|
Martın 19-da Yasamal Rayon İcra Hakimiyyətində Azərbaycan təhlükəsizlik orqanlarının 88 illiyi münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları və veteranlarının iştirakı ilə tədbir keçirilmişdir.Foyedə Azərbaycan xüsusi xidmət orqanlarının tarixini və bu gününü əks etdirən fotosərgi təşkil edilmişdir.
Azərbaycan təhlükəsizlik orqanlarının yarandığı dövrdən bu günədək dövlətçiliyin mühafizəsində oynadığı mühüm roldan danışan rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev qeyd etmişdir ki, bu mühüm orqanın əməkdaşları qarşılarında duran vəzifələrə daim məsuliyyətlə yanaşmış, terror və təxribat halları, ekstremizm ilə mübarizədə xüsusi xidmətlər göstərmişlər.
MTN Yasamal rayon şöbəsinin rəisi polkovnik Mütəllim Usubov məruzəsində bildirmişdir ki, 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması ilə təməli qoyulan təhlükəsizlik orqanları şərəfli inkişaf yolu keçmiş, dövlət müstəqilliyinə, ərazi bütövlüyünə yönəldilmiş terror və təxribat cəhdlərinin qarşısını qətiyyətlə almış, bu gün dinamik inkişaf edən müstəqil respublikamızın mühüm dövlət strukturuna çevrilmişdir. Keçmiş sovet hakimiyyəti illərinin ilk dövründə cəza maşını funksiyasını yerinə yetirən Dövlət Təhlükəsizliyi Komitəsində (DTK) milli ruhlu, Vətən qeyrətli oğulların da çalışdığını diqqətə çatdıran M.Usubov, Ümummilli Liderimiz Heydər Əliyevin şərəfli və zəngin ömür yolunun parlaq səhifələrindən birinin də məhz onun dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyətini təşkil etdiyini vurğulamışdır. Dahi rəhbərimizin burada leytenant rütbəsindən general-mayor rütbəsinədək, əməliyyat müvəkkilindən DTK sədri vəzifəsinədək uzun yol keçdiyi, komitəyə rəhbərliyi dövründə həmin xidmət orqanlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu, milli dövlətçiliyi və ləyaqəti mühafizə edən bir struktura çevrildiyi qeyd edilmişdir.
Natiq bildirmişdir ki, Ulu öndər təhlükəsizlik orqanlarında xidmət etdiyi illər ərzində yüksək peşəkarlığı, peşəsinə vurğunluğu, geniş siyasi dünyagörüşü, qibtə ediləcək cəsarəti, qətiyyəti, son dərəcə sadəliyi, məftunedici ünsiyyət tərzi, ekstremal şəraitlərə təmkinlə yanaşması və onları böyük istedadla dəf etmək bacarığı, fitri yaddaşı, cazibədar natiqliyi ilə bütün rəhbər və sıravi əməliyyat heyətinin böyük rəğbətini qazanmışdır.
Qeyd edilmişdir ki, Ulu öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövründə, bütün respublikada olduğu kimi, təhlükəsizlik orqanlarında da yüksəliş dövrü olmuşdur. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıdan Ümummilli Liderimiz qısa müddətdə bu qurumun müstəqil dövlətimizin qorunmasında mühüm rol oynayan struktura çevrilməsinə öz töhfələrini vermişdir.Natiq MTN tərəfindən ötən üç ildə həyata keçirilən və ictimai rezonans doğuran bəzi əməliyyat tədbirləri haqqında da iştirakçılara məlumat vermişdir.
Milli Təhlükəsizlik Nazirliyi Baş İdarəsinin rəisi polkovnik İsmayıl Bağırov MTN-in həyatında ən məhsuldar dövrün Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Nazirliyin işinin yenidən qurulmasına göstərdiyi qayğı və diqqətlə bilavasitə bağlı olduğunu vurğulamışdır.
Natiq dövlətimizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə Nazirliyin onlarca əməkdaşının igidliklə vuruşduğunu, onlardan 6 nəfərinin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü, son vaxtlar beynəlxalq terror təşkilatları ilə əlaqəli bir neçə cinayətkar dəstənin zərərsizləşdirildiyini, bir sıra terror-təxribat cəhdlərinin qarşısının alındığını diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, bu peşə bayramı Ümummilli Liderimizin Fərmanı ilə artıq 10-cu ildir ki qeyd olunur. Vurğulanmışdır ki, Ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı ilə təhlükəsizlik orqanları fəaliyyətlərində keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşlar.
Görüşdə çıxış edən YAP rayon təşkilatının sədri Fikrət İsmayılov, rayon prokuroru Həsrət Pirməmmədov, xüsusi xidmət orqanlarının veteranı Bəxtiyar Süleymanlı, rayon ziyalılar cəmiyyətinin sədri Rasim Nağıyev nazirliyin əməkdaşlarını MTN-nin 88 illiyi və Novruz Bayramı münasibətilə təbrik edərək şərəfli işlərində nailiyyətlər arzulamışlar.Sonda xüsusi xidmət orqanlarının tədbirdə iştirak edən veteranlarına nazirliyin pul mükafatları təqdim olunmuşdur.
|