|
XOCALI FACİƏSİ DÜNYADA TÖRƏDİLMİŞ ƏN AĞİR CİNAYƏT VƏ SOYQIRIMIDIR
Fevralın 24-də Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.Foyedə erməni təcavüzünün günahsız qurbanlarını və Xocalı soyqırımı zamanı erməni vəhşiliklərini əks etdirən fotostendlər, kitablar diqqəti cəlb edirdi.
Tədbirdə Akademiyanın rəis müavini, general-mayor İsgəndər Allahverdiyev demişdir ki, vəhşiləşmiş erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının qüvvələri ilə birlikdə 15 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qırğın nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Ümummilli liderimiz Heydər Əliyevin “Bu qəddar və amansız soyqırımı aktı insanlıq tarixinə ən dəhşətli kütləvi terror aktlarından biri kimi daxil oldu” sözlərini iştirakçıların diqqətinə çatdıran natiq qeyd etmişdir ki, həmin dəhşətli gecədə bu mənfur millətin nümayəndələri nə uşaqlara, nə qocalara, nə də qadınlara aman vermişdir. Ümumiyyətlə, o gün 613 nəfər soydaşımız qəddarlıqla qətlə yetirilmiş, yüzlərlə insan yaralanmış, 1275 nəfər isə əsir düşmüşdür.
Qeyd edilmişdir ki, bu faciə təsadüfi hadisə deyildir. Bu, iki yüz ildən artıq müddətdə davakar, erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Hələ XIX əsrdən başlayaraq, Türkmənçay müqaviləsindən dərhal sonra Naxçıvan və İrəvan xanlıqları hesabına yaradılmış erməni vilayətinin ərazisi sonra getdikcə Azərbaycan torpaqları hesabına genişləndirilmiş və nəticədə bugünkü Ermənistan Respublikası yaradılmışdır. XX əsrdə Azərbaycan xalqına qarşı dəfələrlə kütləvi deportasiya və soyqırımı aksiyaları törədilmiş və Qərbi Azərbaycandan bütün azərbaycanlılar əzəli torpaqlarından zorla çıxarılmışdır.
Soyqırımının səbəblərindən danışarkən general-mayor İsgəndər Allahverdiyev həmin faciənin baş verdiyi dövrdə rusiyapərəst siyasət yeridən Ayaz Mütəllibov başda olmaqla o vaxtki Azərbaycan hakimiyyətinin laqeydliyini, etinasızlığını və zəifliyini də xüsusi vurğulamışdır.
Bildirilmişdir ki, biz Xocalı faciəsini tarixi hadisə kimi yadda saxlamaqla kifayətlənməməliyik. Ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin “Azərbaycan milləti aciz millət deyildir. Azərbaycan gənci erməni gəncindən aciz, gücsüz, cəsarətsiz deyil, əksinə, azərbaycanlılar daha qüdrətli, güclü və cəsarətlidirlər. Ancaq bu insanı, bu gənci müharibə etməyə, silahdan istifadə etməyə öyrətmək lazımdır” sözlərini diqqətə çatdıran İ.Allahverdiyev üzünü tədbirdə iştirak edən müdavimlərə tutaraq söyləmişdir ki, düşməndən qisası ancaq döyüş meydanında almaq mümkündür. Siz də gələcəyin zabitləri kimi qisas günü bu sıralarda olmalısınız!
Xüsusi vurğulanmışdır ki, Prezident, Ali baş komandan İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, dövlətçiliyimizi qorumaq, torpaqlarımızı düşməndən azad etmək üçün Azərbaycanın güclü ordusu olmalıdır. Ordu quruculuğunu daim diqqət mərkəzində saxlayan ölkəmizin başçısı Azərbaycan Silahlı Qüvvələri qarşısında hər an torpaqlarımızı azad etmək üçün hazır olmaq vəzifəsini qoymuşdur. Ali baş komandan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışarkən demişdir: “Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza, müharibə arzulamamağımıza, məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyil. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”. Dövlətimizin başçısının bu fikirləri qarşımızda duran başlıca vəzifədir.
Tədbirdə çıxış edən müdavimlər Xocalı soyqırımı zamanı mənfur ermənilər tərəfindən öldürülmüş günahsız körpələrin, qadınların, qocaların qanının yerdə qalmayacağına əminliklərini bildirmişlər. Vəzifə borclarını vicdanla yerinə yetirməyə hazırlıqlarını, təlimlərdə hərbi biliklərə dərindən yiyələndiklərini, fiziki hazırlıqlarını artırdıqlarını diqqətə çatdıran müdavimlər, müvəqqəti işğal altındakı əzəli torpaqlarımızı Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyevin əmri ilə hər an azad etməyə, Vətən uğrunda canlarından belə keçməyə hazır olduqlarını vurğulamışlar.Sonda Xocalı soyqırımına həsr olunmuş “Məhv edilmiş şəhər” sənədli filmi göstərilmişdir.
|