ölkəmizə diqqəti də artırır, Azərbaycanı istəməyən qüvvələr də fəallaşırlar. Bizim uğurlu inkişafımızı istəməyən qüvvələr də var. Biz onları bilirik və mübarizə aparırıq.

Ölkəmizin normal, hərtərəfli inkişafı üçün, Azərbaycan xalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayiş qorunmalıdır, təhlükəsizliyimiz təmin olunmalıdır. Bu işdə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi funksiyası var, xüsusi rolu var və Milli Təhlükəsizlik Nazirliyi bu vəzifənin öhdəsindən şərəflə gəlir. Mən bunu xüsusilə qeyd etmək istəyirəm.

 Çünki gələcəkdə Azərbaycanın bölgədəki mövqeləri, dünyada olan önəmi daha da artacaqdır. Bu il Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşəcəkdir. Bu, bizə olan diqqəti daha da artıracaq, bizə olan bəzi təzyiqləri daha da artıracaqdır. Biz bunları bilirik və bəzi yersiz müdaxilələrin səbəbini də bilirik. Biz buna hazır olmalıyıq və hazırıq.

Biz bütün qurumlarla, bütün dövlətlərlə qarşılıqlı hörmət, anlaşma prinsipləri əsasında əməkdaşlıq edirik və bu siyasətə sadiqik. Amma əgər kimsə Azərbaycana əsassız təzyiqlər etmək istəyirsə, Azərbaycanın daxili işlərinə yersiz müdaxilə olunduğunu görürüksə, biz heç vaxt bununla barışa bilmərik. Azərbaycan müstəqil siyasət aparır. Bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bəyənilir. Bu siyasət artıq özünün uğurluluğunu sübut edibdir. Son on il ərzində aparılan siyasi, iqtisadi, sosial islahatlar, bizim müstəqilliyimizi möhkəmləndirən amillər göstərib ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir.

Mən MDB məkanında yerləşən qonşu ölkələrlə bizi müqayisə etmək istəmirəm.Amma onu da hamımız görürük ki, ciddi proseslər, təlatümlü anlar insanlara xoşbəxtlik, rifah gətirmir. Statistikaya nəzər salsaq görərik ki, hansı ölkələr daha sürətlə inkişaf edir, hansı ölkələrdə iqtisadiyyatın və sənayenin tənəzzülü müşahidə olunur. Mən indi bu məsələləri xırdalamaq istəmirəm. Amma Azərbaycan ən yüksək sürətlə inkişaf edən ölkədir. Keçən il iqtisadi artım 26 faizdən çox olub, bu ilin ilk aylarında 50 faizə yaxınlaşıbdır. Nəyin hesabına? Onun hesabına ki, Azərbaycan çox düşünülmüş siyasət aparır. Bizim siyasətimiz milli maraqlarımıza xidmət etməlidir. Biz heç bir başqa ölkənin daxili işinə qarışmırıq və belə niyyətimiz də yoxdur.

Amma ona da imkan verə bilmərik ki, kimsə bizim daxili işimizə qarışsın, bizə göstəriş versin, təlimat versin, yaxud da təzyiq etməyə çalışsın. Biz buna heç vaxt imkan vermərik. Buna nail olmaq üçün bizim gücümüz olmalıdır. Bizim gücümüz iqtidarla xalqın birliyindədir. Bizim gücümüz iqtisadi siyasətimizdədir. Bizim gücümüz müstəqilliyimizin əbədi, dönməz olmasındadır.

 Azərbaycan xalqı öz taleyini özü müəyyən etməlidir və özü də müəyyən edir.

Bütün bu müsbət meyllərin güclənməsində milli təhlükəsizlik orqanlarının çox mühüm rolu var və mən əminəm ki, gələcəkdə bu orqanlar daha da möhkəmlənəcək və qarşıda duran bütün vəzifələri həll etməyə qadir olacaqdır.

Bizim bölgədə müxtəlif proseslər gedir. Azərbaycan bu bölgədə yerləşir, yaşayır və əlbəttə ki, biz gedən bütün proseslərə çox diqqətlə, həssaslıqla yanaşırıq. Əsas məsələ odur ki, bölgədə təhlükəsizlik daha da möhkəmlənsin. Ona görə biz beynəlxalq əməkdaşlıq layihələrində də çox fəal iştirak edirik. Bildiyiniz kimi, Azərbaycan antiterror koalisiyasının üzvüdür. Biz öz səylərimizlə terrora qarşı mübarizəyə töhfəmizi veririk.
 
Azərbaycan terrordan əziyyət çəkən ölkədir. Erməni terrorçu təşkilatları tərəfindən Azərbaycana qarşı 32 terror aktı həyata keçirilmişdir və onların nəticəsində 2 mindən artıq vətəndaş həlak olmuşdur, minlərlə insan əlil olmuşdur. Biz bilirik terrorizm nədir. Biz bilirik erməni terrorizmi nədir.

Buna hazır olmalıyıq. Çünki terrorizm elə bir hadisədir ki, heç kim özünü bundan tam şəkildə, yüz faiz sığortalı hesab edə bilməz. Bütün dünya birləşməlidir. Bütün mütərəqqi bəşəriyyət birləşməlidir və terrorizmə qarşı mübarizə yalnız bu halda uğur gətirə bilər. Bütün terrorist təşkilatlar da ifşa olunmalıdır, burada ayrı-seçkiliyə yol vermək olmaz. Bütün terrorçu təşkilatlar ifşa olunmalı və onların fəaliyyətinə son qoyulmalıdır. Azərbaycan öz tərəfindən töhfəsini verir və biz bu siyasətə sadiqik.

Bizim qarşımızda çox gözəl perspektivlər var. Ölkəmiz iqtisadi cəhətdən möhkəmlənir. Bütün enerji, nəqliyyat layihələrimiz həyata keçirilir. Ölkədə sosial məsələlər öz həllini tapır. Məktəblər, xəstəxanalar tikilir, yeni iş yerləri açılır. Nəzərə alsaq ki, gələcək illərdə Azərbaycana böyük həcmdə valyuta ehtiyatı gələcək, iqtisadi artım daha da sürətlə gedəcəkdir. Bizi ciddi narahat edən yeganə problem Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və torpaqlarımızın işğal altında qalmasıdır.
 
Bilirsiniz ki, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Biz bu məsələyə yalnız beynəlxalq hüquq prizmasından yanaşırıq. Beynəlxalq hüquq normaları tətbiq olunmalıdır, işğalçı qüvvələr bizim torpaqlarımızdan qeyd-şərtsiz çıxmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu, beynəlxalq hüquq normalarına əsaslanmış yanaşmadır və Azərbaycan öz siyasətindən dönməyəcəkdir.

Biz danışıqlara sadiqik, sülh danışıqlarını aparırıq. Ancaq əfsuslar olsun ki, nəticə yoxdur. Uzun illər sülh danışıqları heç bir nəticəyə gətirib çıxarmadı və əlbəttə, belə olan təqdirdə biz öz siyasətimizə müəyyən düzəlişlər etməliyik. Mən hesab etmirəm ki, danışıqların potensialı tam şəkildə tükənibdir. Baxmayaraq ki, Ermənistanın qeyri-konstriktiv mövqeyi, xüsusilə Fransada keçirilən son görüşün Ermənistan tərəfindən pozulması onu göstərir ki, onların mövqeyində konstruktivlik yoxdur. Belə görünür ki, onların istəyi yalnız vaxt uzatmaq, yaxud da görüntü yaratmaq, danışıqların imitasiyası ilə məşğul olmaqdır. Yəni şəxsən məndə belə təəssürat yarandı. Ancaq bununla yanaşı, mən düşünürəm ki, hələ sülh potensialının imkanları tükənməyibdir. Belə olan halda, əlbəttə, biz sülh prosesinə sadiq qalacağıq. Ancaq bununla yanaşı, biz hər bir varianta hazır olmalıyıq.
 
Azərbaycanda son illər ərzində aparılan geniş ordu quruculuğu prosesləri məhz bu məqsədi güdür. Bizim hərbi xərclərimiz ildən-ilə artır və artacaqdır. Bu, bizim suveren haqqımızdır, bizim işimizdir. Biz müharibə şəraitində yaşayan bir ölkəyik. Bizim ərazi bütövlüyümüz, suverenliyimiz pozulubdur. Ona görə hərbi xərclərin artması təbii prosesdir. Bunu təmin etmək üçün iqtisadiyyat daha da güclü olmalıdır. Bildiyiniz kimi, iqtisadi islahatların aparılmasına böyük diqqət göstərilir.

Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, yenə də deyirəm, həm diplomatik, həm siyasi, həm iqtisadi, həm də hərbi amillərlə müəyyən olunacaqdır. Qarşı tərəf bilməlidir ki, Azərbaycan istənilən anda öz ərazi bütövlüyünü müharibə yolu ilə də həll etməyə qadirdir. Bunu bilməlidir. Azərbaycanla Ermənistan arasında olan iqtisadi fərq getdikcə daha da böyüyür.

Bizim perspektivlərimiz göz qabağındadır. Uğurlu inkişafımız bütün statistik rəqəmlərdə öz əksini tapır. Ermənistan isə bütün beynəlxalq, regional layihələrdən tamamilə təcrid olunmuş vəziyyətdədir. Orada iqtisadi artım çox zəif gedir. Faizlərlə götürəndə də zəif gedir. Amma mütləq rəqəmləri götürsək, Ermənistanla Azərbaycan arasında olan fərq son iki il ərzində bəlkə 2-3 dəfə artıbdır. Bizim gücümüz getdikcə daha da artacaq və istədiyimizə nail olacağıq.
Əziz dostlar, Milli Təhlükəsizlik Nazirliyinin bütün şəxsi heyətini, əməkdaşlarını qarşıdan gələn peşə bayramı münasibətilə bir daha təbrik etmək istəyirəm. Əminəm ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları bundan sonra da Azərbaycanın dövlət maraqlarının qorunmasında, dövlətçiliyin, dövlət müstəqilliyinin möhkəmlənməsində fəal rol oynayacaqlar. Bu işdə sizə uğurlar arzulayıram. Sağ olun.

(Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyevin nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına Döyüş Bayrağının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına Döyüş bayrağının təqdim olunması mərasimi
Ulu öndər Heydər Əliyevin abidəsinin açılışı
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında
Akademiyanın inzibati-binası və tədris kompleksi ilə tanışlıq
Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun çıxışı
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan
Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşına orden və medallarının, həmçinin təzə mənzillərin orderlərinin təqdim edilməsi